“ABŞ-də tibbi xidmətlər ona görə çox bahadır ki, həkimlər peşə riski sığortasına külli miqdarda pul ödəməli olurlar. Pasiyent azca narazı qaldıqda, 1 milyondan 30-40 milyona qədər təzminat tələb edir. Bizdə bu mexanizm yoxdur. Bu sığorta növü icbari olmalıdır”.
Teleqraf.com xəbər verir ki, hüquqşünas Sahib Məmmədov ölkədəki uğursuz əməliyyatlar, əməliyyatdan sonra ölüm halları fonnunda bu təkliflə çıxış edib.
Teleqraf.com-a açıqlamasında o, peşə riski sığortası mexanizminin necə işlədiyini izah edib:
“Müxtəlif peşə sahəsində çalışan şəxslər, praktik fəaliyyətlə məşğul olan vəkillər, həkimlər və əczaçılar peşələrini icra edərkən, xidmət göstərərkən müəyyən risklərlə qarşılaşırlar. Bu risklərin biri də üçüncü şəxslər, onların müştəriləri qarşısında yaranan risklərdir. Məsələn, vəkil bir nəfər ilə müqavilə bağlayıb, onu müdafiə edir. Müdafiə etdiyi şəxs hesab edir ki, vəkili onu düzgün müdafiə etməyib, müqavilə şərtlərini pozub. Bu zaman ondan şikayət edir. Məhkəmədə məlum olur ki, doğurdan da belədir. O zaman vəkil vurduğu ziyana görə maddi məsuliyyətə cəlb edilir. Bu mexanizm həkimlər üçün də işləyə bilər”.
Hüquqşünas qeyd edir ki, belə bir mexanizm ABŞ başda olmaqla bir çox Avropa ölkələrində tətbiq olunan sadə sistemdir:
“Bir çox ölkələrdə həkimlər, həmçinin müəssisələr özlərini xidmət göstərdikləri şəxslərin onlara qarşı verəcəkləri şikayətlərdən, vuracaqları ziyandan sığortalayırlar. Bu sistem bir çox ölkələrdə işləkdir. ABŞ-də həm tibbi təhsil bahadır, həm də təhsil müddəti uzundur. Həkim kimi fəaliyyətə başladıqdan sonra peşə riski mexanizminə görə özlərini mütləq pasiyentlərdən sığortalayırlar. Qeyd etdiyim kimi, pasiyent şikayət edə, milyonlarla pul tələbi irəli sürə bilər. Həkiminsə hər xəstə üçün pul ödəmək imkanı yoxdur. Ona görə də bu mexanizmdə məhkəmə qərar çıxaranda o pulu zərərçəkmişə sığorta kompaniyası ödəyir. Bizdə vəkillərlə bağlı belə bir mexanizm - Vəkillərin Sığorta Fondu var”.
Sahib Məmmədovun fikrincə, son zamanlar baş verən hadisələr Azərbaycanda bu mexanizmin tətbiqini zəruri edir:
“Həkim xəstəyə həkim ziyan vurub, əməliyyatı düzgün aparmayıbsa, dəymiş zərər qiymətləndirilir. Sözügedən sığorta mexanizmində zərəçəkmiş tərəf və ya onun vərəsələri bununla bağlı məsələ qaldıra bilərlər. Bu, sığorta hadisəsi hesab olunarsa, həmin tərəfə ziyan ödənilə bilər. Tərəflər bir-birilərini ittiham edir. Tibbi müəssisələr, həkimlər günahlandırılır. Nəticədə məhkəmə olur, bəzi hallarda həkimlər cəzalandırılır. Amma zərər ödənilmir, yaxud çox cüzi miqdarda simvolik ödənişlər olur. Bu sistem işləsə, zərərin əvəzin almaq daha sanballı həcmdə mümkün ola bilər.
Şəxsə 100 minlik ziyan dəyibsə, onun sağlamlığına dəymiş zərərin qiyməti bu miqdarda olsa da, bu pul verilmir. Amma sığorta şirkətində sığortalanarsa, dəymiş zərər tam ödənilər”.