27 Mart 2019 08:59
483
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika Birləşmiş Ştatlarında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov BMT Baş Katibinin müavini - BMT-də Sülhməramlı Əməliyyatlar Departamentinin rəhbəri Jan Pyer Lakrua ilə görüşüb.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, J.P.Lakrua Azərbaycanın indiyədək sülhməramlı əməliyyatlarda, xüsusilə Əfqanıstanda həyata keçirilən missiyada fəaliyyətlərini və beynəlxalq təhlükəsizliyə dəstəyin davamı olaraq Cənubi Sudan Respublikasında Azərbaycan hərbçilərinin iştirakını yüksək qiymətləndirib.

General-polkovnik Z.Həsənov BMT-nin Sülhməramlı Əməliyyatlarına töhfə verən dövlətlərin Müdafiə nazirləri səviyyəsində keçiriləcək görüşdə iştirak etməkdən məmnunluq hissi keçirdiyini vurğulayıb.

Regiondakı hərbi-siyasi vəziyyətə toxunan Müdafiə naziri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verərək Ermənistanın BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə məhəl qoymamasını BMT Baş Katibi müavininin diqqətinə çatdırıb.

Müdafiə naziri bildirib ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiqdir, lakin, eyni zamanda, ölkəmiz BMT-nin xartiyasına uyğun olaraq, öz torpaqlarını istənilən vasitə ilə azad etmək hüququnu özündə saxlayır.

Görüşdə tərəflər ölkəmizin BMT-nin sülhməramlı əməliyyatlarda iştirakının perspektivləri barədə də geniş fikir mübadiləsi aparıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər