17 Fevral 2023 11:55
913
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Xarici işlər naziri Ararat Mirzoyan Türkiyədə olarkən Baş nazir Nikol Paşinyan axşam saatlarında “Vətəndaş Müqaviləsi” fraksiyasının bir qrup deputatı ilə qapalı görüş keçirmək üçün parlamentə tələsib. Deputatların əksəriyyəti ezamiyyətdə olduğundan baş nazirlə görüşə fraksiyadan az adam qatılıb”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

Nəşr qeyd edir ki, görüş qısa olub:

“Paşinyanın parlamentə tələsməsinin məqsədi sülh sazişi ilə bağlı xəbərləri çatdırmaq olub, daha dəqiq desək, komanda yoldaşlarına Ermənistanın növbəti dəfə öz təkliflərini Azərbaycan tərəfinə təqdim etdiyini və cavab gözlədiyini bildirməyə gedib. Paşinyan söhbətin hansı təkliflərdən getdiyi barədə geniş açıqlama verməyib və əsaslandırıb ki, əslində əvvəlkilərlə müqayisədə böyük dəyişikliklər yoxdur”.

Paşinyan görüşdə sülh sazişinin bu il imzalanacağına ümid etdiyini bildirib: “Onun sözlərinə görə, tərəflərin (Azərbaycan və Ermənistanın) mövqeləri bir-birinə çox yaxınlaşıb. Bununla belə, baş nazir əlavə edib ki, onu narahat edən yeganə məsələ həmin sənədi imzalayandan sonra (Ermənistanda) nələrin baş verəcəyidir. Paşinyan “Vətəndaş Müqaviləsi” fraksiyasının üzvlərinə deyib ki, Ermənistan tərəfinin əsas tələblərindən biri imzalanacaq sənəddə sazişin imzalanmasından sonra regionda davamlı sülhün təmin olunacağına dair bütün təminatların öz əksini tapmasıdır”.

Paşinyan bu görüşdən sonra - hökumətin iclasında Ermənistanın Azərbaycanla sülh və münasibətlərin qurulması sazişinin növbəti mərhələsi üzrə işləri başa çatdırdığını və təkliflərini Azərbaycan, Fransa, ABŞ və Rusiyaya təqdim etdiyini söyləyib.

Nəşr rəsmi mənbələrə istinadən yazır ki, artıq bu sənəd Mirzoyan tərəfindən (Ankarada olarkən) Türkiyə vasitəsilə Azərbaycana ötürülüb

“Hraparak”a görə, sözügedən sənədin imzalanması Ermənistan tərəfindən Qarabağın Azərbaycan ərazisi kimi tanınmasını rəsmiləşdirəcək və bunu Paşinyanı dəstəkləyən Qərb də istəyir:

“Qərbin fikrincə, Ermənistan Qarabağ məsələsindən əl çəkərək, onu Azərbaycanın ərazi hissəsi kimi tanımalı və sazişi imzalamalıdır, Rusiya versiyası isə budur ki, sülh müqaviləsi kommunikasiyaların açılmasını, sərhədlərin delimitasiyası və digər məqamları özündə əks etdirməlidir, Qarabağ məsələsinin həlli isə qeyri-müəyyən müddətə buraxılmalıdır.

Paşinyan sentyabrda Rusiya variantı üzrə Azərbaycanla sülh müqaviləsini imzalamağa hazır olduğunu bəyan edib. Amma bundan sonra Rusiya xarici işlər naziri Sergey Lavrov ona cavab olaraq bildirdi ki, Paşinyan artıq Praqada fərqli razılaşma əldə edib. Praqada dördtərəfli formatda keçirilən görüşdə Azərbaycan və Ermənistan 1991-ci ildə imzalanmış, bir-birinin ərazi bütövlüyünü tanıyan Almatı bəyannaməsini bir daha təsdiqləyib”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər