Azərbaycanda şəhid ailələri, əlillər, veteranlar, hərbi qulluqçuların sosial müdafiəsi tam təmin edilib. Bu problemlərinin həlli dövlət siyasətinin tərkib hissəsidir. Bu günə qədər şəhid ailələrinə mənzil, minik avtomobilləri təqdim olunub. Belə ailələrin sosial durumunun yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülüb.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Onun fikirincə, ölkəmizdə Qarabağ müharibəsinin bütün iştırakçıları Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq hərtərəfli sosial təminat sistemi ilə əhatə olunub.
Deputat qeyd edib ki, Prezident təqaüdü, sosial ödənişlər, vətəndaşların rifahının yaxşılaşdırılmasına xidmət edən müxtəlif proqramlar həyata keçirilir: “Şəhidin vərəsələrinə sığorta ödənişi olaraq 11 min manat verilir. Müharibə əlillərinə sığorta ödənişi olaraq I dərəcə əlilliyi olan şəxslərə 8800 manat, II dərəcə əlilliyi olan şəxslərə 6600 manat, III dərəcə əlilliyi olan şəxslərə 4400 manat ödəniş təyin edilir.
Əmək stajından asılı olaraq 400 manat müvinət ödənilir. Şəhid ailələri, əlillərinin övladları və özləri təhsil haqqı ödəməkdən azad olunub. Dövlətin birbaşa dəstəyi ilə ehtiyacı olanlar protez və reabilitasiya vasitələri ilə pulsuz təmin edilir”.
Cavid Osmanov şəhid ailələrinin, əlillərin mənzil, avtomobil, birdəfəlik sığorta ödənişi olmaqla 700 manat sosial ödəniş aldıqlarını söyləyib: “Bu ödənişlər daha da təkmilləşir. Bu kateqoriyadan olan ailələrin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində mütəmadi iş aparılır. Vətəndaşlar, biznes dairələri, xaricdəki soydaşlarımız bu kateqoriyadan olan insanlara dəstək göstərir. Azərbaycan xalqı xeyirxahlıq göstərərək təmənnasız yardım edir. Xalqımız şəhid ailələrinin, qazilərin zəruri ehtiyaclarına həssaslıqla yanaşır. Hər bir vətəndaş bu məsələyə öz dəyərli töhfəsini verməyə çalışır”.
Millət vəkili qazilərin və şəhid ailələrinin təminatına dəstək olaraq YAŞAT Fondunun yaradılmasının xüsusi önəmindən bəhs edib: “Fond Azərbaycanın ərazi bütövlüyünün müdafiəsində əlil və ya şəhid olmuş şəxslərin ailə üzvlərinə müvafiq yardım göstərəcək. Vəsaitlər könüllü olaraq ödənən maliyyə yardımları, qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşacaq. Toplanmış vəsaitlər şəhid ailəsinin və əlillərin istehlak kreditlərinin və digər borc öhdəliklərinin qarşılanmasına yönəldiləcək”.
Deputat qeyd edib ki, YAŞAT Fondu dövlətimizin humanizm prinsiplərinə, əhalinin sosial təminatının yaxşılaşdırılması siyasətinə sadiqliyin əyani təzahürüdür.