23 Oktyabr 2020 20:56
1 324
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri 30 ilə yaxındır ki, işğal altında qalmaqda idi. Münaqişənin tənzimlənməsi istiqamətində BMT Təhlükəsizlik Şurası tərəfindən mandat verilərək yaradılmış ATƏT-in Minsk Qrupu bu illər ərzində heç bir müsbət nəticə əldə edə bilmədi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi qəbul olunub və bu qətnamələrdə işğalçının hərbi birləşmələrinin qeyd-şərtsiz şəkildə Azərbaycan ərazilərindən çıxarılması tələb olunur. Bu illər ərzində həmsədrlər bölgəyə səfərlər edir, vəziyyətlə tanış olur, danışıqlar masası üzərinə müəyyən məsələlər çıxarır və həmin məsələlərin müzakirəsi ilə hansısa nəticə əldə etmək istəyirdilər.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.

O qeyd edib ki, hər dəfə müsbət bir məqam yarananda işğalçı tərəf müxtəlif bəhanələrlə danışıqlardan yayınırdı, amma həmsədrlər uzun illər işğalın davam etməsinə baxmayaraq heç bir təzyiq vasitəsindən istifadə etmirdilər. Onun sözlərinə görə, məhz bu cür cəzasızlıq mühitində Ermənistanın hərbi-siyasi rəhbərliyi son vaxtlar daha da azğınlaşmağa və danışıq ritorikasını dəyişməyə başladı:

“Məhz bu ritorikanı dəyişməklə, bir sıra əməllərə yol verməklə Azərbaycan xalqının hislərini təhqir etməyə başladılar. Azərbaycan xalqı ötən 30 il ərzində gözləyirdi ki, münaqişə beynəlxalq hüquq normaları çərçivəsində həll olunsun. Məsuliyyətli və sülhpərvər ölkə kimi səbrlə məsələnin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllini gözləyirdi. Çox təəssüf ki, beynəlxalq hüquq Azərbaycana çatanda dişsiz oldu. Uzun illər ərzində həmsədr ölkələr özləri bəyan etmişdilər ki, status-kvo dəyişilməlidir. Onu da dəyişdirə bilmədilər. Bu gün isə Azərbaycan Ordusu döyüş meydanında status-kvonu dəyişdi. Eyni zamanda beynəlxalq hüquq normaları çərçivəsində müəyyən mandatı olan təşkilatların təmin edə bilmədiyi hüquq normalarını bərpa edir. Artıq torpaqlarımızın müəyyən bir qismi işğaldan azad olunub. Digər istiqamətlərdə də döyüş əməliyyatları uğurla davam etdirilməkdədir”.

Azər Badamov qeyd edib ki, döyüş meydanında uğursuzluğa düçar olmuş işğalçı tərəf addım-addım geri çəkilir, ordumuz isə addım-addım qələbəyə doğru irəliləyir:

“Belə bir məqamda həmsədrlər yenidən münaqişənin müzakirələrlə həll edilməsi ilə bağlı təşəbbüs göstərmək və tərəflərlə danışıqlar aparmaq fikrindədirlər. Təbii ki, status-kvo dəyişildiyi üçün danışıqlar masasında bir-iki il bundan əvvəlki məsələlər olmamalıdır. Azərbaycan artıq qalib tərəfdir. Danışıqlar masasında olacaq məsələlər ancaq və ancaq Azərbaycan ərazisinin işğalçılardan təmizlənməsi ilə bağlı olmaldır. Yəni işğalçı tərəf müəyən qrafik verməlidir ki, mərhələli şəkildə hərbi birləşmələrini ərazilərimizdən çıxaracaq. Belə olan təqdirdə Azərbaycan müharibəni dayandıra və danışıqlar masasına qayıda bilər”.

Deputat vasitəçi ölkələrin hansısa tərəfi dəstəkləmək mövqeyindən çıxış etməsinin qəbuledilməz olduğunu vurğulayıb:

“Həmsədr mandatı verilmiş ölkələr neytral mövqedə dayanmalı və onlar beynəlxalq hüququn təmin olunmasına çalışmalıdırlar. Bu gün ABŞ və Rusiya rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə dəstəkləyir və açıqlamalarında qeyd edirlər ki, Azərbaycan torpaqları əbədi olaraq işğal altında qala bilməz. Bu, bir daha göstərir ki, Azərbaycan dünya səviyyəsində, dünya siyasətində də qalib gəlib. Ölkəmiz bu illər ərzində beynəlxalq hüquqa hörmətlə yanaşıb və ermənilərin bizə qarşı törətdiklərini bütün dünyaya çatdıra bilib. Bu gün Azərbaycan öz haqq işini uğurla davam etdirir. Danışıqlar masasında yalnız bir məsələ ola bilər ki, o da işğalçının Azərbaycan ərazisindən çıxarılmasıdır”.

Azər Badamov bildirib ki, ölkə başçımız bütün bu məsələləri Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində çox açıq şəkildə bir daha çatdırıb:

“Dövlət başçısı həm bu, həm də digər məsələlər ətrafında fikirlərini geniş surətdə ifadə etdi. “Nikkei” qəzeti dünyada oxunan qəzetdir. Düşünürəm ki, bu qəzetin oxucuları bir daha ölkəmizin mövqeyi ilə yaxından tanış ola biləcəklər”.

Qeyd edək ki, Prezident İlham Əliyev oktyabrın 21-də Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib. Dövlət başçısı bildirib ki, ATƏT-in Minsk Qrupu 30 il ərzində heç bir nəticə əldə edə bilmirsə, bu, özü hər şeyi göstərir. Prezident qeyd edib ki, həmçinin Minsk Qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir:

“Bu ölkələrin iştirakı və bu ölkələrin səsverməsi ilə BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Bu qətnamələrə niyə əməl edilmədiyi sual olunur. Çünki Minsk Qrupunun həmsədrləri və daimi üzvlər eyni ölkələrdir. Beləliklə, bu, açıq sualdır”.

Dövlət başçısı Minsk Qrupunun üç həmsədrinin eyni hüquqları və eyni mandatı olduğunu xatırladıb, başqa sözlə onların hamısının bərabər olduğunu söyləyib. Əlavə edib ki, əgər hər hansı bir ölkə vasitəçi rolunu üzərinə götürürsə, bu ölkə neytral olmalıdır. “Əgər o, neytral deyilsə, vasitəçi ola bilməz”, – deyən dövlət başçısı Minsk Qrupunun həmsədrlərinin zorakılığı dayandırmaq və 28 il ərzində yerinə yetirilməyən mandatı yerinə yetirmək üçün xüsusilə indi, Ermənistanın döyüş meydanında demək olar ki, məğlub olduğu bir vaxtda öz rollarını oynayacaqlarını düşündüyünü vurğulayıb.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər