Bölgəmizdə, onun ətrafında maraqlı proseslər gedir. Onların yekunu regionun təzədən şəkillənməsində çox mühüm rol oynaya bilər. Proseslərin episentrində indi Türkiyədir. İndi əksər suallar, nəzərlər, necə deyərlər, Türkiyə üzərinə fokuslanıb - istər Yaxın Şərqlə bağlı böhranlı problemlər və İŞİD məsələsi olsun, istərsə də Ankaranın Rusiyaya “xilas pəncərəsi” açmaq məsələsi.
Yavaş-yavaş aydın olur ki, bu problemlərin hamısında böyük regional oyunçu olaraq və son illər müstəqil siyasət xəttinə üstünlük verən Türkiyənin rolu bənzərsiz, əvəzsiz və vazkeçilməzdir. Belə görünür, bunu Qərbdə artıq bütün ciddiliyi ilə dərk eləməyə başlayıblar. Nəhayət, anlamağa başlayıblar ki, bu ölkə ilə hədə, təzyiq, erməni kartı ilə şantaj dilində danışmaq dövrü bitib. Türkiyəni itirməmək üçün onunla yalnız tərəfdaş kimi davranmaq gərəkdir.
Dekabrın 8-9-da Avropa Komissiyasının bir neçə üzvünün Türkiyəyə səfər edərək burada ən yüksək səviyyədə danışıqlar aparması, Avropa Birliyinə (AB) üzvlüyün tezləşdiriləcəyi ilə bağlı rəsmi Ankaraya mesajlar verməsi Qərbin narahatlığının hansı səviyyədə olduğunun təzahürü sayıla bilər.
“Türkiyənin AB-yə üzvlüyü prosesi sürətləndirilməlidir”. Bu fikri Ankaradakı mətbuat konfransında qurumun qonşuluq və danışıqlar Avropa siyasəti üzrə komissarı İohanens Han bildirib. Avrokomissar daha sonra deyib: “Biz bilirik ki, Türkiyə Avropa dəyərlərinin tam dərki ilə birgə işə köklənib. Bizim ən sıx iqtisadi əlaqələrimiz olmalıdır, ancaq hələ ki, qanunvericilik və insan haqları sahəsində islahatlar tələb olunur. Ancaq əgər söhbət təşkilata qəbuldan gedirsə, onu deyə bilərəm ki, yeni Avrokomissiya və onu bütün üzvləri mümkün olan hər şeyi edəcəklər ki, proses sürətlənsin”.
Burdaca arayış üçün xatırladaq ki, qardaş ölkənin AB-yə üzvlüyü ilə bağlı danışıqlar 2005-c ildən başlayıb. O vaxtdan tərəflər Ankaranın yerinə yetirməli olduğu 35 texniki bənddən 14-ü ilə bağlı anlaşıblar. Danışıqlar dəfələrlə fikir ayrılıqları ilə mürəkkəbləşib və dayanıb.
Türkiyənin üzvlüklə qarşısına saysız, hətta aşağılayıcı şərtlər qoyulması, - hansı ki, heç bir üzv dövlət bu qədər incidilməyib, - təbii ki, günün birində Ankaranın quruma üzvlüklə bağlı həvəsini öldürəcəkdi. Elə də oldu. Qərbdən itələnən Türkiyə üzünü tədricən Şərqə çevirməyə başladı. Amma ağıllı şəkidə, Qərblə telləri tam qırmadan, ortaq dəyərləri saxlayaraq.
Beləliklə, nə olmalı idisə, o da oldu. Ancaq belə görünür, Avropa Ankaranın könlünü xoş eləmək üçün hərəkətə keçib. Hətta hansısa proje içindədir. Projenin qayəsində də Moskva-Ankara əlaqələrinin “təhlükəli həddə istiləşməsi” üzündən qardaş ölkəni “Rusiyadan almaqdır”.
Vurğulayaq ki, avrokomissarların Ankara ziyarətinin bir əsas məramı Türkiyəni Rusiyaya yaxınlaşmaqdan çəkindirmək, onun Kremlə qarşı sanksiyalara qoşmaq, bu alınmasa, heç olmasa, Türkiyəni neytral mövqe tutmağa çağırmaq olub. Nə dərəcədə buna nail olunub, zaman göstərəcək. Amma üzvlük məsələsində tezliklə ciddi irəliləyişin olacağı inandırıcı deyil. Ən azı ona görə ki, AB-nin iki aparıcı ölkəsi - Fransa, İngiltərə Türkiyə kimi böyük dövlətin quruma qəbuluna qısqanclıqla yanaşır.
Səbəblər barədə zaman-zaman yazılıb. Ən başlıcası odur ki, Paris və London AB-də bir iri müsəlman ölkəsinin də onlar qədər söz sahibi olacağından narahatdır və bunu istəmirlər.
Ankara isə AB-yə əvvəlki tək bir elə can atmır. Çünki hər şeyin öz zamanı var. Zaman isə o zaman deyil. Üstəgəl, situasiyanın Türkiyənin xeyrinə olan, Avropaya təzyiq xarakterli bir özəlliyi də var. Bu da “Cənub axını” qaz layihəsi bağlanandan sonra qardaş ölkənin qitə üçün ötürücü-paylayıcı rolunun artmasıdır.
Lakin Ankara-Moskva münasibətləri heç də bütün sahələr üzrə göründüyü kimi, rəvan getmir. Ziddiyyətlər də kifayət qədərdir. Məsələn, Suriyadakı duruma, Bəşər Əsədin taleyinə yanaşmalar diametral şəkildə fərqlənir. Əgər Türkiyə Əsədin qeyd-şərtsiz hakimiyyətdən getməsinin tərəfdarıdırsa, Rusiya Suriyanın gələcəyini Bəşər Əsədlə təsəvvür edir və onun legitimliyinin hamı tərəfdən tanınmasını istəyir. Yəni bu məsələdə Ankara Qərbin yatındadır. Hərçənd, taktiki baxımdan müəyyən fikir ayrılıqları qalır. /musavat.com/