11 Fevral 2020 21:15
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Siz uzun illərdir ki, xalqımızı öz sənətinizlə sevindirirsiniz. Həm gözəl ifaçı, xanəndə, həm gözəl bəstəkar kimi Azərbaycan musiqi mədəniyyətinin xəzinəsinə böyük töhfələr vermisiniz. Siz 100-dən artıq mahnının müəllifisiniz və sizin ifanızda səslənən xalq mahnılarımız, muğamlarımız insanlara xüsusi zövq verir. Xalq sizi ürəkdən sevir, siz həm gözəl sənətkar, həm də gözəl insansınız. Siz Azərbaycan ziyalısını təcəssüm etdirirsiniz. İnsan kimi də sizin çox yüksək keyfiyyətləriniz var. Çox xeyirxah, ədalətli və eyni zamanda həmişə öz biliklərinizi, öz sənətinizi gənc nəsillə bölüşməyə hazır olmusunuz. Sizin bu sahədə müstəsna xidmətləriniz yüksək qiymətləndirilir. Çünki bizim bir çox görkəmli muğam ifaçılarımız sizin məktəbinizin, belə demək mümkündürsə, məzunlarıdır".

Teleqraf.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Xalq artisti Əlibaba Məmmədova “Şərəf” ordenini təqdim edərkən deyib.

"Muğam bizim milli sərvətimizdir. Siz bizim milli sərvətimizin qorunmasında xüsusi rol oynamısınız. Xüsusilə qeyd etməliyəm ki, müntəzəm olaraq keçirilən muğam müsabiqələri televiziya vasitəsilə milyonlarla insanı əhatə edir. Bu müsabiqələrə baxarkən bizim insanlarımız, hətta musiqidən uzaq olan insanlar muğamın əsl mahiyyətini, incəliklərini öyrənirlər. Gənc ifaçıların çıxışları, xüsusilə münsiflər heyətinin təhlilləri böyük maraq doğurur. Çünki muğamın əsl mahiyyəti, bütün incəlikləri münsiflər heyətinin açıqlamalarında özünü büruzə verir. Siz gənc ifaçılara böyük mərhəmətlə yanaşırsınız, bəzi hallarda görürəm, onları ruhlandırırsınız ki, ruhdan düşməsinlər. Eyni zamanda onların səhvlərini qeyd edirsiniz və yol göstərirsiniz. Hesab edirəm ki, əsl sənətkarın xalq qarşısında xidmətləri bundan ibarətdir. Siz o insanlardansınız ki, təkcə öz sənətinizə qapılmamısınız, onu bölüşmək istəyirsiniz. İstəyirsiniz ki, muğam yaşasın, gənclər bu sənətə yiyələnsinlər", - dövlət başçısı qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər