ABŞ və Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq haqqında saziş tez-tələsik hazırlanıb.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Suren Zolyan deyib.
Ekspertin fikrincə, bu yaxınlara qədər Vaşinqton və İrəvanda belə bir sənədin imzalanması barədə fikir olmayıb.
Zolyan xatırladıb ki, imzalanmadan üç gün əvvəl ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller belə bir sənədin mövcudluğu və ya hazırlanması faktını təkzib edib.
Həmçinin o, ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın sələfi Co Bayden və erməniləri məyus edəcəyini proqnozlaşdırır:
“Bu, sənədin tələsik hazırlanmasından xəbər verir. Tələskənliyin səbəbi anlaşılandır: Ermənistan-İran sazişi hazırlanır. Bu yaxınlarda İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədiyan İrəvanda olub, Rusiya xarici işlər naziri Sergey Lavrov mühüm açıqlamalar verib. Ola bilsin, Bayden administrasiyası əvvəllər Ermənistanın onun gündəmində olmadığını, prioritetlərinin İran, Çin və Rusiya olduğunu açıq şəkildə bildirən Trampın diqqətini bura da çəkməyə çalışır. Ona görə də bu sənədin Tramp üçün bələdçi olacağını düşünmək çətindir”.
Politoloq saziş çərçivəsində NATO və ya ABŞ qüvvələrinin Ermənistan sərhədlərində yerləşdirilməsinə şübhə ilə yanaşır. Zolyan bunu Rusiyanın sərhədlərdəki mövcudluğu ilə əlaqələndirib.
“Rusiyadan gələn kəskin reaksiyalar da hadisələrin mümkün xoşagəlməz inkişafının qarşısını almağa yönəlib. Hökumətin bu sənəddən Rusiya və İranla sövdələşmə vasitəsi kimi istifadə edəcəyini istisna eləmirəm”, - erməni ekspert vurğulayıb.