Bu gün AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızı Selcan Yağmur atası barədə sensasiyalı məqalə ilə çıxış edib. Qızı F.Qəhrəmanlının xanımı və övladlarına qarşı illərlə zor tətbiq etdiyini iddia edib, atasından imtina etdiyini yazıb. Sözügedən bəyanatdan sonra Fuad Qəhrəmanlı feysbukda status yazaraq qızının profilinin oğurlandığını bəyan edib. Amma onun xanımı, yazıçı Zümrüd Yağmur bildirib ki, qızının arxasındadır və yaxın günlərdə bu barədə açıqlaması olacaq.
Hüquq müdafiəçisi Səadət Bənəniyarlı Teleqraf.com-a açıqlamasında bildirib ki, bu mövzu haqqında ilkin informasiya əldə edilib, ancaq məsələnin dəqiqləşdirilməsinə ehtiyac var:
“Mənə elə gəlir ki, araşdırma və dəqiqlik olmalıdır. Düzdür, Zümrüd xanım qızının arxasında durduğunu elan edib. Hər halda Zülmrüd xanımla əlaqə saxlamaq və problemi dəqiqliklə bilmək daha münasibdir”.
Hüquq müdafiəçisi əlavə edib ki, belə bir hadisə varsa, hüquq müdafiəçiləri Selcan Yağmurun müdafiəsinə qalxacaq: “Zamanında atası həbsdə olduğu zaman biz onu müdafiə etmişik. Ailə daxilində belə şiddətə məruz qalma da yolverilməzdir. Şiddət birmənalı pislənməlidir. Biz onları müdafiə etməyə hazırıq. Əgər ailə üzvləri bizə müraciət etsə, daha yaxşı olardı. Çünki problemi daha müfəssəl bilər və buna uyğun hərəkət edərik. Bütün hallarda biz məsələ ilə maraqlanacağıq”.