"Çimnaz Sultanovanın ölümündə həkim səhvi olmayıb. Müğənni Manaf Ağayev aktrisanın ölümü haqqında düzgün olmayan ifadələr işlədib. Musiqiçinin hər hansı bir məsələ barədə yanlış fikir bildirməsi düzgün deyil".
Bunu Teleqraf.com-a açıqlamasında Bakı Sağlamlıq Mərkəzinin Xarici əlaqələr və marketinq şöbəsinin müdiri Günay Kazımova müğənni M.Ağayevin aktrisa Ç.Sultanovun ölümündə həkim səhvinin olması barədə fikirlərinə münasibət bildirərkən deyib.
O söyləyib ki, təmsil etdiyi tibb müəssisəsi Ç.Sultanovanın keçirdiyi cərrahi əməliyyatlar, müalicə prosedurları və müddətləri, əməliyyatlardan əvvəlki və sonrakı durumu barədə rəsmi məlumat yayıb:
"Bakı Sağlamlıq Mərkəzi rəsmi araşdırmaların aparılması və müvafiq ekspertizanın keçirilməsinə hazır olduğunu bildirib. Ekspertizanın rəyi olmadan Çimnaz Sultanovanın ölümünü həkim səhvi kimi qeyd etmək qeyri-peşəkar yanaşmadır. Hər hansı həkim ixtisası olmayan bir insanın həkimlər haqqında və ölüm hadisəsini həkim səhvi ilə əlaqələndirməsi musiqiçiyə yaraşmaz. Manaf Ağayev iddia edir ki, ölüm hadisəsi həkim səhvi ucbatından baş verib. O, mətbuata açıqlamasında bildirib ki, Çimnaz xanımla danışdım, onun vəziyyəti yaxşı deyildi. Xəstəliyini demişdi, amma rəhmətə getməsi haqda heç nə demədi. İnsan necə rəhmətə getməsi haqqında məlumat verə bilər?! Bu onun göstərir ki, Manaf Ağayev ümumiyyətlə, Çimnaz Sultanova haqqında düzgün danışmır və televiziyalarda, saytlarda görünmək xatirinə müsahibə verir".
Qeyd edək ki, aktrisa Ç.Sultanova 15 yanvar 1980-ci ildə Bakıda anadan olub. “Vicdan haqqı”, “Sənə inanıram”, “Bayram axşamı” kimi bir sıra serial və filmlərdə rol alıb. O, yanvarın 15-də bağırsaq xərçəngindən vəfat edib.