12 Dekabr 2022 20:56
3 636
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vladimir Putin Rusiyada Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşünü təşkil etməyə çalışır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert Rusiya liderinin Azərbaycan Prezidenti İlham Əliyevə telefon zənginə diqqət çəkib:

“Putinin zəngi Azərbaycanın fəaliyyətindən narazılıq etdiyi sülhməramlılarla bağlı Rusiyaya nota verməsi və Laçın yolunda etiraz aksiyasının başlaması fonunda gəldi. Rusiya başçısı telefon danışığında ənənəvi olaraq üçtərəfli razılaşmaların yerinə yetirilməsinin vacibliyindən danışdı. Halbuki həmin razılaşmaları pozan tərəf elə Rusiyanın özüdür.

Qənaətimə görə, Moskva Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşünün keçirilməsində maraqlıdır. Putinin Əliyevlə telefon danışığında bu təklifi verdiyi istisna deyil. Rusiya lideri vasitəçilik təşəbbüsünün ABŞ-a keçməsindən narahatdır, son günlərdəki fəallığı da bununla bağlıdır.

Əlbəttə, görüş konkret nəticələrin əldə edilməsinə hesablanıbsa, Əliyevin bundan imtina edəcəyini düşünmürəm. Dekabrın 7-də Brüsseldə keçirilməsi nəzərdə tutulan görüş məhz nəticəsiz yekunlaşacağına görə təxirə salındı. Nikol Paşinyanın görüşə Fransa Prezidenti Makronu cəlb etmək istəyi uğursuz gediş idi. Əliyevin buna razılıq verməyəcəyi bəlliydi”.

Məhəmməd Əsədullazadə liderlərin növbəti görüşünün Gürcüstanın paytaxtında keçirilə biləcəyini də iddia edib:

“Artıq Paşinyan da yeni görüş üçün Tiflisi uyğun variant kimi görür. Əslində, bu, Azərbaycanın bir neçə ay əvvəl irəli sürdüyü təklifidir və Vaşinqton da bunu dəstəkləyib. Zənnimcə, Tiflis görüşü Moskva və Brüsseldən fərqli olaraq, daha da müsbət atmosferdə keçə bilər. ABŞ bu mümkün prosesi dəstəkləyir. Demək, Vaşinqtondan Paşinyana ciddi təzyiq olub ki, görüşün Moskvada yox, Tiflisdə keçirilməsinə olan marağını dilə gətirir. Putin də ona görə əl-ayağa düşüb ki, bu planın qarşısını alsın”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər