Lənkəran rayonu Kərgəlan kənd tam orta məktəbinin direktoru Heybət Xaliq oğlu İsmayılovun vəfatı ilə bağlı sensasion iddia yayılıb. Sosial şəbəkələrdə yayılan xəbərlərdə bildirilir ki, Heybət İsmayılov rəhbəri olduğu təhsil müəssisəsinin 18 müəlliminin serifikasiya imtahanından keçməməsinə görə infarkt keçirərək, həyatını itirib.
Teleqraf.com bu iddia ilə bağlı Kərgəlan kənd orta məktəbi ilə əlaqə saxlayıb.
Məktəbin təsərrüfat işləri üzrə direktor müavini Əfrahim Həmidov yayılan iddianın həqiqəti əks etdirmədiyini deyib:
“Çox səmimi, Allaha ürəklə bağlı insan idi. Dərmanlar atırdı, mədəsində problemlər var idi. Məlumatları oxuduq, bu iddianı yazanla əlaqə saxladıq. O, yazdıqlarından imtina etdi. Həmçinin qeyd edim ki, sertifikasiya imtahanında bizim məktəbdən 18 nəfər yox, 10 nəfər keçə bilməyib. Direktorumuzun vəfatının bu hadisə ilə qətiyyən əlaqəsi yoxdur. Heybət müəllimin səhhətində problem olduğunu bilirdik”.