Azərbaycanın Əfqanıstandakı səfirliyinin fəaliyyətinin bərpa edilməsi doğru qərardır.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Azərbaycanın Əfqanıstanda səfirliyinin fəaliyyətə başlaması doğru qərardır. Bu ölkəyə təyin edilmiş səfir İlham Məmmədov Kabildə Talibanın xarici işlər naziri Əmir Xan Müttəqi ilə görüşüb. Taliban real gücdür və kiçik istisnalarla bütün ölkəyə nəzarət edir. Talibanın paytaxt Kabili ələ keçirməsindən təxminən üç ilə yaxın vaxt ötüb. O zaman Kabili təcili tərk edənlər tədricən geri qayıtmağa başlayıblar. Bir sıra dövlətin səfirliyi yenidən Kabildə fəaliyyətə başlayıb, digərləri isə Talibanla təmasları davam etdirirlər”, - ekspert bildirib.
Elxan Şahinoğlu qeyd edib ki, Talibanla ən sıx əlaqəsi olan ölkə Çindir:
“Pekin Əfqanıstana yatırımlarının həcmini artırıb, bu ölkənin yeraltı sərvətləri və ərazisindən keçən nəqliyyat dəhlizlərinə maraq göstərir. Bölgədə müxtəlif nəqliyyat dəhlizlərinə maraq göstərən Azərbaycan təkcə elə bu səbəbdən Əfqanıstanda fəallığını artırmalı, Talibanla diplomatik əlaqələrdən qopmamalıdır”.