27 Sentyabr 16:40
257
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 27 sentyabr-Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Teleqraf.com xəbər verir ki, təbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, universitetin professor-müəllim heyəti, şəhid məzunların ailə üzvləri və yaxınları, həmçinin tələbələr iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ADNSU-nun Vətən müharibəsində şəhid olmuş məzunlarının xatirəsinə salınmış Kompleksin önünə əklil qoyub, şəhidlərin xatirəsini dərin ehtiramla yad ediblər.

Universitetin akt zalında davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib və 44 günlük Vətən müharibəsində, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan ADNSU-nun rektoru, professor M.Babanlı Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi rəşadətdən, xalq və ordu birliyi sayəsində 44 günlük Vətən müharibəsində qazanılan şanlı zəfər tariximizdən danışıb. Xalqımıza bu tarixi zəfəri yaşadan oğullarımızın, şəhidlərimizin, qazilərimizin döyüş yolundan söz açan rektor, professor M.Babanlı tarixi qələbəmizdə öz payı olan ADNSU-nun da 23 nəfər şəhid məzunu olduğunu və onların xatirəsinin universitetdə hər zaman uca tutulacağını qeyd edib.

Sonra ADNSU-nun 23 nəfər şəhidinin xatirəsinə həsr olunmuş “Tarix yazan qəhrəmanlar” filmi nümayiş olunub.
Tədbirdə Şəhidlərin ailə üzvləri və yaxınları çıxış edərək övladları ilə bağlı xatirələrini bölüşüb, onlara göstərilən diqqət və ehtirama görə təşəkkürlərini bildiriblər.


Müəllif: Teleqraf.com