19 Aprel 10:20
3 258
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan Tavuş vilayətinə gedərkən Azərbaycana qaytarılacaq kəndlərə girməmək üçün bu ərazilərdən yan keçib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

“Nikol Paşinyanın Tavuşa vertolyotla getməsi ilə bağlı rəsmi kulisdə diqqətçəkən iddia dolaşır. Həmin iddiaya görə, məsələ yolda narazı insanların müqavimətindən qaçmaq yox, Voskepara (Əskipara) gedən bir hissəsi Almatı bəyannaməsi çərçivəsində Azərbycana məxsus olan İcevan-Noyemberyan dövlətlərarası yolundan yan keçmək olub. Paşinyan yolun həmin hissəsinin Azərbaycana aid olduğunu artıq qəbul edib, ona görə də buradan istifadə etməkdən yayınır.

Bir neçə gün əvvəl Avropa Birliyinin mülki missiyasının müşahidəçiləri də Voskepara gedərkən yolun həmin hissəsinin Azərbaycana məxsus olduğunu əsas gətirərək yan keçiblər”, - məlumatda deyilir.

Ermənistan baş naziri aprelin 17-də Tavuşda olarkən həmin yolun bir hissəsinin keçdiyi Bağanıs Ayrım, Xeyrimli, Qızılhacılı və Aşağı Əskipara kəndlərinin onlara məxsus olmadığını bəyan etmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu