29 Sentyabr 2021 10:02
3 503
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Anadolu Agentliyinin Azərbaycandakı təmsilçisi, jurnalist Tolqa Özgenç Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik.

- 44 günlük vətən müharibəsində qardaş Türkiyə siyasi dəstəklə yanaşı, informasiya müharibəsində də yanımızda oldu. Bu müddət ərzində Anadolu agentliyi necə çalışdı? Təcrübənizi bölüşə bilərsinizmi?

- Bəli, ötən ilin bu günlərində Ermənistanın hücumlarının nəticəsində Azərbaycan əks-hücum həmləsi etdi. Əməliyyatlar 27 sentyabrda başlasa da, iki tərəf arasında bənzər atışmalar əvvəllər də baş verirdi. Biz müharibədə hadisə yerində idik, cəbhəyə yollanmışdıq, Tovuzda işimizi davam etdirirdik. Oradakı gedişatın daha əvvəlki vəziyyətlərdən fərqli olduğunu hiss etmişdik.

Prezident İlham Əliyevin təlimatı ilə Azərbaycan ordusu əks-hücuma başladığı zaman biz bu xəbəri səhər erkən saatlarda bütün dünyaya yayımladıq. Təbii ki, başda Türkiyə olmaqla müxtəlif ölkələrdən yüzlərlə abunəmiz var. Onlar da Azərbaycanın belə bir hadisə içərisində olduğunu öyrənəndə çox böyük maraq göstərdilər. Bizim xəbərlərimizdən istifadə etməyə başladılar.

Mövzunun gedişatından asılı olaraq Türkiyə mediası öz əməkdaşlarını buraya göndərdi. Əslində, bundan sonrası media üçün tam bir sıçrama nöqtəsi oldu. Onsuz da Anadolu Agentliyi və TRT burada rəsmi fəaliyyət göstərir, ofisi var. Bizim xəbərlərdən sonra Türkiyə mediası Azərbaycana axın etdi. Beləcə cəbhədə əsgərlər vuruşanda biz də media sahəsində müharibəyə başladıq. Çünki bu haqsızılıq təkcə Azərbaycana deyil, Türkiyəyə qarşı da edilmişdi.

Məhz bunu düşünərək biz canlı yayımlarımızı artırdıq, cəbhədə və cəbhədən kənarda baş verənləri, Ermənistanın etdiklərini görüntüləri ilə birlikdə çatdırmağa çalışdıq. Xüsusilə Azərbaycanın səsini xaricə çatdırmaq üçün əlimizdən gələni etdik.

Anadolu Agentliyində işlədiyim üçün hər zaman qürur duymuşam. Amma məhz həmin dövrdə Anadolu Agentliyinin burada gördüyü işlərdə mənim də payım olduğu üçün daha çox qürur hissi keçirdim. Hazırda öyünə biləcəyim mövzularda ən başda bu məsələ gəlir. Zəfərlə nəticələnən bu mübarizəni yerindəcə izlədik və bütün dünyaya çatdırdıq.

- Neçə ildir burada fəaliyyət göstərirsiniz?

- Anadolu Agentliyi olaraq Azərbaycanın müstəqilliyi elan olunandan bəri burada işləyirik. Bizim hər zaman Azərbaycanda müxbirimiz, təmsilçimiz olub. Amma 2012-ci ildən etibarən Bakıda fəaliyyət göstərən ofisimiz Asiya-Qafqaz regionunun mərkəzidir. Biz burada həm Qafqaz ölkələrinin, həm də rus mənşəli ölkələrdəki müxbirlərimizin fəaliyyətini təmin edirik.

Oradakı ofislərimiz buraya məlumat ötürürlər, xəbərlərini buradan dünyaya çatıdırırıq. Burada 12 azərbaycanlı əməkdaşımız bizimlə birlikdə işləyir. Mən 8 ildir Bakıda yaşayıram. Burada yaşamaqdan çox zövq alıram. İnsan öz ölkəsində, öz vətənində necə yaşayırsa, mən də burada elə yaşayıram.

- Azərbaycanla bağlı çatdırmaq istəyəcəyiniz, qarşınıza qoyduğunuz başqa hansısa hədəfləriniz var?

- Uşaq olanda Birinci Qarabağ müharibəsini böyüklərimizdən hekayə olaraq dinləyirdik. O dövrün imkanları çərçivəsində xəbərlər öyrənirdik. Uşaq ağlımızla dərk etdiyimizi deyə bilməsəm də, böyüdük və buraya gəldik. Orada yaşayan insanların hansı iztirablardan keçdiyini gördük.

Qarabağın azad olunması böyük gözləntim idi. Mən bunun şahidi oldum. Füzulinin, Cəbrayılın azad olunması xəbərini bütün dünyaya çatdırdım. Bu mənim üçün iş fəaliyyətimdə həyata keçməsini istədiyim ən böyük arzularımdan biri idi. Buna qovuşdum. İlk gəldiyim dövrlərdə "Bir millət iki dövlət" ifadəsinin daha da zənginləşdirilməsini düşünürdüm. Hər görüşdə, hər iclasda iki ölkənin daha çox yaxınlaşma potensialının olduğunu dilə gətirirdim. Son bir neçə ildə bu ifadənin necə dolğun olduğunu görməkdən çox zövq alıram.

Düşündüyüm, xəyal etdiyim şeyləri Bakıda yaşadım, gördüm. Bundan sonrası üçün də iki ölkənin tək vücud olaraq hərəkət etməsi bizim ən böyük arzumuzdur. Bütün bağlantıların heç bir təsir altında qalmadan yoluna davam etməsi həm Türkiyə, həm də Azərbaycan vətəndaşı kimi mənim də xəyalımdır. İnşallah, bu günkü qardaşlığımız sonsuzadək davam edəcək.

- Cəbrayılın, Füzulinin adını çəkdiniz. Qarabağa gedə bildinizmi?

- Təbii ki... Qarabağı işğal edən dövlətin arxada qoyduqlarına indi nəzər yetirsək, 30 il əvvəl insanlara hansı işgəncləri verdiklərini görə bilərsiniz. Şəhərləri viranə qoyan, mədəniyyət abidələrini məhv edən, ağacları kəsən düşüncənin orada yaşayan xalqa hansı iztirablar yaşatdığını hiss edə bilərsiniz.

O regiona gedəndə insan özünü bir boşluğa düşmüş kimi hiss edir. Sanki, böyük dəstə ilə gedirsiniz, amma təksinizmiş kimi hiss yaşayırsınız. Darmadağın olunmuş yollar, yan tərəfdə minalı ərazilər, ağla gələməyəcək tullantılar atılıb... Çox pis görüntü var. İndi oranın tamamilə dəyişdirilməsi lazımdır, Azərbaycan da bir ildir gecə-gündüz bunun üçün yol qət edir.

- Türkiyə mediasında, xüsusilə də Anadolu Agentliyində prioritet nə təşkil edir? Operativ olmağı üstün tutursunuz, yoxsa dəqiqliyimi?

- Anadolu Agentliyinin bir şüarı var: doğru və sürətli. İkisi də bizim üçün eyni səviyyədədir. Xüsusilə də bu gün xəbəri ilk olaraq sosial şəbəkələrdən ala bilərsiniz. Bunun doğru olub-olmadığını isə dəqiqləşdirə bilməzsiniz. Amma Anadolu Agentliyi kimi ixtisaslaşmış qurumlardan aldığınız xəbər hər zaman doğrudur. Doğru olduğuna inanırsınız.

Türkiyə mediasında belə bir ifadə var: "Anadolu Agentliyi yazıbsa, doğrudur". Digər jurnalistlər bir məlumatı alanda ilk olaraq onu Anadolu Agentliyinin yazıb-yazmadığını yoxlayırlar.

- Fikirlər səslənir ki, sosial şəbəkələr medianı üstələyir. Dezinformasiyalar geniş yayılır. Sizcə, bunun qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

- Fərqli adlarla, fərqli meyl adresləri ilə məlumatlar yayılır. O məlumatı yayan hesabların doğru olub-olmadığı belə məlum deyil. Sosial şəbəkələrdə kimin nə yazdığı məlum olmayan tullantı xəbərlərin toplandığı yerdir. Mən bunun xəbərlə bağlı olduğunu düşünmürəm. Biz xəbərin doğruluğunu öyrənmək istəyiriksə, sosial şəbəkələri ön plana çəkməməliyik. Sosial şəbəkələrdə xəbərlər çatdırılır, doğrudur. Amma sosial şəbəkələrdə qurumların, xəbər agentliklərinin yaydığı məlumata inanmaq lazımdır.

Bizim də sosail şəbəkə hesablarımız var və insanlara informasiyaları çatdırırıq. Əgər siz agentliksinizsə, doğru xəbər yayacaqsınız. Amma insanların fərdi şəkildə yaydığı məlumatlar hər zaman şübhəlidir. Fikrimcə, sosial şəbəkələrdə şəxsi hesablarda edilən paylaşımlar agentliklərin, medianın xəbər qaynağı olmamalıdır.

Müharibə təkcə cəbhədə olmur. Normalda müharibə başlayır, bitir. Amma biz hər zaman gözü açıq olmalıyıq. Aldığımız informasiyanı dəqiqləşdirməliyik. Sosial şəbəkədə yayılanı məlumat kimi qəbul edə bilərsiniz. Onun mənbəyinə çatıb, xəbəri dəqiqləşdirməlisiniz.

- Türkiyə və Azərbaycan media əlaqələrinin inkişafı üçün son zamanlar addımlar atılır. Əlaqələri bundan da artıq necə sıxlaşdırmaq olar?

- Azərbaycan Prezident Adminstrasiyası ilə Türkiyə Prezident Adminstrasiyası arasında bu mövzuda platforma yaradılıb. Bundan əvvəl də platforma daxilində Anadolu Agentliyi və TRT-nin töhvələri davam edir. Burada bəzi layihələr hazırlandırdı.

Jurnalistlər Anadolu Agentliyinə gedib təlimlərdə iştirak edirlər. Türkiyədə hazırlanan bu layihələrdə ən çox iştirakçı Azərbaycandandır. Bu, Türkiyədəki medianın buradakı mediaya nə dərəcədə dəstək olmasının göstəricisidir. Daha çox ola bilərmi? Əlbəttə.

Mən Türkiyəyə getməyən azərbaycanlı jurnalistin olmamasını istəyirəm. Eyni zamanda Türkiyədən Azərbaycana gəlməyən jurnalistin qalmamasını istəyirəm. Nə qədər çox yan-yana olarıqsa, bir-birimizi daha çox başa düşərik. Nə qədər çox əlaqədə olsaq, ortaq fikirlərimizi o qədər yaxşı müdafiə edərik.

- Sentyabrın 27-də Prezident İlham Əliyevdən müsahibəniz yayımlandı. Təəssüratlarınız maraqlıdır...

- Cənab Prezidentlə müsahibəni uzun zamandır arzulayırdım. Bu günə qismətmiş. Əslində, çox rahat bir müsahibə oldu. Çünki İlham Əliyev sizə güvən hissi verir, müsahibədə çəkinmirsiniz. Müsahibədən əvvəl də, sonra da söhbət zamanı rahat olmağınız üçün psixoloji dəstək verir.

Müsahibə başlamamışdan əvvəl bildirdi ki, nə istəsən soruşa bilərsən. Bütün suallarımı verdim, həmin an ağlıma gələnləri də soruşdum. İnanılmaz dərəcədə rahat bir müsahibə alındı. İlham Əliyev səmimi cavab verdikcə, mən də fərqli mövzulara toxunmaq istədim. Dolğun cavabları aldım. Müsahibə yayımlandıqdan sonra Azərbaycandan, Avropadan, Türkiyədən, 13 dildə abunələrimizə çatanlardan xəbərlər qarşıma gəldi. Bütün ölkələrə yayıldı, hər kəsdən onun necə dolğun müsahibə olduğuna dair fikirlər aldım. Xüsusilə Türkiyə mediasındakı həmkarlarım mənə yazdılar, mükəmməl müsahibə olduğunu dedilər.

İlham Əliyev bütün suallarıma səmimi cavab verdi. Elə diplomatik cümlələr qurdu, elə yerlərə mesaj göndərdi ki, indi hər kəs o mesajları almış vəziyyətdədir. Bunu diplomatik dil, güclü iradə sayəsində, inanclı şəkildə etdi və o ismarıclar yerinə çatdı deyə düşünürəm.

- Müsahibənizdə kövrəlməniz Prezidentin də diqqətindən yayınmadı....

- Son sualım məni daim maraqlandıran mövzuda idi. Prezidentin və Mehriban Əliyevanın Qarabağa səfərləri zamanı təqdim etdikləri görüntüləri həvəslə izləyirdik. Müsahibəyə gedəndə bu barədə sual ağlıma gəldi. Özündən icazə alaraq bu mövzuya toxundum. Özü də əvvəlcə təbəssümlə reaksiya verdi.

Suala cavab verərkən çəkilişlərin necə başladığını dedi. Görüntüləri xalqın bəyəndiyini və buna davam etdiklərini söylədi. Sonra da kövrəldi. Mən də bu ağrıları, iztirabları 30 ildir bildiyim, bura gəldikdən sonra gördüyüm üçün istər-istəməz hisslərimə hakim ola bilmədim və elə bir an yaşandı...


Müəllif: Aysel Azad, Foto: Pərviz Həşimi

Oxşar xəbərlər