6 Aprel 15:19
1 000
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyini tanıyacaq.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Qarabağ məsələsi tam həll olunub, Azərbaycan ərazi bütövlüyü və suverenliyini bərpa edib:

“Bakı məhz uzun illər Qarabağ məsələsinə görə Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyini tanımırdı. Artıq bu istiqamətdə Azərbaycanın qarşısında heç bir maneə yoxdur. Şimali Kipr Türk Dövlətləri Təşkilatının üzvü olmasa da, müşahidəçi kimi qatılır. Bu da Azərbaycanın istəyi və səyləri ilə mümkün olub.

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ərsin Tatar ötən il ölkəmizdə səfər olmuşdu, o, burada yüksək səviyyədə qəbul edilmişdi. Azərbaycanla Şimali Kipr Türk Cümhuriyyəti arasında parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb. Proses Azərbaycanın Şimali Kiprin müstəqilliyinin rəsmən tanınmasına doğru gedir.

Azərbaycanın addımına Yunanıstanın mümkün reaksiyasına gəlincə, Afinanın buna deyəcək sözü yoxdur. Yunanıstan hələ Azərbaycanla sülh müqaviləsini imzalamamış Ermənistanla hərbi əməkdaşlıq sazişi imzalayıb. Yunanıstan bu çərçivədə Ermənistanın müdafiə və hərbi imkanlarının artırılması istiqamətində işlər görür. Bu, Yunanıstanın Azərbaycana qarşı destruktiv siyasətindən irəli gəlir. Əgər Yunanıstan sülh müqaviləsini imzalamaqdan boyun qaçıran Ermənistanı silahlandırırsa, demək, bu addımları Azərbaycana qarşıdır”.

Məhəmməd Əsədullazadə vurğulayıb ki, Azərbaycan Şimali Kiprin müstəqilliyini tanıyarkən Yunanıstandan çəkinmir:

“Bundan əlavə, Kiprin Yunan tərəfi də Afina kimi İrəvanla hərbi əlaqələr qurub. Yəni ilk başlayan yunanlar oldu.

Hesab edirəm ki, Azərbaycan Türkiyənin Qurtuluş Günündə Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyini tanıya bilər. Avropa Birliyi, Yunanıstan və digər Qərb dövlətlərinin təpkiləri bizi maraqlandırmır. Çünki onlar da öz tərəflərini bəlli ediblər: Ermənistanın yanındadırlar”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər