26 İyun 2023 16:57
2 120
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vaşinqtonda Bakı və İrəvan arasında əldə ediləcək anlaşma liderlərin Brüssel görüşündə təsdiqlənəcək”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş deputatı Arman Abovyan deyib.

Siyasətçi Qərblə (ABŞ, Britaniya, Avropa Birliyi) Şərq (Rusiya, İran və qismən Çin) arasında Ermənistanla bağlı qarşıdurmanın növbəti kəskin mərhələyə qədəm qoyduğunu iddia edir. Onun sözlərinə görə, Qərb Rusiya və İranı sıxışdırmağa çalışır. Abovyan Türkiyə-Azərbaycan tandemini də Qərbə aid edir.

“Qərbin İran və Rusiyanı sıxışdırıb çıxarmaq problemi var. Şərq üçün isə hər şey əksinədir: özünün Cənubi Qafqazdan qovulmasına imkan verməyərək, regionda möhkəmlənmək. İki proses və bir əsas amil bizim üçün vəziyyəti çətinləşdirir. Proseslərdən biri də Ukrayna yolunda hərbi qarşıdurmadır. Digəri isə Rusiyadaxili “yenidənqurma” prosesidir ki, onun aralıq zirvəsi “Vaqner”in Rusiya ərazisinə yürüşü idi. Əlbəttə, Qərb indi vaxt itirmədən öz planını superaktiv şəkildə həyata keçirəcək, çünki Rusiyanın başının daxili problemlərə qarışdığını düşünür”, - sabiq deputat vurğulayıb.

Abovyan Qərbin vasitəçiliyi ilə davam edən danışıqlar prosesinə də diqqət çəkib:

“Hazırda Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Vaşinqtondadır, orada ABŞ Dövlət Departamentinin sərt moderatorluğu altında danışıqların növbəti raundunu keçirəcəklər. İyulun 21-də isə Brüsseldə (liderlərin görüşündə) Vaşinqton razılaşmalarının kristallaşmasının davamı olacaq görüş planlaşdırılır.

Ermənistanın cənubu (Zəngəzur) artıq ABŞ, İran, Rusiya və Avropa Birliyi arasında siyasi-diplomatik münaqişə səhnəsinə çevrilib”.

Abovyanın iddiasına görə, ABŞ Qarabağ ermənilərini rəsmi Bakının şərt və tələbələri ilə onunla danışıqlara məcbur edir. O, bununla bağlı Vaşinqtondan təzyiqin olduğunu söyləyib. Onun fikrincə, Qərblə Şərq çox yaxında regionda toqquşa bilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər