Bu gün ermənilərin 1994-cü ildə Ağdamın Güllücə kəndində törətdiyi faciədən 27 il keçir.
Teleqraf.com xəbər verir ki, faciənin 27-ci il dönümü münasibəti ilə dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlar və Ağdam sakinləri dünən onlayn vebinar keçiriblər.
Vebinarın aparıcısı, əməkdar jurnalist, şəhid bacısı Mətanət Ağamirli idi.
Bütünlükdə Azərbaycan şəhidlərini və Ağdam şəhidlərini anmaq, xatirələrini yad etmək üçün vebinara Niderland Krallığından ağdamlı İlkanə Yusifova, İsveçdə yaşayan Kenan Rüstəmov, Rusiyada yaşayan Habil Tahiroğlu, bütün ağdamlıların məsləhət yeri, ağbirçəyi, 5 saylı məktəbin direktoru Çimnaz Kərimova, araşdırmaçı jurnalist Aida Eyvazlı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzin sektor müdiri Elmira Məmmədli, Azərbaycan Dəmir yollarında departament rəhbəri Pərviz Quliyev qatılıblar.
Görüşdə iştirak edən ağdamlılar Vətən xatirələrindən, Ağdamda gedən döyüşlərdən, şəhidlərdən, boş qalmış yurd yerlərindən danışdılar. 1983-1993-cü ildə Ağdam şəhər 5 nömrəli orta məktəbin direktoru işləmiş Çimnaz Kərimova şəhid şagirdlərini göz yaşları ilə yad edib.
Vurğulanıb ki, Ali Baş Komandan İlham Əliyevin uğurlu “Dəmir Yumruq” əməliyyatı nəticəsində qazanılan uğurdan sonra ağdamlıların həsrətinə son qoyulub, şəhidlərin ruhu indi doğma torpaqların, yurdların üzərində rahat dolanırlar.
Xarici ölkələrdə yaşayan vebinar iştirakçıları da 2020-ci ildə gedən döyüşlər zamanı erməni icmalarının həmin ölkələrdə azərbaycanlılara qarşı törətdikləri qanun pozuntuları və vəhşiliklərdən danışıblar.
İsveçdə “Qarabağ” restoranının sahibi olan Kənan Rüstəmov bildirb ki, 16 yaşından atası Əkbər müəllimlə çiyin-çiyinə döyüşüb, Xocalı qurbanlarının xilasında yardımçı olub. Güllücə ətrafında gecə-gündüz keişk çəkiblər. Qardaşı Sənan şəhid olub. Azərbaycan Ordusu Zəfər qazanan günlərdə isə ermənilər od vurub onun İsveçdəki restoranını yandırıblar.
Araşdırmaçı jurnalist Aida Eyvazlı Göytürk Vətəndn uzaqda yaşayan həmyerlilərimizə şəhidlərimiz haqqında yazdığı kitablardan, tarix boyu ermənilərin himayədarlarına arxalanaraq başımıza gətirdikləri faciələrə diqqət çəkib.
Görüşdə iştirak edən Ağdam ziyalıları həm də 1993-cü i aprelin 18-də Kəlbəcərdə ermənilər tərəfindən törədilən Başlıbel faciəsinin qurbanlarını yad ediblər.
Jurnalist Mətanət Ağamirli görüşün sonunda qeyd edib ki, hər bir azərbaycanlı xarici ölkələrdə Zəfərimiz, tariximiz, ermənilərin başımıza gətirdikləri faciələr haqqında dayanmadan təbliğat aparmalıdırlar.