Danışılmış oyun şübhəsi ilə "Şamaxı" klubundan uzaşlaşdırılmış iki futbolçu AFFA-nı çətin vəziyyətə salıb.
Milli assosiasiyalardakı mənbələrdən Teleqraf.com-a verilən məlumata görə, azərbaycanlı müdafiəçi Adil Nağıyev və gürcüstanlı yarımmüdafiəçi Giorgi Kantariya barədə araşdırmalar dalana dirənib. Əvvəllər AFFA Azərbaycan Premyer Liqasında oyun alqı-satqısının olmadığını dəfələrlə iddia edib. Nağıyev və Kantariya barəsində danışılmış oyun iddialarını təsdiqləyəcəyi təqdirdə, qurum özünü "oda atacaq".
Bu səbəbdən, kluba da tapşırılıb ki, iki oyunçunun uzaqlaşdırılma səbəbini ictimaiyyətə açıqlamasınlar.
AFFA-nın Mətbuat və İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Elnur Məmmədli "Teleqraf.com"a bildirib ki, məsələ ilə bağlı araşdırma davam edir, proses başa çatan kimi nəticə ictimaiyyətə açıqlanacaq.
Qeyd edək ki, "Şamaxı" klubu Adil Nağıyev və Giorgi Kantariya ilə yollarını 2024-cü il dekabrın 9-da açıqlayıb. Həmin vaxt klubun rəsmi məlumatında deyilib: "Xitamın səbəbləri barədə klub hazırda hər hansı başqa açıqlama verməyi lazım bilmir. Ümid edirik ki, media və kütləvi informasiya nümayəndələri bu mövqeyə anlayış göstərəcəklər".