6 Yanvar 2021 18:54
1 174
12 Punto 14 Punto 16 Punto 18 Punto

Füzulidə beynəlxalq aeroportun tikilməsi siyasi-iqtisadi və təhlükəsizliyin təminatı üçün strateji əhəmiyyət daşıyır. Azad edilmiş ərazilərdə nəqliyyat komunikasiya xəttlərinin çəkilməsi fəaliyyətin dinamikliyinə, keyfiyyətinə təsir edəcək. Cənab Prezident Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun çəkilməsi ilə bağlı sərəncam imzalayıb. Eyni zamanda ölkə başçısı və Birinci vitse-prezident Mehriban xanım Əliyevə Füzuli və Cəbrayıl rayonlarında olarkən aparılan işlərlə tanış olub. Artıq azad olunmuş ərazilərdə kommunikasiya imkanlarının genişləndirilməsi üçün sistemli işlər aparılır.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.

Onun fikrincə, Füzuli aeroportunun tikilməsi ərazilərdə Azərbaycanın suverenliyinin tam təmin olunması baxımından əhəmiyyətlidir: “Cənab Prezident bu il Füzuli aeroportunun tikiləcəyini bildirib. Paralel Füzuli-Şuşa yolu istifadəyə veriləcək. Bu addımlar Azərbaycanın siyasi mövqelərini daha da möhkəmləndirir”.

Deputata görə, Füzuli aeroportu milli, iqtisadi sistemin vacib infrastruktur elementi olmaqla kifayətlənmir: “Regionda təhlükəsizlik, beynəlxalq komunikasiyanın yaradılması baxımından vacibdir. Ərazinin Azərbaycana məxsusluğunu daha da gücləndirir”.

Elşad Mirbəşiroğlu bildirib ki, beynəlxalq aeroportun tikilməsi ilə dünyanın müxtəlif yerlərindən azad olmuş ərazilərimizə səfərlər təşkil ediləcək: “Azərbaycan qanunları ilə bu proses baş tutacaq. Ərazinin hüquqi mənsubiyyəti haqqında təsəvvürlər tamamlanmış olacaq. Bir çox hallarda təsəvvürlər zəif olur. Bu layihə isə bütövlükdə faktların daha da güclənməsinə imkan yaradacaq. Füzulidə və yaxın ərazilərdə erməni vandalizminin izləri mövcuddur. Yaxın illərdə bu izlər qalacaq. Əyani şəkildə Azərbaycana səfər edən xarici qonaqlar erməni vandalizminin izlərini görəcək. Təklif edərdim ki, erməni vandalizmin izləri saxlanılsın, əraziyə gələn xarici qonaqlar erməni vandalizmini əyani görsün. Bununla ermənilərin mahiyyətini dünyaya çatdırmış olarıq”.

Millət vəkilinə görə, Əhmədbəyli-Füzuli-Şuşa yolu Azərbaycanın mədəniyyət beşiyi Şuşada turizmin inkişafına imkanlar yaradacaq: “Füzuli aeroportu xarici investorların regiona rahat şəkildə gəlişi üçün vacibdir. Bölgədə inkişaf, dinamikliklə yanaşı təhlükəsizlik etibarlı həll ediləcək. Sərmayəçi dövlətlər və şirkətlər təhlükəsizliyin yüksək səviyyədə təminatında maraqlı olacaq. Beynəlxalq təcrübə bunu göstərir”.

Deputat Azərbaycanın sistemli şəkildə böyük qayıdış layihəsini həyata keçirdiyini söyləyib: “Böyük qayıdışın mühüm elementləri icra edilir. Ölkə rəhbərliyi tərəfindən təsirli, strateji addımlar atılır. Bu da nəticələrə daha tez çatmağı təmin edəcək. Regionun tez bir zamanda inkişafı şərtlənəcək. Beləliklə, əlavə iqtisadi dividentlər yaranacaq. Milli iqtisadi sistemin dövriyyəsi genişlənəcək”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər