18 Aprel 2023 11:36
3 939
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk müdafiə sənayesinin uğurları 1974-cü ildə ABŞ-ın Türkiyəyə tətbiq etdiyi 3 illik silah embarqosundan sonra 50 il ərzində başlayan hərbi təchizatı gücləndirmək siyasətinin nəticəsidir.

Teleqraf.com xəbər verir ki, bu barədə Fransanın “La Croix” qəzeti yazır.

PUA-ları “Ankaranın yeni təsir aləti” adlandıran nəşr Liviya, Azərbaycan və Ukraynadakı müharibələrdə istifadəsi ilə məşhur olan “Bayraktar TB2” dronunun Türkiyənin sənaye və diplomatik strategiyasının bir parçası olduğunu qeyd edib.

“TB2 Qarabağ (Azərbaycan) və Ukraynada istifadə olunduqdan sonra Türkiyə müdafiə sənayesinin flaqmanına çevrildi. Türkiyə dronundan Afrika, Mərkəzi Asiya, Yaxın Şərq və Avropada təsir strategiyasına xidmət üçün istifadə edir”, - qəzet bildirib.

Məqalədə qeyd olunub ki, Qərb ölkələrindən fərqli olaraq Türkiyə müdafiə sənayesi eyni anda təyyarə və PUA-ları inkişaf etdirə bilib.

“Baykar Makina” tərəfindən istehsal edilən və hazırda donanmada istifadə oluna bilən yeni TB3-ə də toxunulub:

“Türkiyənin hazırladığı ilk gizli döyüş təyyarəsi olan “Kızılelma” ilə birlikdə türk ekosisteminin bu iki incisi “TCG Anadolu” döyüş gəmisini və “Hürjet” yüngül döyüş təyyarələrini təchiz edəcək.

Daha bir strateji layihə olan gələcəyin TF-X döyüş təyyarəsinin ilk sınaqlarından keçmə prosesində olduğu bildirilir”.

Türkiyənin müdafiə sahəsindəki irəliləyişi ilə bağlı bu fikirlərə yer verilib:

“Türkiyə müdafiə sənayesinin uğurları 1974-cü ildə ABŞ-ın Türkiyəyə tətbiq etdiyi 3 illik silah embarqosundan sonra 50 il ərzində başlayan hərbi təchizatı gücləndirmək siyasətinin nəticəsidir.

Ankara üçün əsl diplomatik bayraqdar olan “Bayraktar” PUA-ları Afrika və Orta Asiyada təsir alətinə çevrilib. Mərakeş, Efiopiya, Niger və Toqo sərhədlərini mühafizə edə biləcək gücə malikdir.

Türkiyə Rusiyanın Orta Asiyada geri çəkilməsindən də faydalanır. Azərbaycan, Qırğızıstan, Türkmənistan və Qazaxıstan Türkiyə dronlarını satın alıb”.

Fransız nəşri yazır ki, Türkiyənin hərbi ixrac strategiyası “üçüncü yol” imicindən faydalanır:

“Yaxın Şərq və Avropada münasibətləri düzəltmək və ya sabitləşdirmək üçün vasitəçi rolu oynayır. 2022-ci ilin sentyabrında Birləşmiş Ərəb Əmirliklərinin 120 ədəd TB2 alması Ankara ilə Əbu-Dabi arasında barışığa səbəb olub.

2021-ci ildə Türkiyə Polşaya 24 ədəd TB2 sataraq Avropada nüfuz qazanıb. Bir müddət NATO-ya girişi Türkiyə tərəfindən əngəllənən Finlandiya da Ankaradan PUA ala biləcəyinə eyham vurub”.

Məqalədə bildirilib ki, Moskvaya sanksiya tətbiq etməkdən imtina edən Ankara Rusiyadan karbohidrogen idxalını və bu ölkəyə çoxlu sayda məhsul ixracını davam etdirir, eyni zamanda Ukraynaya dron verir.

Türkiyənin səyləri iki tərəf arasında vasitəçi rolu oynamağa imkan verən balanslaşdırıcı davranış olaraq təsvir edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər