“İranın nə özü vətəndaşlarına kömək edir, nə də bizə imkan verir ki, yardım (Güney Azərbaycana) çatdıraq”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert molla rejiminin Güney Azərbaycanda zəlzələdən əziyyət çəkən soydaşlarımızı görməzdən gəldiyini bildirib:
“İranda zəlzələ nəticəsində evləri dağlan və soyuqda açıq havada gecələyən və ərzaq qıtlığı ilə üzləşən soydaşlarımıza necə kömək edə bilərik? Bu sual çoxlarımızı narahat edir. Azərbaycanın İranla münasibətləri gərgindir, terror hücumu nəticəsində Tehrandakı səfirliyimiz fəaliyyətini dayandırıb. Buna baxmayaraq, soydaşlarımıza kömək üçün İran hakimiyyətinə müraciət oluna bilər. Belə bir müraciət olunub, Tehran yardım təklifimizi rədd edib.
Başqa alternativ yardımlarımızı Türkiyə üzərindən İrandakı soydaşlarımıza çatdırmaq olardı. Ancaq Tehran Türkiyənin də yardım təklifindən imtina edib. Nə özləri vətəndaşlarına kömək edir, nə də bizə imkan verirlər ki, yardım çatdıraq.
Tehranın Urmiya gölünün qurumasına və ekoloji fəlakətə seyirçi qalmasıyla, zəlzələ qurbanlarına münasibətində heç bir fərq yoxdur. Eyni siyasətdir”.
Elxan Şahinoğlu güneyli soydaşlarımıza başqa formalarda yardım edə biləcəyimizi düşünür:
“Daha nə edə bilərik? Variantlardan biri, Araz çayının şimal sahilində müvəqqəti çadır şəhərciyi quraraq zəlzələ qurbanı olan soydaşlarımıza sahib çıxmaqdır. Ancaq bunun reallaşması üçün sərhədi müvəqqəti açmalı və zəlzələdən zərər çəkən soydaşlarımızı ölkəmizə dəvət etməliyik. İran buna da mane olarsa, Tehranın vətəndaşlarını ölümə məhkum etdiyi aydınlaşacaq”.