Cənab Prezident Azərbaycan televiziyasına müsahibəsində bir sıra məsələlərə aydınlıq gətirib. Mühüm informasiyaları cəmiyyətə çatdırıb. Həmçinin Qarabağın inkişafı konsepsiyası ilə bağlı vətəndaşlar məlumatlandırılıb. Dövlət başçısı müsahibəsində bir sıra məmurlarla bağlı da iradlarını qeyd edib. Şuşa ilə bağlı vahid konsepsiyanın olduğunu və burada hər hansı bir pərakəndəliyə yol verilməyəcəyini vurğulayıb.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev deyib.
Komitə sədri bildirib ki, cənab Prezidentin müəyyənləşdirdiyi konsepsiya üzrə işğaldan azad edilmiş ərazilərdə ən müasir şəhərlər və kəndlər salınacaq:
“Bütün dünya görəcək ki, bu ərazilərin əsl sahibi azərbaycanlılardır. Orada insanların yaşaması üçün hər cür optimal şəraitin yaradılması da cənab Prezidentin müəyyənləşdirdiyi proqramda öz əksini tapıb. Bu ərazilərdə tarixi dəyərlərin qorunması ilə yanaşı, müasirliyin vəhdət təşkil etməsi üçün də mühüm prinsiplər tətbiq ediləcək. O ərazilərdə vaxtilə mövcud olmuş memarlıq abidələri, tarixi dəyərlərin qorunması restavrasiya proqramları icra ediləcək”.
Müsa Quliyev işğaldan azad edilmiş ərazilərdə ağılı kəndlər və qəsəbələrin salınacağına da diqqət çəkib:
“Cənab Prezident Şuşa ilə bağlı məsələyə xüsusi həssaslıqla yanaşaraq, orada olan tarixi dəyərlərin, memarlıq üslubunun yenidən bərpası üçün mütəxəssislərin rəyinin əsas olacağını diqqətə çatdırıb. İlk növbədə azad edilmiş ərazilərdə qiymətləndirmə aparılacaq. Gələcəkdə Ermənistandan tələb olunacaq təzminatla bağlı bu, önəmli məsələdir. Tikinti quruculuq işləri məhz bu prinsiplər həyata keçirildikdən sonra baş verəcək”.
Millət vəkili qeyd edib edib, azad edilmiş ərazilərdə Azərbaycanın ümumi inkişaf konsepsiyası formalaşacaq:
“Bu ərazilər kənd təsərrüfatı, turizm və digər sahələr üçün əlverişlidir. Şuşada və digər ərazilərdə yaradılacaq imkanlar bu regionun gələcəyinin etibarlı təminatına əsaslanmalıdır. Ona görə də cənab Prezidentin fikirləri Qarabağın gələcək inkişafının konseptual yol xəritəsidir”.