2020-ci ildə bütün mövcud çətinliklərə baxmayaraq ölkəmizdə makroiqtisadi sabitlik daha da gücləndirilib. İqtisadiyyatın kiçilməsi müşahidə edilsə də, ölkə iqtisadiyyatı yüksək dayanıqlılıq nümayiş etdirib. Bunu qeyri-neft sektoruna xüsusilə aid edə bilərik. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərin bərpası, orada yaşayan insanların geri qayıtması, onların məşğulluğunun təmin edilməsi əsas vəzifələrdəndir.
Teleqraf.com xəbər verir ki, bu sözləri İqtisadiyyat naziri Mikayıl Cabbarov parlamentdə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, cari ildə sərt karantin tədbirlərinin tətbiqi Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib: “Belə ki, əsas kapitala investisiya qoyuluşları azalıb. Özəl sektor üzrə investisiyalar 8 faiz artıb, dövlət təşkilatları üzrə investisiyalar isə azalıb. Bir sıra xərc istiqamətlərində də artımlar baş verib. Yanvar-noyabr aylarında inflyasiya nəzərə alınmaqla, əhalinin gəlirləri düşüb. Bu ilin sonuna kimi qeyri-neft sektorunda ixracın təxminən 5,6% həcmində azalacağı proqnozlaşdırlır. Bunun əsas səbəbi bizim əsas ticarət partnyorumuz olan ölkələrdə yerli valyutanın dəyərdən düşməsidir”.
Nazir diqqətə çatdırıb ki, hökumət tərəfindən pandemiyanın iqtisadiyyata təsirlərinin yumşaldılması istiqamətində mühüm işlər görülüb: “Görülən tədbirlər nəticəsində Azərbaycan hökuməti iqtisadi tənəzzülü nisbətən yumşaltmağa nail ola bilib. Cari ilin yanvar-noyabr aylarında vergilər üzrə 6,8 mlrd. manat vəsaitin dövlət büdcəsinə daxil olunması təmin edilib.
Qeyri-neft sektoru üzrə daxilolmalarının artmasının səbəblərindən biri də qeyri-neft sektorunda çalışan işçilərin əməkhaqqının da vergi sisteminə daxil olmasıdır”.