“Ermənilər əleyhinə çıxışa hətta ermənilər etiraz etmədi, amma Xədicə etdi”.
Publika.az xəbər verir ki, bu barədə sentyabrın 23-də Varşavadakı toplantıda iştirak edən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov jurnalist Xədicə İsmayılın etdiyi hərəkətini şərh edərkən deyib.
S. Məmmədov bildirib ki, ATƏT tədbirində ermənilər özlərindəki vəziyyətlə bağlı heç nə danışmadılar: “Bütün çıxışlarını Azərbaycana həsr etdilər. Əkrəm Əylislini və daha bir neçə nəfəri təriflədilər. Avropada fəaliyyət göstərən adında “Artsax” sözü olan təşkilatın nümayəndəsi “DQR” də insan hüquqlarının, demokratiyanın inkişaf etməsi, Azərbaycanda isə diktaturanın tüğyan etməsi haqda çıxış edəndə Xədicə məmnun-məmnun gülürdü. Əhməd Şahidov əks çıxış edəndə isə məlum aksiyanı keçirdi. Deyilənlərə görə, Xədicə yazıb ki, aksiyada iştirak edənlərin içərisində erməni yox idi. Yox idisə, lap pis. Ermənilər əleyhinə çıxışa hətta ermənilər etiraz etmədi, amma Xədicə etdi. Burası bəllidir. Xədicəni yaxşı tanıyırıq. Bu hərəkətinə görə də cinayət məsuliyyəti yoxdur. Amma Xədicəsevərlər, onu namus və şərəf simvolu sayanlar kimdir? Onları nə adlandıraq?”
Daha sonra hüquqşünas qeyd edib ki, Ermənistanda prezident olacaq şəxsləri parlamentdə güllələyiblər: “Ermənistanda və Gürcüstanda siyası məhbuslar kifayət qədərdir. Mən dəfələrlə beynəlxalq tədbirlərdə olmuşam. Hökumətləri ən sərt tənqid edənləri də görmüşük, özümüz də tənqid etmişik. Burda nə baş verir? Missiyası dialoq və əməkdaşlıq olan ATƏT 3 gündür hakimiyyətlə VC nümayəndələrinin davasını təşkil edib oturub paneldən baxırlar. Bu nəyə xidmət edir? Bununla dövlətlərə təsir etmək mümkündürmü? Xədicə bütün tədbirlərdə, o cümlədən, Azərbaycana aidiyyəti olmayan tədbirlərdə də çıxışlar edir və hakimiyyəti tənqid edir. Ermənilər çıxış edəndə məmnun təbəssüm və ermənilər əleyhinə çıxışda arxasını çevirmək. Hakimiyyətlə dövlətin fərqini əla bilirsiniz. Söhbət dövlətdən gedirdi”.
Qeyd edək ki, sentyabrın 23-də Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in zirvə toplantısında fundamental azadlıqlar mövzusu müzakirə olunub.
Tədbirdə çıxış edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Cənubi Qafqaz ölkələrində sərbəst toplaşmaq azadlığı barədə çıxışa başlayanda jurnalist Xədicə İsmayıl 10-a yaxın dostuna işarə edib və onlar Əhməd Şahidovun arxasında düzülərək, dal çevirməklə bir növ çıxışa etiraz ediblər.
Bütün zalın gözləri qarşısında baş verən bu hadisədən özünü itirməyən Əhməd Şahidov çıxışını davam etdirib və Ermənistan hakimiyyətini ifşa edib.