"Həbsxana həyatı yaşadığım dövrdə səhvlərim haqqında düşünməyə vaxtım oldu. Düşündüm, qərar verdim və Prezident İlham Əliyevə müraciət etdim".
Teleqraf.com-un məlumatına görə, bunu əfv olunan NİDA vətəndaş hərəkatının keçmiş üzvü Bəxtiyar Quliyev jurnalistlərə açıqlamasında deyib.
B.Quliyev bildirib ki, bundan sonra səhv etməməyə çalışacaq: "Əvəllər səhvlər etmişdim. Mən sakit və sabit ölkədə yaşayıram, ona görə də artıq hərəkətlərə ehtiyac yoxdur. Mənim üçün sevindirici gündür. Qarşıdakı müddətdə də cəza çəkə bilərdim. Prezidentimizin qayğısı nəticəsində bu gün azadlığa qovuşdum. Bu, Prezident İlham Əliyevin gənclərə göstərdiyi qayğının nəticəsidir".
Qeyd edək ki, bu gün Bakı İstintaq Təcridxanasında əfv sərəncamına düşən 5 nəfər azad olunub. Onlardan ikisi NİDA vətəndaş hərəkatının keçmiş üzvləridir.
Qeyd edək ki, əfv olunan keçmiş NİDA-çılar ilk növbədə Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.