1 İyul 14:51
840
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada qalmaqal yaşanıb. Almaniya kansleri Olaf Şolz nəqliyyat naziri Folker Vissinqi sərt tənqid edib. Bunun səbəbi odur ki, nəqliyyat naziri kanslerin və bütövlükdə hökumətin rəyini nəzərə almadan Çinlə əməkdaşlıq haqqında saziş imzalayıb. "Ümumi prinsip belədir ki, bütün məsələlər razılaşdırılmalıdır" deyən kansler hökumətin Çinlə bağlı ortaq strategiyasının varlığını xatırladıb.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Almaniya nəqliyyat nazirinin Pekinlə imzaladığı sazişin taleyi barədə qərar yoxdur:

"Əslində Berlin Pekinlə iqtisadi və ticarət əlaqələrdən imtina etməyib. Doğrudur, Almaniya Fransanın təzyiqi ilə Çindən idxal olunan elektrik avtomobillərə əlavə gömrük rüsumunu qəbul etmək məcburiyyətində qalıb. Ancaq Berlinin narahatlığı ondadır ki, öz növbəsində Pekin də Almaniya istehsalı olan avtomobillərin Çində satışını əngəlləyə bilər. Olaf Şolz bu ilin aprel ayında Pekində səfərdə olmuş və Çin lideri Tsi Cinpinlə görüşmüşdü. Bu görüşdə əsas 3 məsələ müzakirə olunmuşdu. Birinci mövzu Almaniya ilə Çin iqtisadi əməkdaşlığının keyfiyyətinin artırılmalısı ilə bağlı idi. Şolz alman şirkətləri üçün dünyanın ikinci ən böyük iqtisadiyyatı olan Çində rəqabət üçün bərabər şərait yaradılmasını istəmişdi. Liderlər ikinci mövzu olaraq Rusiya-Ukrayna müharibəsinin bitirilməsiylə bağlı fikir mübadiləsi apardılar. Almaniya kansleri Çin liderindən müharibənin dayandırılması məqsədilə Kremlə təsir etməsini istəmişdi.

Politoloq bildirib ki, üçüncü mövzu Qəzzadakı durumla bağlı idi:

"Bu görüşdən iki aydan çox vaxt keçib və müzakirə olunan 3 məsələ ilə bağlı irəliləyiş yoxdur. Almaniya-Çin iqtisadi əməkdaşlığının keyfiyyəti artmayıb, Rusiya-Ukrayna müharibəsi və Qəzzadakı xaos davam edir. Bundan başqa Çin lideri Tsi Cinpin Pekinə gələn Almaniyanın iqtisadiyyat naziri Robert Habeklə görüşdən imtina edib. Eyni zamanda Rusiya Federasiya Şurası Berlinə etiraz edərək Almaniyanın Çinin Rusiyaya ilə iqtisadi əlaqələri məhdudlaşdırması tələbini tənqid edib. Bu arada, ABŞ-də Çinlə iqtisadi əlaqələri daha çox nəzarət altına almağa başlayıb. ABŞ Çinin qabaqcıl çip texnologiyalarına çıxışını məhdudlaşdıran tədbirləri gücləndirib. Vaşinqton eyni zamanda Yaponiyanın və Niderlandın Çinlə çip sahəsində əməkdaşlığını məhdudlaşdırmaq istiqamətində fəaliyyətini genişləndirib".


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər