19 Oktyabr 2021 16:56
1 280
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Axar.az saytının fəaliyyətə başlamasının 8 ili tamam olur. Sayt 2013-cu il oktyabrın 19-dan oxucuları üçün xəbər xidməti göstərir.

Hazırda üç dildə fəaliyyət göstərən saytın bu müddət ərzində əsas istiqaməti siyasi məlumatlar olsa da, həyatın digər sahələri – sosial, iqtisadiyyat, idman, kriminal kimi mövzularda da informasiyalara yer ayırır.

Axar.az-ın baş redaktoru Anar Niftəliyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Anar müəllim, Axar.az-ın 8 yaşı tamam olur, təbrik edirik. Özünüzə arzunuz nədir?

- Əslində, 8 yaş böyük deyil, amma mənim üçün bu zaman çox böyükdür. İlk günləri yadıma salıram, şənbə-bazar olmadan hər gün gərgin iş qrafikində çalışmışıq və indi də eyni qrafiklə davam edirik. Ötən ilin bu gününü xatırlayıram. Necə həyəcanla cəbhədən gələn xəbərləri gözləyirdik və təbii ki, ad günümüzü qeyd etmədik, amma qarşıladıq. Çox ümid edirdik və əmin idik ki, inşallah, 8 yaşımızda daha gözəl ad günü qismətimiz olacaq və oldu da.

Mən jurnalistikaya yeni başlayanda Şuşa işğal olunmuşdu. Bu gün çox sevinirəm ki, Şuşanı azad görmək qismətimiz oldu. Əlbəttə, Şuşa simvoldur, söhbət Qarabağdan gedir. Ona görə bu gün daha sevincliyik.

Arzularımız çoxdur. Ötən il bu gündə ad günümüzün Şuşalı olacağına ümid edirdik. İndi də əminlik və ümidlə Xankəndili, Zəngəzurlu ad günümüzü qeyd etmək istəyirik. Allah qismət edərsə, Bütöv Azərbaycanlı ad günümüzü də görmək istərdik. Məsələn, Təbrizli Azərbaycanı niyə görməməliyəm?! Bu, bizim haqqımızdır. Biz 50 milyonluq, bölünmüş xalqıq. Bu, qismətimiz ola bilər, bunu arzulayırıq.

- Növbəti illərdə Axar-la bağlı hansı planlarınız, hədəfləriniz var?

- Hədəf, plan həddən artıq çoxdur. Hesab edirəm ki, indi milli hədəflərə uyğun dövlətimizin daha peşəkar və ciddi mediaya ehtiyacı var. Özümüz də daxil olmaqla, mediadan razı deyiləm, razı olsaydım, daha az işləyərdim. Buna görə də gecə-gündüz işləməyə çalışıram.

İnformasiyanın indi dünyada oynadığı rol heç kəsə sirr deyil. Ölkələr az qala müharibəni informasiya ilə aparırlar. Xüsusilə onlayn medianın missiyası həddən artıq genişlənib. Əvvəl “dördüncü hakimiyyət” deyirdilər mediaya, indi belə şey yoxdur. Media dövlət diplomatiyası ilə paralel addımlayır. Bu, çox böyük missiyadır. Ona görə yatıb-oturmaq olmaz.

Onlayn media çox sürətlə inkişaf edir. Oxucular da həddən artıq sürətlə tənbəlləşir, mətnlər qısalır. Arzulayıram ki, ən yeni və müasir avadanlıqlarımız, texnikamız olsun. İnanıram ki, o zaman daha çox xidmət göstərə bilərik.

Arzular bitib tükənmir ki! Texnologiya 6 aya köhnəlir. Avadanlıq, texnologiya, informasiyaya yanaşma daim dəyişir, yenilənir. İdeyanı, yanaşmanı yeniləməkdən ötrü mütləq müasir texnikaya ehtiyac var, onlar işimizin əsas hissəsidir. Ona görə də bizim ən müasir kompüter, kamera, fotoaparat arzularımız heç vaxt tükənməyəcək.

İstəyirəm daha çox vizuallaşaq, çünki vizual informasiya dilinin anlaşılma imkanları daha genişdir. Hətta dil baryeri olan insanlar üçün də nisbətən əlçatan olur. Vizuallıq informasiya arealını genişləndirir.

- Çox işləməyinizin səbəbi əməkdaşlarınızın peşəkarlıq səviyyəsinin aşağı olmasından irəli gəlmir ki?..

- Təbii, o da var. Cavan uşaqlardan yox, öz nəslimdən şikayətçiyəm, qəribə bir tənbəlləşmə başlayıb. Jurnalistikaya yeni gələn uşaqları öyrətmək istəmirik, hazır kadrları daşıyırıq. Buna bir neçə dəfə etiraz da etmişəm. Ona görə bizdə texnikamızdan fərqli olaraq kollektiv vaxtaşırı yenilənir. Burada yetişən uşaqlara dərhal ikiqat yüksək əmək haqqı təklif edib, başqa işə dəvət edirlər.

Əslində, yaxşı edirlər, belə də olmalıdır. Amma bunun ardı da gəlməlidir axı. Gənc nəsil çox çətin yetişir, ümumiyyətlə, bir kadrın yetişməsi üçün zaman tələb olunur, çoxlu əmək sərf olunur, əsəb gedir, asan deyil.

Mən qəzetçilikdən gəlmişəm. O dövrdə əlyazmalara əsasən, hətta şəkillərə qədər qəzetin həcmini, miqyasını dəqiqliklə bilirdik. Amma onlayn media bitib tükənmir, həcm yoxdur. Həcm həcmsizlikdir, sonsuzluqdur.

90-cı illərdə Türkiyə mediasında gedən informasiyaları təxminən bir gün sonra alıb ondan istifadə edirdik. İndi dünya mediasının xəbərlərini onlar dərc edincə, hətta biz onun araşdırmasına başlayırıq. Onlayn media informasiya baxımdan televiziyaları da, radionu da qabaqlayır. Bu baxımdan onlayn mediada iş bitmir, gecə-gündüz nə qədər işləsən, yenə də nəsə qalır.

Ən azı Axar.az-ın oxucularının həmişə tamamilə fərqli düşünməsini istəmişəm. Məhdud düşüncə, bu günlə yaşaya, məişət qayğılarına bulaşa bilmərik. Bizim iddialarımız tamamilə fərqlidir. Bu, əslində tarixi bir missiyadır. Yəqin ki, 20-30 ildən sonra bu tarixi günlərin nə qədər böyük olduğunu biləcəyik. Ona görə üzərimizə düşəni etməliyik.

- Qeyd etdiniz ki, kollektiviniz çox sürətlə yenilənir. Adətən Axar.az-a iş üçün tələbələr, məzunlar müraciət edir, onlar da uzun müddət qalmırlar. Dediniz ki, bu, yaxşı bir şeydir...

- Dəqiq belədir. Kollektivə deyirəm ki, harın redaktorlardan deyiləm. Mən redaksiyada ən çox işləyən müxbirəm. Heç vaxt kollektivdən tələbim olmayıb ki, mənim qədər işləyin. Onlara bir söz deyirəm: gün ərzində gördüyüm işin 20 faizini siz görün, məni qane edəcəksiz. Bəzən görürsən ki, uşaqların bəziləri bunu etmir, mən də onlardan çox ciddi narazı oluram, əsəbiləşirəm. Bir dəstə belə gedir.

İkinci “partiya” uşaqlar da var ki, çox sürətlə yetişirlər. Buna çox sevinirəm. Bu cür kadrları ikiqat, bəzən daha artıq maaşa “oğurlayıb” aparırlar. Belə hallar mütəmadi xarakter alıb.

Həmişə bu fikirdə olmuşam, mütləq kollektiv yenilənməlidir. Kollektiv daimi olduqca standartlaşma başlayır. Hərənin öz üslubu, yanaşması və mənbələri var. Bu zaman sayt qəlibləşir. Artıq oxucu saytda hansı materialın hansı tərzdə gedəcəyinə ovcunun içi kimi bələd olur. İnsan öz üzərində işləyib daim yeniliyə can atmalıdır. Çox təəssüf ki, indiki gənclərimiz adətən belə olmur. Onlar çox tənbəldirlər. Bir şeydən yapışırlar, vəssalam, elə bilirlər ki, hər şeyi bilirlər. Ona görə saytda bir monotonluq yaranır. Kollektivin yenilənməsi bu baxımdan çox gözəldir. Yeni uşaqlar gəlir, üslublar, baxışlar dəyişir. Yəni fərqlilik olur.

Hərdən mən özüm də darıxıram. Baxırsan ki, eyni yazılar, eyni simalar… Uşaqlara deyirəm ki, bəsdir qalstuk fotosu verdiniz, bir dənə də qəşəng qız şəkli qoyun. Baxmayaraq ki, bizim sayt ciddidir, bizdə maqazin-şou yazıları getmir. Hərdən uşaqlar idman xəbərləri yazanda mənə qəribə gəlir, amma deyirlər ki, müəllim, bu da olmalıdır. Onların fikirlərinə hörmətlə yanaşıram. Çünki doğrudan belə xəbərlər olmalıdır.

Gün ərzində imzam oldu-olmadı, fərqli mövzular, yazılar yazıram. Kollektivin yenilənməsini təqdir edirəm. Sadəcə bu, kadrların “oğurlanması” ilə olmamalıdır, təbii axarla olmalıdır. Biz nə qədər sıfırdan götürüb başlamalıyıq, digərləri bizdən hazır kadrlar götürməlidir?!

2013-cü ildə bu sayt yeni qurulanda belə qərar verdik ki, ancaq təzə uşaqlarla işləyək. Yəni heç bir redaksiyasının peşəkar işçisinə zəng edib, mənimlə davam etməsini istəmədim. Əgər o işçi özü ayrılırsa, bu, başqa məsələdir. Çünki istəmərəm, o redaksiyalar boşalsın. Mən bu münasibəti özümüzə qarşı görmədim.

- Sizcə, bir işçinin hansısa bir media orqanında işləmək müddəti nə qədər olmalıdır?

- Ən çox işlədiyim redaksiya buradır. Jurnalist fəaliyyətinə 1992-ci ildən başlamışam. Artıq 29 il tamam olub, 30-a keçib. Bunun 8 ilini Axar.az-da çalışmışam. Qalan 21 ildə 26 redaksiya dəyişmişəm. O vaxtlar redaksiyalar belə bol da deyildi. Səbirsiz insanam, bir yerdə duran deyiləm. Su bir yerdə çox qalanda iylənən kimi, adam da passivləşir.

Qabriel Qarsiya Markesə deyirlər ki, yazdığınız romanlarda, əsərlərdə süjetlər tez-tez dəyişir. Deyir ki, çünki mən özüm darıxan adamam. Yazanda darıxdığı üçün başlayır süjet xəttini dəyişməyə. Adam özü darıxmalıdır, ən azı özünü oxucunun yerinə qoymalıdır. Yaxud elə özü yaxşı oxucu olmalıdır.

Əgər özünü, üslubunu dəyişə, daim təkmilləşdirə bilirsənsə, bir yerdə 8 il də qala bilərsən. Əgər özünü dəyişə bilmirsənsə, üslubunu götürüb başqa yerə getsən yaxşıdır. Yəni hansısa bir media orqanında işləmək müddəti insanın özünün yenilənməsindən asılıdır.

- Ötən illərə baxanda hansı çatışmazlıqları, səhvləri görürsüz?

- Kim deyir ki, mən indi razıyam?! Razı olmadığım üçün çox işləyirəm. Az qala hər xəbərdən sonra elə düşünəm ki, daha təkmil, fərqli vermək olardı. Yəni səhvi, çatışmazlığı nəinki 8 il əvvəl üçün, dünən, bu gün, hətta sabah üçün də demək olar.

Axar.az 2-3 ay olardı yaranmışdı. Bir xəbər qoymuşduq. Onu 1-2 saat ərzində yeniləmədən 4-5 dəfə redaktə etdim. Ancaq xəbərin mahiyyəti qalmışdı. Heç demə, başqa saytdan olan redaktor dostlarımızdan biri bunu izləyirmiş. Axırda mənə yazdı ki, sən bir xəbəri nə qədər redaktə edirsən?!

İndi bir xeyli təcrübəmiz yaranıb, oturuşmuşuq, konkret auditoriyamız var. Bizi sevənlər, bizim sevdiklərimiz, qarşılıqlı olaraq nifrət edənlər var və sair. Amma onda yeni idik və səhvlərimiz daha qabarıq nəzərə çarpırdı. İndinin özündə də səhv var. Ümumiyyətlə, tək özümüzü demirəm, Azərbaycan mediasında səhvlər çoxdur. Təkrar, eyni məzmunlu, mahiyyətindən kənar məlumatlar…

Ümumiyyətlə, redaktə elə bir şeydir ki, bitib tükənmir. Bütün materialları sonsuzadək redaktə etmək olar. Gücüm çatdıqca istəyirəm ki, dil normalarını qoruyum. Xəbər axını o qədər sürətli olur ki, bunların hamısını çatdırmaq, qaydalara əməl etmək çətinləşir. Amma sonradan onlara düzəliş etmək onlayn medianın üstünlüyüdür.

- Ötən il döyüş əməliyyatları ilə yanaşı, informasiya savaşına da xüsusi diqqət yetirildi. Bu mənada rus və ingilisdilli medianın üzərinə böyük yük düşdü. Bildiyimiz kimi, Axar.az 3 dildə fəaliyyət göstərir. Saytınız o dönəmdə fəaliyyətini necə qurmuşdu?

- Müharibənin ilk günündə kollektivə dedim ki, sizin yaşıdlarınız cəbhədə yatmır, canı, qanı ilə vuruşur, kim rahat yataqda yatmağı vicdanına sığışdırısa, redaksiyadan gedə bilər. Yəni müharibə vaxtı redaksiya heyəti ilə bu prinsiplə işləmişik. Sağ olsun hamısı, o cümlədən, rus redaksiyamız, gücü daxilində öhdəsindən gəlməyə çalışdı, elə ingilis redaksiyası da. Amma daha çox rus redaksiyanın yükü artmışdı.

Bizim əski əlifba versiyamız müharibədən az öncə bağlandı. Bir az diqqətsizlik olmuşdu. Bu sayt Azərbaycan ədəbi dilində idi, amma ərəb əlifbası ilə fəaliyyət göstərirdi. Məlumdur ki, bu auditoriya kimə ünvanlanıb. Xüsusilə son proseslər göstərdi ki, Azərbaycan mediasının bu cür versiyaya böyük ehtiyacı var. İran hakimiyyəti kiril və ya latın əlifbası ilə mənə informasiya satır. Adama deyərlər, siz ölkə daxilində 40 milyon üçün əski əlifbada, azərbaycanca saytları bağlayırsınız, ölkə xaricində latın və ya kiril əlifbası ilə fəaliyyət göstərən sayt niyə yaradırsınız? Bu informasiya savaşını kimin üçün aparırsınız?! Ölkənin 40 milyona çatan azərbaycanlı vətəndaşlarını normal informasiya ilə təmin etmirsən, amma xaricdə latın əlifbası ilə azərbaycanca sayt yaradırsan? Kimə ünvanlamısan bu saytları? Azərbaycana? Azərbaycanın yüzlərlə müstəqil, operativ saytı var. Sən get öz dərdinə qal!

Bu, Azərbaycanda ərəb əlifba isə, ədəbi dil normalarına uyğun yeganə sayt idi. Təəssüf ki, bağlandı.

Necə ki Azərbaycan mediası rus və ingilis versiyasına üstünlük verir, istərdim ki, hər bir normal saytın gücü daxilində əski əlifba versiyası da olsun. Çünki güneydəki soydaşlarımızın 90 faizi latın əlifbasını bilmir. Söhbət təkcə İrandan getmir, Suriya, İraq, Əfqanıstanda nə qədər təmiz Azərbaycan türkləri var. Təəssüf ki, bu qədər arealı əhatə edən soydaşlarımız üçün Azərbaycanda fəaliyyət göstərən saytların heç birində əski əlifba versiyası yoxdur.

- Bunun səbəbi nədir?

- Birinci, kadr çatışmazlığı, ikincisi, maliyyə ayırmaq istəmirlər. Çünki hesab olunur ki, onun auditoriyası geniş deyil və haqlıdırlar. Çünki çoxsaylı maneələr olur.

Axar.az-ın əski əlifba versiyası 4 il fəaliyyət göstərdi. Bu versiya Urmiyada, Təbrizdə, Sulduzda, Marağada tez-tez bloklanırdı, filtir qoyulurdu. Biz bu filtri yarıb keçirdik, amma bu da oxucu itkisinə səbəb olurdu. Maraqlısı odur ki, Tehranda bir dəfə də olsun bloklanmadıq. Çünki burada yaşayanların düşüncəsi, baxışları fərqlidir. Əgər ərəb əlifbası versiyaları çoxalarsa, auditoriyalarımız da genişlənər və bloklanma da məhdudlaşar. İran hansı birini bloklayacaq ki?

Rus və ingilis versiyasına paralel olaraq əski əlifbada da saytlar olmalıdır. Hesab edirəm ki, birinci növbədə qardaşlarımıza sözümüz çatmalıdır, onlar doğru-dürüst informasiyanı, ölkəmiz haqda xəbərləri bizim özümüzdən almalıdırlar, türklərə hər zaman yuxarıdan aşağı baxan və vaxtaşırı təhqir edən şovinist farslardan yox.

- Sonda belə bir "şirin sual" vermək istəyirəm. Bu gün tort olacaqmı?

- Mütləq olacaq (gülür). Mütəmadi təkararlayıram ki, yadımdan çıxmasın: Axar.az 8 il əvvəl - 2013-cü il oktyabrın 19-u saat 12:08-də onlayn oldu. Həmin gün gözlənilməz bir oxucu reaksiyası ilə qarşılaşdıq. Gecə saat 12-yə qədər saytın İP-i 8 min 600-ü keçmişdi. İlk gündən bu, çox böyük göstərici idi. Ona görə hər il ad günümüzdə çalışırıq ki, saat 1-ə işləmiş tort kəsək...


Müəllif: Yeganə Oqtayqızı