26 Noyabr 2020 11:41
1 081
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəlin açıq danışaq. Fransanın qondarma rejimin müstəqilliyini birtərəfli şəkildə tanıması bu gün heç kimin – nə Ermənistanın, nə Dağlıq Qarabağda yaşayan əhalinin, nə Fransanın, nə ATƏT-in Minsk Qrupunun digər həmsədrlərin, nə də bu məsələdə bizi dəstəkləməyəcək avropalıların xeyrinə olmayacaq. Bu, hökumətin siyasəti deyil, Ermənistanın siyasəti deyil, tərəfdaşlarımızın siyasəti deyil.

Teleqraf.com xəbər verir ki, bunu noyabrın 25-də Fransa Senatında keçirilən müzakirələr zamanı ölkənin Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuan bildirib.

O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli birtərəfli jestdən, fransızlardan deyil, tərəflər arasındakı dialoqdan gələcək:

“Bu gün tərəflər bu dialoqu davam etdirmək üçün həmsədrlərin dəstəyinə həmişəkindən daha çox ehtiyac duyurlar. Birtərəfli tanınmaya başlamaq heç bir maraq kəsb etmir”.

Qeyd edək ki, Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuanın bu fikirləri Fransanın Azərbaycandakı səfirliyinin rəsmi internet saytında yerləşdirilib. Bu o deməkdir ki, Fransanın dövlət və hakimiyyət orqanları, o cümlədən Fransa dövlətinin Azərbaycandakı səfirliyi Senatın bu qərarını bölüşmür.


Müəllif: Səxavət Həmid