Birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş Ermənistan vətəndaşları - 1969-cu il təvəllüdlü Mkrtiçyan Lüdvik Mkrtiçoviç və 1967-ci il təvəllüdlü Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Teleqraf.com-un xəbərinə görə, proses Yasamal rayon Məhkəməsinin inzibati binasında baş tutub.
Cinayət işi üzrə prosesə Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə baxılır.
Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra cinayət işi üzrə zərərçəkmiş, zərərçəkmişlərin hüquqi vairsilərinin kimliyi müəyyən edilib.
Prosesdə çıxış edən təqsirləndirilən Xosrovyan Alyoşa Aramaisoviç bildirib ki, iki dəfə Qarabağda olub, ilk dəfə 1993-cü ildə, sonuncu dəfə isə 2020-ci ildə Qarabağa gəlib. Həbsxana həyatı yaşamayıb, ilk dəfədir həbsə düşür, özünü günahkar saymır.
İclasda çıxış edən dövlət ittihamçısı bildirib ki, baş verən cinayət hadisələrindən 30 ildən artıq müddət keçsə də, müharibə cinayətlərinə aid olduğu üçün işə xitam verilməsinə əsas yoxdur. Prokuror cinayət işinin məhkəməyə verilməsini təklif edib. Tərəflər buna etiraz etməyib.
Məhkəmənin iclas zalında olan Ombudsman Səbinə Əliyeva hakimlər müşavirəyə gedən zaman təqsirləndirilən şəxslərlə görüşüb, onların səhhəti ilə maraqlanıb.
Müşavirədən qayıdan hakim heyəti məhkəmə baxışının bu il iyunun 9-na təyin edib.