25 Aprel 2023 19:57
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Audiovizual Şura və Medianın İnkişafı Agentliyinə (MEDİA) yeni səlahiyyət verilib.

Prezident İlham Əliyevin müvafiq Fərmanına əsasən, media subyektləri tərəfindən sağlamlığın və ətraf mühitin qorunmasına zidd olan hərəkətlərin təbliğ olunması və Qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsi (yayımlanması) ilə bağlı inzibati xətalar haqqında işlərə audiovizual media subyektlərinə münasibətdə Audiovizual Şurası, digər media subyektlərinə münasibətdə Medianın İnkişafı Agentliyi (MEDİA) baxacaq.

Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) təsisçisi Müşfiq Ələsgərli dəyişikliyi Teleqraf.com-a şərh edib.

O bildirib ki, media fəaliyyətinin, informasiya dövriyyəsinin tənzimlənməsi üçün inzibati xətalar məcəlləsinə təklif edilən dəyişikliklərin qüvvəyə minməsi, paralel olaraq Audiovizual Şura və Medianın İnkişafı Agentliyinə (MEDİA) müvafiq olaraq yeni səlahiyyətlərin verilməsi təqdirəlayiq haldır: “Hazırkı dəyişikliklərə uyğun olaraq tənzimlənmə, müvafiq olan qanunlar əslində "Media haqqında" qanunda və “Jurnalistlərin peşə əxlaqı kodeksi”ndə öz əksini tapmış məsələlərdir. Bu sırada Təqsirsizlik prezumpsiyasının tənzimlənməsi məsələsi “Jurnalistlərin peşə əxlaqı kodeksi”ndə var. Yaxud jurnalist fəaliyyətinə, o cümlədən informasiya əldə edilməsinə mane olan halların yolverilməzliyi haqqında müddəalar Media haqqında qanunvericilikdə var. Amma bu prinsiplərin pozulmasına görə hansı məsuliyyətin yaranması, eyni zamanda məsuliyyət yaranan şəxsin necə cəzalanması məsələsində bir qədər qeyri-müəyyənlik vardı. Bu gün inzibati xətalar məcəlləsinə edilən dəyişikliklər bu qeyri-müəyyənliyi aradan qaldırır və bu prinsipləri pozan şəxslərin cəzalandırılması üçün kifayət qədər aydın təsəvvür yaradır”.

Müşfiq Ələsgərli deyir ki, mövcud dəyişiklik Audiovizual Şuraya və MEDİA-ya Təqsirsizlik prezumpsiyası, ekoloji pozuntuların təbliğ olunması və sair məsələlərə bağlı monitorinqlər aparmağa, həmçinin prosesləri tənzimləməyə səlahiyyətlər verir: “Bütün bunlar media işinin şəffaflandırılması, yol verilmiş pozuntulara görə konkret mexanizmlərin yaradılması kimi şərh oluna bilər. Hesab edirik ki, həm Audiovizual Şura, həm də MEDİA yarandığı gündən indiyə qədər göstərilmiş bütün etimadları doğruldublar və onlara həvalə olunmuş işləri yüksək şəkildə həyata keçiriblər. Qənaətimcə, indi həvalə olunan səlahiyyətlərlə bağlı da kifayət qədər peşəkar davranacaqlar, bu prosesləri də tamamlaya biləcəklər.

Atılmış bu addımları son 4 ildə Azərbaycanda mediasında aparılan islahatların məntiqi ardıcıllığı kimi dəyərləndirmək olar. Bütün bu addımlar media fəaliyyətinin şəffaflaşdırılması, onun hüquqi çərçivəsinin cızılması, media aid prinsiplərin pozulmasına görə yaranan məsuliyyətlərin müəyyənləşdirilməsi və bu prinsipləri pozanların cəzalandırılması üçün aydın təsəvvürlər formalaşdırır. Bu, eyni zamanda media fəaliyyətinin daha da peşəkarlaşmasına şərait yaradır. Bu baxımdan baş verənləri alqışlayır, təqdir edirik. Arzulayırıq ki, bu məsələlər məntiqi sonluğuna çatdırılsın”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər