10 Aprel 2021 17:10
997
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan 30 ilə yaxın müddət ərzində işğal altında saxladığı torpaqlarımızda vandalizm törədib. Həmin ərazilərdə bütün infrastrukturu dağıdıb, yeraltı və yerüstü sərvətləri talan ediblər. Tarixi-mədəni və dini abidələrimiz də erməni vəhşiliyinə məruz qalıb.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Sevinc Fətəliyeva bildirib ki, Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl-Osaymini qəbul edərkən Ermənistanın təcavüzkar siyasətinin nəticələri haqqında danışıb:

“Dövlətimizin başçısının dediyi kimi, biz İslam dünyasından olan qardaşlarımızın gəlib onların bizim tarixi irsimizə nə etdiklərini görməsini istəyirik”.

Deputat qeyd edib ki, ermənilər tərəfindən 70-ə yaxın məscidimiz terrora məruz qalıb:

“Dövlətimiz tərəfindən Ermənistanın törətdiyi bu cinayətlər dünya ictimaiyyətinə çatdırılır. Bu istiqamətdə görülən işlər sırasına işğaldan azad olunmuş ərazilərə diplomatik korpusun nümayəndələrinin, yerli və xarici KİV təmsilçilərinin, müxtəlif təşkilatların üzvlərinin səfərlərinin təşkil olunması da daxildir".

Millət vəkilinə görə, İƏT-in Təmas Qrupunun üzvlərinin Gəncə və Ağdam şəhərlərində erməni vəhşiliyi ilə yerində tanış olmaları faktların dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyəti böyükdür:

“Səfər zamanı müsəlman ölkələrinin nümayəndələri erməni vəhşiliyinin canlı şahidi oldular. Ona görə də bu səfərin siyasi əhəmiyyəti böyükdür. Ötən dövr ərzində İslam Əməkdaşlıq Təşkilatı dəfələrlə Ermənistanın Azərbaycanın ərazilərini işğal etməsini pisləyən qətnamələr qəbul edib. İƏT Parlament İttifaqı Xocalı soyqırımını tanıyıb. Ermənistanın Azərbaycan ərazilərində törətdiyi vandalizmi dünya ictimaiyyətinə çatdırmaq üçün İƏT mühüm beynəlxalq platformadır. Ermənistanın xarici siyasətində bir çox müsəlman ölkələri ilə əməkdaşlıq da yer alır. Amma düşünürəm ki, müsəlman ölkələri Ermənistanın islamofob siyasət həyata keçirməsini nəzərə almalıdır. Zəngilan işğaldan azad olunan zaman bütün dünya məsciddə ermənilərin donuz saxladığının şahid oldu. Ona görə də müsəlman ölkələri Ermənistanla münasibətlərdə bu faktları nəzərə almalıdır. Çünki Ermənistan İslam dəyərlərinə düşməncəsinə yanaşır”.


Müəllif: Tapdıq Qurbanlı