ABŞ Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün əlindən gələni edəcək.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms Obrayn deyib.
“Vacib olan budur ki, iki ölkə bir-biri ilə danışsın və əməli razılaşmalar əldə etsin. Keçən həftə bu məhbusların azad olunduğunu elan etdilər, bu həftə artıq onlar evdədirlər. Birgə bəyanat yayaraq, bir-birlərini bir çox cəhətdən dəstəklədiklərini, o cümlədən Azərbaycanın BMT-nin növbəti iqlim konfransına ev sahibliyi etmək üçün beynəlxalq istəklərini dəstəklədiklərini nümayiş etdirdilər. Ümid edirik ki, bu, hər iki ölkə, eləcə də Ermənistanın beynəlxalq istəkləri üçün faydalı olacaq. Bu cür dəstəyin göstərilməsi normal ikitərəfli münasibətlərin qurulması istiqamətində mühüm addımdır.
Ümid edirik ki, çox yaxında tərəflərin sülh razılaşması əldə etdiklərinin şahidi olacağıq. Hər iki tərəf bunu etməkdə maraqlı olduğunu bildirib. Biz, eləcə də Avropa Birliyi tərəfdaşlarımız və digərləri kömək etməyə hazırıq. İstərdik ki, bütün bunlar tezliklə sona çatsın, çünki erkən sülh çox böyük fayda gətirəcək”, - ABŞ rəsmisi bildirib.
Obrayn iki ölkənin xarici işlər nazirlərinin Vaşinqtonda görüş ehtimalı ilə bağlı söyləyib:
“İki ölkəyə dediyimiz odur ki, onlar arasında sülh sazişini dəstəklədiyimiz üçün çox xoşbəxtik. Artıq iki xarici işlər nazirləri arasında sülh danışıqlarının bir neçə raunduna ev sahibliyi etmişik, tərəflər sülhün əldə edilməsinə kömək etməyimizə qərar versələr, bunu yenidən edəcəyik. Kömək etməyə hazırıq. Hər iki tərəf görüşə təşviq olunur, indiyə qədər hər biri bu məqsədə çatmaq üçün işləməyə hazır olduqlarını bildirib”.
Dövlət katibinin köməkçisi sülh sazişinin ilin sonunadək imzalanıb-imzalanmayacağı ilə bağlı suala belə cavab verib:
“Bu il üçün kifayət qədər vaxt qalmayıb, amma əlimizdən gələni edəcəyik”.