20 Fevral 2019 22:22
1 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

O gün biri məni divara dirəyib ki, sən bu ölkəyə “gəlməsən”. Mənim isə dədə-babam Nuh peyğəmbərdən də öncə burada yaşayıb. Yəni, mən icazə versəm, sən bu ölkədə yaşaya bilərsən. Verməsəm, cəhənnəm olub getməlisən. Adam əmindir ki, onun haqqı və hüququ mənimkindən çoxdur. O, əla növ insandır, mən isə ikinci dərəcəli birisi...

Hə, onu deyirdim axı. 15 ildən çoxdur ki, İsveçrədə yaşayıram. Ancaq iki ayağını bir başmağa dirəyib mənə “gəlmə” deyən isveçrəli deyildi. Mənə utanıb-qızarmadan belə sərsəm şeylər söyləyən azərbaycanlıdır. Adam Feysbuk üzərindən bu kimi ittihamları sağa-sola səpələyir. Sitata diqqət edin: “Hərçənd ki, indi siz də ölkədən (Azərbaycandan) , mənim kimi, kənardasınız və ölkədə olsaydınız belə, Azərbaycana başqa bir ölkədən gəlmə sayılmalıydınız....”

Ələkrəm Hümbətov hesab edir ki, Elbəyi Həsənli Azərbaycanda “gəlmə” statusuna malikdir. İsveçrəli, özü də xaçpərəst, mənə belə şey demir. Çünki Qərbdə belə cəfəngiyat söyləyəndə polisə zəng vururlar. Qarşı tərəfə rəsmi ittiham irəli sürülür. Azərbaycanlı, özü də müsəlman, mənə belə deyir. Fikir verin, bu adam 20 ildir ki, Avropada yaşayır lakin heç dəyişməyib: bu kimi primitiv düşüncələrə sahibdir.

Ona görə də belə birisinin Qərbin qeyri-demokratik ölkə saydığı İrana məktub yazması mənə qətiyyən təəccüblü gəlmir. “Aran Agentliyi” cənab Ələkrəm Hümbətovun 2009-cu ildə İran dövləti və xalqına yazdığı məktubunu yayınlayıb. Həmin məktubun linkin aşağıda verirəm. Maraqlananlar, açıb oxuya bilər.

http://arannews.com/?MID=21&Type=News&TypeID=17&id=15757

Oradan bir sitat: “200 ilə yaxındır talışlar öz ana yurdundan- İrandan ayrılıb. Bu müddətdə talışlar müxtəlif faşist siyasətlərə məruz qalıblar, xüsusi ilə son 17 ildə talış xalqı təcrid olmaq üzrədir. Azərbaycanın indiki hakimiyyəti pantürkist siyasəti yürütməklə, talışları assimilyasiya edir. Hakimiyyət talışların mədəniyyətini, tarixini başqa xalqa aid etməklə onların adını tarixdən silmək istəyir”...

Ağzını açanda demokratiyadan, insan haqlarından... danışır. Amma İrandan nicat umur. Azərbaycanın İrana birləşdirilməsini vacib sayır. Ermənistana səfərə çıxır, talışlarla erməniləri dost və qardaş xalq kimi təbliğ edir. Türklərin haqqında təhqiramiz ifadələr işlədir...

Mənim düşüncəmə görə, Azərbaycan bütün əyər-əskiyi ilə İrandan dəfələrlə azad ölkədir. Bir faktı deyim, İranda bütün sosial şəbəkələr bağlıdır. Demokratiyadan dəm vuran adam Azərbaycanı nədən xurafatın içində can verən İrana calamaq istəsin ki?..

Hələ siz Ələkrəm Hümbətovun yazdığı statusa diqqət edin: “Özünü Azərbaycanın birbaşa sahibi, ağası sayan Türk gəncləri artıb?! Azərbaycana sahibliyə həqiqi haqqa kim malikdir?...”

Əlbəttə ki, talışlar. Türklər isə Elbəyi Həsənli kimi “gəlmədir”. Ələkrəm Hümbətov istəsə qədim xalqın nümayəndəsi kimi türk olan bəndənizi Azərbaycandan qova da bilər.

Bu ağılda, bu dərrakədə olan birisinə cavab olaraq yazdım: “ Hörmətli, Ələkrəm bəy! Talış gəncləri Azərbaycanın sahibi deyilmi? Digər etnik qrupun nümayəndələri də həmçinin. Azərbaycanın hər bir vətəndaşı etnik və dini kimliyindən asılı olmayaraq bu ölkənin sahibidir. Mən türk olaraq bunu deyirəm. Mənim talış qohumlarım da var. Fəxr ediləsi gözəl insanlardır. Mənim kimi onlar da özlərini Azərbaycanın ağası sayır. Və düz də edirlər...
Bir amerikalının fikrini sizinlə bölüşürəm. Deyir ki, biz dünyanın ən qüdrətli ölkəsi olaraq yalnız Allahın nəzarəti altındayıq. Əgər biz birliyimizi itirsək, bizi tikə-parça edən düşmənlərin nəzarəti altına düşəcəyik. O boyda Amerikada bunu başa düşürlər, balaca Azərbaycanda bunu anlamaq o qədərmi çətindir...”

Aramızda uzun sürən yazışma başladı. Məlum oldu ki, Ələkrəm bəyin xətrinə dəymişəm. Çünki bugünlərdə yazdığım “Əli Kərimliyə sualım var...” yazısı Ələkrəm Hümbətovun ürəyincə olmayıb. Həmin yazıda qeyd etmişdim ki, AXCP-Milli Şura Müsəlman Birliyi Hərəkatı ilə-xarici mərkəzlərə bağlı siyasi islamçılarla həmrəydir. Bu azmış kimi, indi də separatçıların yaratmaq istədiyi partiyaya dəstək verir. Suallarımla bağlı Əli Kərimli hələ də susur...

Həmin yazıda belə bir yer var: “Xalqların Demokratik Partiyası... Bu ad sizə tanış gəlmirmi? Elədir, Türkiyədə Halkların Demokratik Partisi (HDP) var. Lideri də hazırda Türkiyəni bölməkdə suçlanaraq, həbsə atılan Səlahəddin Dəmirtaşdır...

Sirr deyil ki, HDP Türkiyəni parçalamaq istəyən kürdlərin partiyasıdır. Azərbaycanda yaradılmasına cəhd göstərilən Xalqların Demokratik Partiyasının (XDP) da separatçılıqla məşğul olacağı bəri başdan gün kimi aydındır”...

Ələkrəm Hümbətov “Facebook” üzərindən mənə belə yazır: “Hörmətli Elbəyi əğə, səmimi olmanızı istərdim! Bəs şəxsən siz, Azərbaycanda talışların siyasi fəallarının partiya yaradaraq birləşmələrinə, niyə qısqanclıqla yanaşdınız?”

Özü də fərqinə varmadan etiraf edir ki, Xalqların Demokratik Partiyası əslində talış separatçılarının partiyasıdır.

Bəli, mən belə bir partiyanın yaranmasının əleyhinəyəm. Niyə? Çünki eyni məntiqə söykənərək Azərbaycanda yaşayan digər xalqlar da öz partiyasını yaratmalıdır. Məsələn, avar, kürd, dağlı, ləzgi... partiyası niyə olmasın ki? Azərbaycanı etnik baxımdan beləcə böldük. Sonra keçirik dini müstəviyə. Biri deyəcək ki, şiə partiyası yaradıram, o biri deyəcək ki, sünni partiyasını da mən ortaya qoyuram. Sələfi orda bir şey icad edəcək, deyəcək ki, nədən bizim partiya olmasın, xristianlar o tərəfdən, musəvilər bu yandan...

Zatən, Azərbaycanın düşmənlərinin ən böyük arzusu bu deyilmi? Etnik və dini müstəvidə param-parça olmuş bir ölkə düşmənin qarşısında dayana bilərmi? Düşmən bir tərəfə. Belə bir ölkədə insanlar özləri-özlərini məhv etməzmi? Liviyada, Suriyada, İraqda baş verənlərdən heçmi nəticə çıxarmadıq?
Adama yazıram ki, bizim hədəfimiz Qərb dəyərlərini Azərbaycana daşımaqdır. Talış da, türk də, elə digərləri də ədalətli bir dövlətdə yaşamaq istəyir.

Mən problemin həllini bunda görürəm. Separatizm Azərbaycana, o cümlədən talışlara da ancaq və ancaq fəlakət gətirə bilər....

Bu yaşda olan birisi Azərbaycanda yaşayan xalqları birliyə, tərəqqiyə səsləmək əvəzinə, düşmənçiliyə, tənəzzülə çağırır. Ağsaqqal adam ədavəti aradan qaldırar, o isə xalqlar arasında düşmənçilik toxumu səpməklə məşğuldur. Guya bu erməni və farslar kimi bizə “gəlmə” deməklə talış xalqını xoşbəxt edəcək.

Ən pisi odur ki, belə bir siyasi tutumu olan şəxs özünü talış xalqının prezidenti sayır. Çox təəssüf edirəm.


Müəllif: Mənbə/Axar.az

Oxşar xəbərlər