“Azərbaycanla münasibətlər nizamlanmasa, Ermənistan-Türkiyə münasibətlərindən gözləntilərə ehtiyac yoxdur”.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants deyib.
“Ararat Mirzoyanın Türkiyəyə səfərinə münasibətim müsbətdir. Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasının tərəfdarıyam, amma istənilən səfərə emosiya olmadan reaksiya vermək lazımdır. Bu səfərdən nə əldə etdik? İki ölkənin nazirləri sərhəd infrastrukturunun sərhədlərin açılmasına uyğunlaşdırılacağını açıqladılar. Bu çərçivədə Ani körpüsü də müzakirə olundu, İpək Yolu və sair söhbətlər getdi. Bəs bu o deməkdirmi ki, Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi ilə bağlı qərar var? Təbii ki, yoxdur. Çox da eyforiyaya qapılmamalıyıq. Bəli, zəlzələdən sonra müsbət mesajlar verildi, sərhədlərin açılması və sair haqda müzakirələr gedir. Bu müsbət haldır, amma digər tərəfdən onu da qeyd etmək lazımdır ki Çavuşoğlu Ermənistan-Azərbaycan münasibətlərindən də danışıb”, - ekspert bildirib.
Surenyants qeyd edib ki, Ermənistan-Türkiyə münasibətlərində kiçik dəyişikliklər müşahidə etmək olar, amma bu, Ankaranın siyasətinin dəyişməsi anlamına gəlmir:
“Ermənistan-Türkiyə sərhədinin açılması Ermənistan-Azərbaycan münasibətlərinin inkişafı ilə şərtlənir. Bu, obyektiv mövqedir, çünki Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətləri bir-birinə bağlıdır. Bunları bir-birindən ayırmaq mümkün deyil”.
Politoloq əvvəllər Ermənistanın Azərbaycanla daha çox dialoq aparırdısa, bu gün daha çox Türkiyəyə üz tutması ilə bağlı müzakirəyə də toxunub:
“Metodoloji səhvdir, tarixi, diplomatiyanı bilməməyin nəticəsidir. Azərbaycanla münasibətlər nizamlanmasa, Ermənistan-Türkiyə münasibətlərindən gözləntilərə ehtiyac yoxdur. Ermənistan bir dəfə “futbol diplomatiyası” çərçivəsində bu yöndə addım atmağa çalışıb. Sürixdə bu çərçivədə protokollar da imzalandı, konkret sənədlər ratifikasiyaya getdi və sair. Amma Ermənistan-Azərbaycan münasibətlərində paralel irəliləyiş qeydə alınmadığından “futbol diplomatiyası” uğurlu olmadı. Qarabağ məsələsi ilə bağlı Kazan prosesi iflas etdikdən sonra protokolların imzalanmasından asılı olmayaraq, Ermənistan-Türkiyə münasibətlərindəki böhran davam etdi.
Çavuşoğlu öz mövqelərini incə ifadə etdi. O bildirdi ki, üç ölkə - Ermənistan, Azərbaycan və Türkiyə arasında sülh bərqərar olmalıdır. Bu məsələdə irəliləyiş olmayana qədər sərhədin açılacağını gözləyə bilmərik. Bu çox aydındır”.
Sureyants Türkiyə ilə yanaşı, Azərbaycanın da Ermənistanla münasibətlərini tənzimləmək istədiyini iddia edib.