16 Sentyabr 2023 20:37
2 090
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan torpaqları Ermənistan və onu himayə edən dövlətlər tərəfindən işğal edildikdən sonra istər ABŞ rəsmi dairələri, istər mətbuatı, istərsə də ictimai xadimləri haqq savaşında heç vaxt ölkəmizin yanında olmayıblar. Hətta erməni diasporunun pulu ilə qidalanan, özünə böyük kapital toplayan, karyerasını formalaşdıran ABŞ-ın dövlət xadimləri, konqresmenləri və senatorları Azərbaycana qarşı ermənidən artıq düşmənçilik mövqelərini ortaya qoyublar”.

Bunu Teleqraf.com-a Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

O qeyd edib ki, Azərbaycana qarşı qərəzli mövqedə olan rəsmi və siyasətçilərin bu ənənəsi davam edir: “Ermənistanı beynəlxalq hüquqa riayət etməyə məcbur etmək əvəzinə, əksinə işğalçı dövlətin maraqlarına xidmət edən addımlar atıblar. Görünən odur ki, ABŞ və Fransanın dövlət siyasətində erməniləşmə kifayət qədər güclüdür. Onlar xarici siyasətdə Azərbaycan və Türkiyəyə qarşı düşmən mövqeyi tutur.

Bu gün ABŞ Ukraynada Rusiyaya qarşı müharibənin içərisində fəal yer alır. Bundan əlavə, ABŞ Ukraynaya təcavüzünə görə Rusiyaya sayını itirdiyimiz sanksiyalar tətbiq edib. ABŞ Ukrayna, Gürcüstan, Moldovanın ərazi bütövlüyünü tanıdığı halda, Azərbaycana yetərincə dəstək verməyib, ölkəmizi onlardan ayırıb. Təhlil edərkən uzun illər ABŞ-ın Azərbaycana qarşı qərəzli yanaşması və ikili standartlar nümunəsi ortaya çıxır. Ukraynaya verilən dəstəyin cüzi hissəsi bizə verilsəydi, torpaqlarımız 30 il işğal altında qalmazdı. Bu, ABŞ-ın ermənipərəst siyasətinin göstəricisidir”.

Fəzail Ağamalının müşahidələrinə görə, son vaxtlar Paşinyanın apardığı hiyləgər siyasət ABŞ və Fransanı özünə cəlb edib: “Paşinyan hakimiyyətə gətiriləndə onun qarşısında ciddi missiya qoyulmuşdu ki, hansısa mərhələdə Rusiyanın Ermənistandan getməsinə nail olmaq üçün öz kəskin mövqeyini irəli sürsün. Əslində bu gün Rusiya nə Gürcüstandadır, nə də Azərbaycanda. Rus sülhməramlıları Azərbaycan ərazisində müvəqqəti yerləşdirilib və onların 2025-ci ildə ölkəmizi tərk edəcəyinə şübhə etmirəm. Bu kontingentin ölkəmizdə olması heç bir halda Rusiyanın Azərbaycanda olması demək deyil.

Qalır Ermənistandan Rusiyanın çıxarılması. ABŞ-la Fransa arasında hansı dövlətin Ermənistanda yerləşməsi ətrafında ciddi rəqabət gedir. Beləliklə Ermənistan vasitəsilə Qafqazda öz strateji maraqlarını təmin etmək istəyirlər. Paşinyan bununla bağlı fəallığını durmadan davam etdirir. Bu baxımdan ermənipərəst konqresmenlər, senatorlar, ictimai-siyasi xadimlər, hətta dövlət departamenti belə Ermənistanın mövqeyini müdafiə etməkdədirlər. Onlar bununla Ermənistan cəmiyyətini Paşinyanın Rusiyaya qarşı apardığı mübarizəyə həvəsləndirirlər.

Paşinyana imkan verirlər ki, müxtəlif platformalarda Ermənistanın təhlükəsizliyinə təminat verən dövlətin adını cəsarətlə deyə bilsin. Çox keçməz Paşinyanın dilindən bu dövlətlərin adın eşidəcəyik. Bu, ya Fransa, ya da Amerika olacaq. Burada Amerikanın mövqeləri daha çox üstünlük təşkil edir. Çünki Paşinyanı məxməri inqilabların müəllifi kimi məşhurlaşan və ABŞ xüsusi xidmət orqanları tərəfindən idarə olunan Corc Soros vasitəsilə hakimiyyətə gətirildi və onun üzərinə xüsusi missiya qoyulub”.

ABŞ Dövlət Departamentinin təmsilçisi Lui Boninu regiona səfərindən danışan deputat bildirib ki, səfər bölgədə problemlərin həllinə heç bir töhfə vermədi: “Çünki ABŞ öz niyyətində səmimi deyil – Amerikanı sülh maraqlandırmır. Əks təqdirdə, ABŞ Dövlət Departamentinin nümayəndəsi Yuri Kim Konqresdəki çıxışında mövcud olmayan “Dağlıq Qarabağ xalqının hüquqları”ndan danışmazdı. ABŞ bugünkü reallıqları görməzdən gəlir və ciddi cəhdlə Qarabağdakı hərbi xuntanı leqallaşdırmağa çalışır.

Bütün bunların hamısı siyasi şoudur. Bu şou Paşinyanı daha çox qızışdırmaq, onu həvəsləndirmək, Rusiyaya qarşı ritorikasını gücləndirmək məqsədi güdür. Təəssüf ki, Paşinyanın mövqeyi gücləndirilərkən Azərbaycanın haqqı tapdanır.

Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə, Ermənistanla münasibətlərdə yeni reallığın yaranması ABŞ-ı o qədər də narahat etmir. Onları narahat edən məqam Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmaqdır.

Azərbaycan heç bir halda prinsipial mövqeyindən əl çəkməyəcək. Ölkəmiz ərazi bütövlüyünü təmin edib. Qarşıda kiçik bir ərazimizdə suverenliyini təmin etmək və orada bayrağımızı dalğalandırmaq, həmin əraziləri “boz zona”dan Azərbaycanın idarəçilik sisteminə keçirmək vəzifəsi durur. Biz bu istiqamətdə addım-addım uğurlar əldə edirik. Bu baxımdan sentyabr ayı olduqca ciddi əhəmiyyət kəsb edir. Bu ay separatçı xunta rejiminə son qoymalıyıq. Oradakı silahlı qüvvələr ya silahı yerə qoyub ağ bayraq qaldırıb vətənimizi tərk etməlidir, ya da onların əlində silah tutan hər biri yerindəcə məhv edilməlidir. Bunun üçüncü variantı yoxdur. Onlar Azərbaycanın sərt mövqeyindən nəticə çıxarıb ölkəmizi tərk etməlidirlər. Biz bu prosesi gözləyirik. Hələ 10 gün vaxtımız var. Olmasa, anti-terror əməliyyatı keçirib onları yerlə bir edəcəyik”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər