Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Artsrun Ovannisyan (sabiq mətbuat katibi) ölən erməni əsgərləri arasında müddətli həqiqi hərbi xidmətdə olan iki hərbçinin olması barədə ittihamlara cavab verib.
Teleqraf.com xəbər verir ki, Ovannisyan onların ön cəbhədə deyil, daha arxadakı hissəyə endirilən zərbə nəticəsində öldüyünü bildirib.
“Elan etdiyimiz kimi, ön cəbhədə müddətli həqiqi hərbi xidmətdə olan əsgər yoxdur. Onlar arxa hissədə xidmətdə ikən endirilən zərbə nəticəsində ölüblər”, - o deyib.
A.Ovannisyan hazırda sərhəddə hərbi əməliyyatın davam etdiyini, ona görə də təkcə ön cəbhədəkilərin deyil, bütün bölmələrin hərbi vəziyyətdə olduğunu bildirib.
Qeyd edək ki, bundan öncə Ermənistan MN ön cəbhədə yeni çağırışçıların olmadığını bildirmişdi. Ölənlər arasında müddətli hərbi xidmətdə olan iki şəxsin olması isə MN-in yalan məlumat yaydığı haqda ictimaiyyətdə rəy yaradıb.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi cəza əməliyyatının davam etdiyini, ermənilərin cəbhə xəttinin dərinliklərində yerləşən atəş nöqtələrinə də zərbələr endirildiyini, düşmənin 100-dən artıq itkisinin olduğunu açıqlayıb.
Buna baxmayaraq, ermənilər yalnız bu gün 6 əsgərlərinin öldüyünü etiraf ediblər. Digər itkiləri isə hələ də gizlədirlər.