2013-2014-cü tədris ilində Azərbaycan Tibb Universitetindən (ATU) 30-a yaxın tələbə xaric olunub. Bununla bağlı universitetin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
ATU-nun tədris şöbə müdiri Nəsimi Qasımov Teleqraf.com-a bildirib ki, universitetdən çıxanlar azərbaycanlı tələbələrdir. Onun sözlərinə görə, tələbələr öz istəkləri ilə bu addımı atıblar: “Söhbət təhsil almaq üçün xaricə yollanan azərbaycanlı tələbələrdən gedir”.
Nəsimi Qasımovun sözlərinə görə, hər hansı tələbənin Tibb Universitetindən çıxması yalnız öz xahişi əsasında mümkündür: “Ümumiyyətlə, ali məktəblərimiz boloniya prosesinə qoşulduqdan sonra tələbənin universitetdən xaric olması məsələsi yoxdur. Tələbə istəyir təhsilini 10 ilə başa vursun, istəyir 15 ilə.
Amma o, ilboyu universitetlə əlaqəni kəsməməli, qeydiyyatdan keçməli, dərsdə bir gün də olsa iştirak etməlidir. Dekabrın 29-u son dərs günüdürsə, dekabrın 27-də olsa belə tələbə gəlib qeydiyyatdan keçməlidir. Hazırda kredit sistemi ilə təhsil alan tələbənin müddət problemi yoxdur. Demək olar ki, bütün universitetlər bu standart üzrə təhsil verir”.
SEVİL