9 Sentyabr 2014 15:39
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

Arif Rəhimzadə: “Komitə 557 vətəndaşın şikayətinə baxıb”

“Milli Məclisin Regional məsələlər komitəsi hesabat dövründə 5 iclas keçirib və 13 məsələ müzakirə edib ki, onlardan 10-u qanun layihəsidir”.

Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə komitənin yaz sessiyasında gördüyü işlərin hesabatını təqdim edərkən bildirib. Onun sözlərinə görə, hesabat dövründə bələdiyyə üzvləri və qulluqçuları üçün 22 kurs keçirilib və həmin kurslara əvvəlki illə müqayisədə 2 dəfə çox dinləyici cəlb edilib: “İl ərzində respublika üzrə bələdiyyə üzvləri və qulluqçuları üçün 73 seminar keçirilib”.

Komitə sədri əlavə edib ki, hesabat dövründə “Azərbaycanda bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” qanun layihəsi müzakirə olunub: “Qanun layihəsinə əsasən ümumilikdə respublikanın 21 rayonu üzrə 204 bələdiyyənin birləşməsi nəticəsində 94 bələdiyyənin yaradılması və 110 bələdiyyənin ləğv edilməsi nəzərdə tutulub. Qanun qüvvəyə mindikdən sonra ölkədə bələdiyyələrin sayı 1717-dən 1607-yə enəcək”.

Arif Rəhimzadə deyib ki, hesabat dövründə komitənin üzvləri AŞPA-nın, ATƏT PA-nın, MDB PA-nın, TürkPA-nın sessiyalarında və digər beynəlxalq tədbirlərdə iştirak ediblər: “Komitənin üzvləri iştirak etdikləri görüşlərdə Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması sahəsində xeyli iş görüblər. Eyni zamanda hesabat dövründə komitənin ünvanına daxil olan 197 məktub, təklif, ərizə və şikayətlərə baxılıb, onlardan 99-u araşdırılması üçün aidiyyəti təşkilatlara göndərilib. Komitənin üzvləri tərəfindən 557 vətəndaş qəbul edilib”.

Komitənin 2014-cü il payız sessiyası üçün iş planının layihəsi haqqında danışan Arif Rəhimzadə deyib ki, 2015-ci ilin yanvar ayından etibarən yerli ödənişlər nağdsız şəkildə aparılacaq və bu da bələdiyyələrin ümumi işinə kömək olacaq:

“Eyni zamanda atılan bu addım şəffaflığın təmin edilməsi üçün mühüm vasitədir. Payız sessiyasında komitə 3 qanun layihəsinin hazırlanması və müzakirəsini nəzərdə tutur. Belə ki, bu sessiyada komitə “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavə edilmiş “Azərbaycanda bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə” qanun layihəsi, İnzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında qanun layihəsi və Qanunlara dəyişikliklər və əlavələr edilməsi haqqında qanun layihələri müzakirə olunacaq”.

Cavidan


Müəllif: