Nəticəni əldə etmək üçün müxtəlif istiqamətlərdə hərəkət etməli və uğurlar qazanmalıyıq.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün keçirilən brifinqdə deyib.
"İlk şərt ondan ibarət idi ki, Ermənistan tərəfi humanitar atəşkəsə məcbur edilsin və bu zaman dərhal baza prinsipləri əsasında öhdəlikləri üzərinə götürdü. Bu prinsipləri Ermənistan tərəfi rədd etmişdi və danışıqlar prosesindən çıxmışdı. Son günlər ərzində döyüş meydanında olan uğurlarımız ona imkan verdi ki, Ermənistan məcbur edilsin və onlar bunu qəbul etdi.
Ermənistan məşhur şərtlər irəli sürürdü. Azərbaycan üçün ən qəbul edilməz şərt isə qondarma "Dağlıq Qarabağ Respublikası" ilə danışıqların aparılması idi. Lakin aparılan danışıqlar zamanı qəbul edildi ki, yalnız Ermənistan və Azərbaycan arasında danışıq gedə bilər və buraya üçüncü tərəf daxil edilə bilməz", - nazir bildirib.
Onun sözlərinə görə, Ermənistanın dünyada döymədiyi qapı qalmayıb: "Bu sənəd daxilində onların iddiası o idi ki, əlavə şərtlər qoyuruq. Danışıqlar prosesi zamanı Ermənistan tərəfinin nəzərinə çatdırıldı ki, onların beynəlxalq hüquqdan danışmaq haqqı itib. 1 milyondan artıq insan məcburi köçkün edilib və indi beynəlxalq hüquq normaları barədə iddialar irəli sürülür. Humanitar atəşkəs üçün parametrlərin tərəflər arasında razılaşdırılması prinsipi irəli sürülüb və bu, Ermənistanı narahat edir".
Nazir qeyd edib ki, sənəddə əks olunan baza prinsiplərinin tərkib hissəsi mərhələlərlə işğalçı qüvvələrin torpaqlardan çıxarılması öz əksini tapıb: "Baza prinsipləri kifayət qədər yığcam sənəddə əksini tapıb. Müxtəlif sahələrdə Ermənistan ağır zərbələr alır. XİN olaraq çalışırıq ki, Ermənistan diplomatik sahədə davamlı olaraq bu zərbələri alsın. "Qoşulmama hərəkatında" da Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi tanındı".