Avropa İttifaqı (Aİ) Ermənistanın Gəncəyə raket zərbələri endirməsini pisləyib.
Teleqraf.com xəbər verir ki, bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsinin sözçüsü, Aİ-nin Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibi Peter Stano bəyanat yayıb.
Bəyanatda vurğulanır: "Avropa İttifaqı oktyabrın 16-dan 17-nə keçən gecə Azərbaycanın Gəncə şəhərinə endirilən zərbələr nəticəsində mülki insan tələfatı və insanların ağır yaralanmasından təəssüf hissi keçirir. Tərəflər mülki insanları və mülki obyektləri hədəf almağı dayandırılmalıdır. Oktyabrın 10-da razılaşdırılan atəşkəsə təxirə salınmadan tam riayət edilməlidir".
Qeyd edək ki, Ermənistanın humanitar atəşkəs rejimini kobudcasına pozaraq döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə endirdiyi raket zərbələri nəticəsində dağıntılar altından 13 nəfərin cəsədi çıxarılıb, 52 nəfər xəsarət alıb. Həlak olanlardan üçü uşaqdır.