“COVID-19 epidemiyası başlayanda dünya ilk 1 milyon yoluxmaya 3 ayda çatdı, indi 1 milyon yoluxmaya 2 günün içində çatmaq olur. Bu, vəziyyətin ciddiliyini göstərir”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Medipol Universiteti Tibb Fakültəsinin müəllimi, professor Rəcəb Öztürk deyib.
Professor hesab edir ki, 2021-ci ilin əvvəllərində istifadəsi gözlənilən peyvəndlər pandemiyanın qarşısının alınmasına müsbət töhfə verəcək:
“COVID-19 pandemiyası bu şiddətlə 4-5 ay davam edəcək. Epidemiyanın 2021-ci ildə davam edəcəyi barədə fikirlər də var. Hətta 2022-ci ilin ilk aylarında da təsirini davam etdirəcəyi düşünülür. Bunu nəzərə alaraq diaqnoz, profilaktika və müalicə xidmətlərini inteqrasiya olunmuş şəkildə idarə eləməli, epidemiyaya qarşı mübarizəni məlumatlara əsaslanan qərarlarla davam etdirməliyik ”.
Rəcəb Öztürk dekabr ayında Türkiyədə tətbiq olunacaq Çin peyvəndinə də toxunub: “Təqdim ediləcək vaksinin effektivliyi sübut olunmuş, istifadəsi zamanı ciddi yan təsirləri olmayan etibarlı bir peyvənddir. Müvafiq peyvənd dövlət tərəfindən pulsuz təmin ediləcək”.
Öztürk Türkiyə istehsalı olan peyvənd işləri barədə ümidverici danışıb: “Milli peyvəndin 1-ci fazada klinik tədqiqat müddəti tamamlanıb. Bu kontekstdə digər peyvəndlərin mövcudluğu yaxın və orta gələcək üçün epidemiyaya qarşı mübarizədə ümid vəd edir. Peyvəndlər tərəfindən verilən toxunulmazlığın nə qədər davam edəcəyi və vaksinin sonrakı dövrlərdə nə zaman təkrarlanacağı kimi məsələlər hələ müəyyənləşdirilməyib.
Qeyd etmək lazımdır ki, peyvənd olunanlar, xəstəliyi keçirmiş şəxslərin etdiyi kimi əsas qoruma tədbirlərinə davam etməlidirlər. Peyvənd vurulsa da qaydalara əməl etməli olacağıq. Vaksin bizi maskadan, fiziki məsafədən qurtara bilməz. Bu, sadəcə ağır xəstə olmağımızın qarşısını alacaq. Əks təqdirdə, mikrobu yaymağımıza maneə ola bilməz”.
Hacettepe Universiteti Tibb Fakültəsi Uşaq Yoluxucu Xəstəlikləri kafedrasının professoru Mehmet Ceyhan isə Türkiyədə Çin peyvəndinin məcburi olmayacağını bildirib: "Hamımız Səhiyyə Nazirliyi tərəfindən gətirilən peyvəndi bacardığımız qədər vurdurmalıyıq. Mövcud nəqliyyat və saxlama sisteminə uyğun olan yeganə peyvənd Çində istehsal olunan vaksindir.
Çin peyvəndinin effektivliyini dekabr ayında elan edəcək. Neçə faiz qoruduğuna dair hələlik məlumat yoxdur. Peyvənd vurdurdum, maskanı çıxarmaq kimi bir fikir olmamalıdır. Bunun reallaşması üçün 100 faiz təsirli bir peyvəndə ehtiyacımız var, bu da hələ tapılmayıb”.