5 Yanvar 2021 16:01
892
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İlk onu qeyd edim ki, yanacağın qiymətlərindəki artım təkcə Azərbaycanda baş vermir. Bu tendensiya bütün dünyada mövcuddur. Adi statistikaya baxsaq görərik ki, 2019-cu ildə dünyada benzinin orta qiyməti bir litrə görə 0,91 dollar olduğu halda, 2020-ci il dekabrın sonunda artıq 1,04 dollar (1,77 manat) təşkil edib ki, bu da il ərzində 14% artım deməkdir. Türkiyədə benzinin qiyməti 2020-ci ilin mart ayında bir litrə görə 5,5 lirəyə düşdüyü halda, indi 7,2 lirə (1,66 manat) civarındadlr, yəni 32%-lik artım var.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında politoloq Yusif Bağırzadə Tarif Şurasının qərarı ilə yanacağın qiymətlərindəki artımı şərh edərkən deyib.

Onun sözlərinə görə, qiymət dəyişikliklərinin digər sahələrə təsirinin minimallaşdırılması üçün müvafiq tədbirlərin görülməsi planlaşdırılır:

“Gürcüstanda bu ilin mart ayında 2,2 lariyə olan benzin ötən ay 2,4 lariyə, yəni 1,25 manata qalxıb. Ukraynada da ötən ilin noyabr-dekabr aylarında yanacağın qiyməti 4 faiz bahalaşıb. Rusiyada yeni il qabağı Aİ-95 benzininin qiymətində 7 faiz artım olub. Yanacağın qiymətindəki artım tendensiyası artıq Avropada da özünü göstərməyə başlayıb. Noyabr-dekabr aylarında Avropada dizel yanacağının qiymətində 29 faiz artım qeydə alınıb.

Məsələn, Almaniya vətəndaşları yeni ili yanacağın qiymətində artımla qarşılayıblar - həm benzin, həm dizelin litrinə görə almanlar 11 sent artıq xərcləməli olacaqlar.

Odur ki, Azərbaycanda da yanacaq qiymətindəki artım gözlənilən idi. Son illər Azərbaycana avtomobil idxalı benzinə və dizelə tələbatı yüksəldib. 2018-ci ildə 28 876, 2019-cu ildə 47 710, 2020-ci ilin 11 ayında isə 47 841 avtomobil idxal edilib. İdxalın artması ilə analoji olaraq, benzinə və dizelə tələbat da yüksəlib. Onu da qeyd edək ki, tarif dəyişikliyindən sonra belə Aİ-92 markalı avtomobil benzininin Azərbaycanda pərakəndə satış qiyməti əksər MDB ölkələri ilə müqayisədə aşağıdır”.

Politoloq bildirib ki, dünya ölkələrində yanacaq qiymətindəki artımı nəzərə alaraq, indi qarşıda duran əsas vəzifə yanacağın qiymətindəki artımın digər sahələrdəki qiymət artımına təsir göstərməməsi üçün müvafiq addımların atılmasından ibarət olmalıdır ki, bu sahədə də konkret qərar veriləcək:

“Məsələn, dizel yanacağının qiymət artımının sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə təsirinin neytrallaşdırılması üçün onlara kompensasiya ödənilməsi nəzərdə tutulub. Bu, əhalinin, xüsusilə sosial həssas qrupun mənafeyinə xidmət edən, vətəndaşların gündəlik həyatda daha çox istifadə etdiyi ictimai nəqliyyatda tarıf dəyişikliyi aparılmaması üçün atılan mühüm addımdır.

Həmçinin dizel yanacağının qiymət artımının kənd təsərrüfatı sahəsinə təsiri nəzərə alınaraq hökumət tərəfindən ayrılan subsidiyaların məbləğinə də yenidən baxılması nəzərdə tutulub. Eləcə də qiymət dəyişikliklərinin digər sahələrə təsirinin minimallaşdırılması üçün müvafiq tədbirlər görüləcək. Tarif tənzimlənməsindən sui-istifadəyə, əsassız qiymət artımınına yol verilməməsi üçün nəzarət tədbirləri həyata keçiriləcək.

Qiymət tənzimlənməsi nəticəsində dövlət büdcəsinə əlavə daxilolmalar proqnozlaşdırılır ki, yaranan əlavə vəsait ölkədə həyata keçirilən sistemli və davamlı xarakter daşıyan sosial siyasətə uyğun olaraq, sosialyönümlü tədbirlərə yonəldiləcək, o cümlədən tarif dəyişikliyi nəticəsində yaranan əlavə vəsaitdən büdcədən maliyyələşən sahələrin xərclərinin balanslaşdırılmasına da sərf olunacağını proqnozlaşdırmaq olar”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər