30 Dekabr 2020 20:14
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daha bir təqvim ili başa çatır. Bir neçə saatdan sonra ölkəmiz yeni ili qarşılayacaq. Sözsüz ki, ilin son günlərində dünyanın hər yerində insanlar başa çatmaqda olan ili dəyərləndirir, əldə edilmiş uğurları və yol verilən nöqsanları bir daha və dərindən təhlil edir, bundan lazımi nəticə çıxarmağa çalışırlar.

Teleqraf.com saytı olaraq biz də yola saldığımız ili ölkəmizin xarici siyasət parametri üzrə dəyərləndirməyə çalışdıq.

Heç şübhəsiz ki, bu il ölkəmizin tarixinə qızıl hərflərlə yazıldı. Məhz bu il 30 ilə yaxın düşmən tapdağı altında qalan əzəli torpaqlarımız azad olundu, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Belə ki, sentyabrın 27-də sübh tezdən Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycanın həyata keçirdiyi əks-hücum nəticəsində davam edən 44 günlük müharibə zamanı qazanılmış qələbə işğalçını təslim olmağa məcbur etdi. Noyabrın 10-da Azərbaycan, Rusiya Prezidentləri və Ermənistan baş naziri tərəfindən birgə bəyanatın imzalanması ilə Azərbaycanın işğal altında olan digər əraziləri də ( Kəlbəcər, Ağdam, Laçın rayonları ) təhvil verildi

Yola saldığımız ilin əvvəlindən dünyanı cənginə alan COVİD-19 pandemiyası bu ilin bəşəriyyətin ən ağır illərindən biri olmasına səbəb oldu. Pandemiya ölkələri öz sərhədlərini bağlamağa və qapanmağa məcbur etdi. Nəticədə ticarət əlaqələri xeyli zəiflədi, ölkələrin sosial-iqtisadi göstəriciləri, ümumi daxili məhsul istehsalı azaldı. Qlobal çağırışlara hər zaman adekvat cavab verən Azərbaycan COVID-19-la mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü ianə etdi. Həmçinin, 30-dan artıq ölkəyə humanitar və maddi yardım göstərdi.

Azərbaycan Prezidenti İlham Əliyev may ayının 4-də keçirilən Qoşulmama Hərəkatının Təmas Qrupunun koronavirusla mübarizəyə həsr edilmiş zirvə görüşündə BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi. BMT-nin 150-dən artıq üzv dövləti tərəfindən dəstəklənən bu təşəbbüs nəticəsində dekabrın 3-4-də bu mövzuda xüsusi sessiyanın yüksək səviyyəli seqmenti keçirildi. Xüsusi sessiyanın ümumi müzakirələrində 37 dövlət və 40 hökumət başçısı, 67 nazir çıxış etdi.

Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycanın bu xoşməramlı və humanist təklifini dəstəkləməyən yeganə ölkə Ermənistan oldu.

Bu il Azərbaycanın üzvlərinin sayına görə BMT-dən sonra ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatı, habelə Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat-GUAM və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında sədrliyi həyata keçirilib.

Qoşulmama Hərəkatının üzvləri həm Tovuz hadisələri, həm də Vətən müharibəsinin gedişi zamanı Azərbaycanı dəstəkləyən mövqedən çıxış ediblər. Bundan əlavə, BMT Təhlükəsizlik Şurasının (TŞ) qeyri-daimi üzvü olan yeddi QH ölkəsi oktyabrın 19-da Ermənistan-Azərbaycan münaqişəsində vəziyyətin müzakirə olunduğu BMT Təhlükəsizlik Şurasının qapalı məsləhətləşmələri, eləcə də TŞ sədrinin məsələ ilə bağlı bəyanatının layihəsinin müzakirələri zamanı münaqişə ilə bağlı QH-nin prinsipial mövqeyindən çıxış edərək ölkəmizə dəstək nümayiş etdirib və TŞ sədri adından qərəzli bəyanatın qəbul olunmasının qarşısını alıblar.

Bu sırada Türk Dövlətləri Əməkdaşlıq Şurasının (TDƏŞ) da Azərbaycanla həmrəyliyini qeyd etmək lazımdır. TDƏŞ-in Baş katibi 28 sentyabr tarixli bəyanatında münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll edilməli olduğunu vurğulayıb.

İl ərzində çoxtərəfli və ikitərəfli formatlarda xarici siyasət fəaliyyəti davam etdirilib. Belə ki, bu il Azərbaycanla Türkiyə, Türkmənistan, Ukrayna, Macarıstan, Cənubi Koreya, Serbiya, Niderland, İtaliya və Çin Xalq Respublikası arasında 28 beynəlxalq müqavilə imzalanıb.

İl ərzində Azərbaycan Prezidenti İsveçrə, Almaniya, İtaliya və Müqəddəs Taxt-Taca (Vatikan) rəsmi və işgüzar səfərlər həyata keçirib, həmçinin xarici işlər naziri İsveçrə, Avstriya, Almaniya, Belçika, Türkiyə, Rusiya, Gürcüstan, ABŞ və İranda rəsmi və işgüzar səfərlərdə olub.

Eyni zamanda, 2020-ci ildə Türkiyə və Türkmənistan prezidentləri, həmçinin Türkiyə, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Macarıstan və Rusiyanın xarici işlər nazirləri ölkəmizə rəsmi və işgüzar səfərlər ediblər.

Bu il Azərbaycanın Kubada səfirliyinin təsis edilməsi ilə əlamətdar olub. Ölkə prezidenti sentyabrın 30-da bununla bağlı sərəncam imzalayıb.

Heç şübhəsiz ki, görülən bütün bu işlər və əldə olunan uğurlar, Azərbaycanın dünya birliyində öz layiqli yerini tutması, etibarlı tərəfdaş kimi tanınması, ölkəmizə birmənalı beynəlxalq dəstək ifadə olunması dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu xarici siyasət fəaliyyətinin nəticəsi olub.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər