“Avropa məkanında Azərbaycanın beynəlxalq mövqeyini və nüfuzunu sarsıtmağa çalışan fransalı siyasətçilərin və vəzifəli şəxslərinin Azərbaycan dövlətinə, onun başçısına yönəlik böhtan, təhqir və ədəbsizliklərə qarşı ən sərt formada cavab verilməlidir”.
Teleqraf.com xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib.
Millət vəkili fransalı siyasətçilərin Azərbaycana qarşı qərəzli açıqlamalarına diqqət çəkib:
“Görəsən, Avropada Fransa qədər diplomatik tərbiyədən uzaq ikinci bir dövlət varmı? Maraqlıdır ki, özlərinin Milli Assambleyasına da xeyli belə tərbiyəsizləri yerləşdiriblər və gücləri çatan ölkələrə qarşı yekəxana tərzdə açıqlamalar verirlər. Azərbaycan Prezidenti bu qanmazlara izah edir ki, sənin prezidentliyə namizədin sərhədlərimizi pozaraq Azərbaycan ərazisinə daxil olur və terrorçularla əməkdaşılıq edir, əvəzində Milli Assambleyanın Respublikaçılar partiyasından olan üzvü Erik Siotti ədəbsizlik edərək dövlət başçısını təhqir etməyə özündə cəsarət tapır.
Ardınca isə Fransanın Avropa və xarici işlər üzrə naziri Jan İv Lö Drian bu ilin yanvarın 18-də bu ölkənin Milli Assambleyasında ağıllı diplomata yaraşmayan tərzdə açıqlama verib Valeri Pekres adlı prezidentliyə namizəd olan başıpozuq qarının Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfərinə haqq qazandırmağa çalışır. Üstəlik də Azərbaycan Prezidentinin bu qanuntanımaz terrorçularla əməkdaşlıq edən qarının əməlləri ilə bağlı söylədiyi fikirlərin “forma və mahiyyət etibarilə qəbuledilməz olduğunu” bildirir”.
Fazil Mustafa qeyd edib ki, nazir Lö Drian digər ölkənin dövlət başçısının açıqlamasını olduqca ədəbsiz və məsuliyyətsiz formada şərh etməklə diplomatik ənənələri pozub:
“Prezident İlham Əlyevin Valeri Pekress, Mişel Barniyer və Brüno Retayyonun Azərbaycanın ərazilərinə qanunsuz səfəri ilə bağlı açıqlamaları birbaşa suveren dövlətin beynəlxalq hüququn tələblərini xatırlatmağa əsaslanır və tamamilə məntiqlidir. Əslində prezident əli Azərbaycan xalqının qanına bulaşmış terrorçuları dəstəkləyən bu qanuntanımız fransız vətandaşlarını yumşaq üslubda tərbiyələndirməyə, islah etməyə çalışıb və Pekressin Fransa prezidentliyinə namizədlik statusunun Azərbaycan ərazisində deyil, yalnız Fransada keçərli olduğunu xatırladıb.
Onsuz da Azərbaycanda Fransa 44 günlük müharibə və ondan sonrakı dövrdə işğalçı Ermənistanın tərəfində yer alan və terroru dəstəkləyən ölkə kimi tanınır. Üstəlik Fransa Milli Assambleyasının tarixdə analoqu olmayan elə bir həyasızlığa imza atıb ki, bunun izahını heç zaman beynəlxalq hüquq nöqteyi-nəzərindən verə bilməyəcəklər. Belə ki, Milli Assambleyanın hər iki palatası hətta Ermənistanın belə tanımadığı qondarma “Dağlıq Qarabağ Respublikasını” tanımağa çağıran sənədlər qəbul edib.
Fikrimcə, Avropa məkanında Azərbaycanın beynəlxalq mövqeyini və nüfuzunu sarsıtmağa çalışan fransalı siyasətçilərin və vəzifəli şəxslərinin Azərbaycan dövlətinə, onun başçısına yönəlik böhtan, təhqir və ədəbsizliklərə qarşı ən sərt formada cavab verilməlidir”.