7 Aprel 2015 18:01
2 716
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Mətbuat Şurası, Azərbaycan Milli Televiziya və Radio Şurası, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun birgə təşkilatçılığı ilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulan vəzifələrin həyata keçirilməsi və proqramın qəbul edilməsinin iki illiyinə həsr olunan dəyirmi masa keçirildi.

Tədbirdə Dövlət Proqramının əhəmiyyəti qeyd edildi, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənmiş bu mühüm sənədin icrası ilə bağlı görülən işlərdən danışıldı.

Azərbaycan dilinin əsas qarantı

Alimlərin, mütəxəssislərin, millət vəkillərinin, KİV rəhbərlərinin iştirak etdiyi dəyirmi masanı Mətbuat Şurasının sədri Əflatun Amaşov açdı. Hazırda Azərbaycan dilində 50 milyondan çox insanın danışdığını bildirən Əflatun Amaşov qeyd etdi ki, onların bir hissəsi Şimali Azərbaycanda, bir hissəsi Cənubi Azərbaycanda, yerdə qalanı isə dünyanın müxtəlif ölkələrində yaşayır: “Azərbaycan xalqının, Azərbaycan dövlətinin mövcudluğunu sübut edən amil Azərbaycan dilidir. Təsadüfi deyil ki, 1995-ci ildə ümumxalq referendumu ilə qəbul olunmuş Azərbaycan Konstitusiyanın 20-ci maddəsi dövlət dilinə həsr olunub. 2001-ci ildən bu yana Azərbaycan dili ilə bağlı 20-dən çox sənəd hazırlanıb. “Dövlət dili haqqında” qanun qəbul olunub. Bunlarla yanaşı dil sahəsində problemlər hələ də mövcuddur”.

Mətbuat Şurası sədrinin sözlərinə görə, qloballaşma şəraitində Azərbaycan dilinin işlək qalması, ədəbi dil normalarına düzgün əməl olunması məsələlərini həll etmək üçün məhz iki il əvvəl Dövlət Proqramı qəbul olunub: “Dövlət Proqramında 2020-ci ilə qədər bir sıra vacib işlərin görülməsi nəzərdə tutulub. Düşünürəm ki, bu sahədə kifayət qədər işlər görülüb, bundan sonra görüləcək işlər də yetərincə çoxdur”.

Böyük hadisə

AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev bildirdi ki, Dövlət Proqramında rəhbərlik etdiyi institutun vəzifə və səlahiyyətlərindən geniş bəhs olunub, instituta ayrılan vəsait hesabına yeni şöbələr yaradılıb: “Bu proqramın qəbulu çox böyük hadisədir. Proqramda nəzərdə tutulan və ayrılan maliyyə yardımı hesabına Naxçıvanın dialektoloji atlasını hazırlamışıq. Onun ardınca Qarabağ, Dərbənd və Gürcüstanda yaşayan Azərbaycan türklərinin dialektoloji atlaslarını hazırlayacağıq.

Proqramın icrası ilə əlaqədar bizim institutunun strukturunda dəyişiklik oldu, yeni şöbələr yaradıldı, qədim dillər və dövlətlər, dil məsələlərinə nəzarət edən monitorinq, habelə kompüter dilçiliyi şöbələri fəaliyyətə başladı.

Dillərarası əlaqələrin yaradılmasında kompüter dilçiliyinin çox böyük rolu var. Monitorinq şöbəsinə istedadlı publisist Qulu Məhərrəmlinin cəlb etmişik və o, bu sahədə xeyli işlər görüb. Bu işə təzə başlamışıq, inanıram ki, fəaliyyətimizi genişləndirib, müəyyən səviyyəyə çatdıracağıq”.

Elmi üslub əndişə yaradır

Tofiq Hacıyev bildirdi ki, Azərbaycan dilinin elmi üslubu ilə bağlı narahatlığı var: “1300 il bundan əvvəl “Kitabi-Dədə Qorqud”da deyilir ki, “qız anadan görməsə öyüd almaz, oğul atadan görməsə güc”. Dünyanın heç bir ölkəsində dil 1300 il bundan əvvəlki ilə bu qədər səsləşmir.

Bu gün ədəbi dilimiz çox mükəmməldir. Biz ədəbi dilimizi Nəsiminin, Füzulinin dili ilə öyrənirik. Bəs, niyə elmi üslubumuza fikir vermirik? Çünki Füzulinin, Nəsiminin dövründə elmi əsərlər bir qayda olaraq ərəb və fars dillərində yazılıb. Bəs bu gün vəziyyət necədir?

Sovet dövründə fiziklər, riyaziyyatçılar öz dissertasiyalarını rus dilində qələmə alırdılar. Bu səbəbdən sovet dövründə dəqiq elmlər üzrə elmi üslubumuz təşəkkül tapmadı. Çox təəssüf ki, o proses indi də davam edir.

Gələcəkdə Yusif Məmmədəliyev, Şəfaət Mehdiyev səviyyəsində alim ola biləcək gənclərimiz indi də elmi işləri ingilis dilində yazırlar. Ona görə də Azərbaycan dilinin hazırkı elmi üslubu məndə əndişə yaradır”.

Tofiq Hacıyev mətbuatda əcnəbi sözlərin həddən artıq çox işləndiyini vurğuladı: “Azərbaycan dilində terminologiya yaradılmasına tənbəllik edirik. “Kreativ”, “konsensus” kimi sözləri tənbəlcəsinə, Azərbaycan dilində qarşılıq tapmadan işlədilir. Türkiyə türkcəsində bilgisayar da, kompüter də yazılır. Mən demirəm ki, həmin sözləri işlətməyək, işlədək, amma paralel şəkildə. Həsən bəy Zərdabi deyirdi, qəzet insanı dünya xəbərlərindən xəbərdar etməklə bərabər, həm də ona ana dilini öyrədir”.

Dilə sayğı göstərməyənlər hədəfə alınmalıdır

Milli Teleradio Şurasının sədr müavini Qafar Cəbiyev çıxışında bildirdi ki, artıq 7-ci ildir Azərbaycan efiri tam həcmdə ana dilimizdə fəaliyyət göstərir: “2003-cü ildə Milli Teleradio Şurası Azərbaycan dili ilə bağlı xüsusi qaydaları təsdiqlədi. Biz efirin bütövlükdə Azərbaycan dilində aparılması ilə bağlı qərar qəbul etdik. Nəhayət, bu qərarın icrasına tam şəkildə nail olduq.

Dövlət Proqramının 6.2-ci bəndində dövlət idarəçiliyində, kütləvi informasiya vasitələrində Azərbaycan ədəbi dilinin düzgün tətbiqi ilə bağlı maarifləndirmə işlərinin aparılması nəzərdə tutulub. Yayımçılar bu məsələdə örnək olmalıdır. Bəzi aparıcıların daha peşəkarlarla əvəz olunması məsələsi aktualdır.

Dilimizə sayğı göstərməyənlər, qanunlara məhəl qoymayanlar tənqid hədəfinə götürlüməlidirlər. Proqramın 6.5.3-cü bəndində teleradio şirkətlərində bədii şuraların yaradılması nəzərdə tutulmuşdu. Bədii şuralar yaradılsa da, əfsus ki, bəzi telekanallarda həmin şuralar fəaliyyətsizdir. Problemlər kifayət qədərdir və bu problemlərin də müzakirəyə ehtiyacı var”.

Dilimiz paytaxta qayıtdı

Mətbuat Şurasının Dil komissiyasının rəhbəri, millət vəkili Bəxtiyar Sadıqovun fikrincə, müstəqillik Azərbaycan dilini Azərbaycan paytaxtına qaytarıb: “Vaxt vardı Bakı rusdilli şəhər idi, şəhərin özündə, məişətdə, ictimai yerlərdə, mağazalarda rus dilində danışılırdı. Mağazalarda rus və erməni qızları işləyirdi. Rayondan gələn tələbə aptekdən pambığı necə almaq lazım gəldiyini bilmirdi.

Rus dilini bilmədiyimiziə görə həmin rus, erməni satıcılar bizə “çuşka” deyirdilər. İndi Azərbaycan dili özümüzə qayıdıb.

Bu proqramda 3 böyük məsələ qoyulub: Azərbaycan dilinin qloballaşma şəraitində işlənməsi, zamanın tələbinə uyğun yenilənməsi və dilimizin inkişafı. Bu proqramdan çıxış etsək, jurnalistlərin üzərinə çox böyük vəzifə düşür. Amma çox təəssüf ki, mətbuat dilin təmizliyini qorumur.

Azərbaycan dilini dayanmadan öyrənmək lazımdır. Biz jurnalistlər dilin çirklənməsinin qarşısını almalıyıq. İndi bir çox redaksiyalarda korrektor ştatları ləğv olunub. Baxın, görün qəzetlərdə nə qədər orfoqrafik səhvlər gedir”.

Dilimizi kimlər zibilləyir?

Azərbaycan Dil Qurumunun sədri, millət vəkili Sabir Rüstəmxanlı dilimizin əcnəbi sözlərlə “zibillənməsi” və özündən uzaqlaşması təhlükəsindən danışdı. Bildirdi ki, türk dilində lüğət tərkibi min ildə cəmi 10 faiz dəyişib: “Yazıçılar İttifaqının bir qurultayında vaxtilə çıxış edəndə bildirmişdim ki, türk dili dünyanın ölməz dili olduğu üçün bu dildə yazanlar xoşbəxtdirlər. Demişdim ki, məmurlarımız dilimizin ölümü haqqında düşünürlər, zavodlarda, fabriklərdə 90 faiz Azərbaycan dilində sözlər işlənmir.

O tədbirdə iştirak edən Heydər Əliyev bu iradla razılaşdı və sonradan bu sahədə xeyli işlər görüldü. Zaman keçib, dilimizin ölmək qorxusu yoxdur, amma zibillənmək qorxusu var. Bu gün “monitorinq”, “treninq”, “market” kimi sözlər işlənir, bu nə dil tənbəlliyidir? Məgər Azərbaycan dilində bu sözlərin qarışılığı yoxdur?

Dilin təmizliyi məsələsi hakimiyyətin özündən başlayır. Sağ olsun cənab Prezident, dillə bağlı kifayət qədər sərəncamlar imzalayıb. Cənab Prezident özü də səlis, aydın və yığcam danışır. Bəs məmurlar necə? Nazirlər var ana dilində düşünə, danışa bilmir. Bəzi məmurların uşağı ana dilində danışmır. Kənardan dayələr gətirilir. Dilə sayğı burdan başlamalıdır.

Mən “Ədəbiyyat qəzeti”ndə neçə il dil ustadları ilə işləyib məktəb keçəndən sonra bu dili mükəmməl bildiyimə əmin oldum. Əksər jurnalistlərimiz Azərbaycan dilini zəif bilir”.

Pozuntuların 90 faizi

Mətbuat Şurasının Monitorinq qrupunun rəhbəri İlham Abbasov keçirilmiş monitorinqin nəticələrindən danışdı. O, elektron mətbuatda, televiziyalarda dilin daha bərbad şəkildə işlədilməsindən, mətbuatdakı dil qüsurlarından söz açdı: “Hər il 50-dək yazılı mətbuatda yoxlamalar aparırıq və nəticələr açıqlanır. Pozuntuların 90 faizi dil və nitq pozuntularıdır. Birinci səbəb odur ki, jurnalistlərin əksəriyyəti ədəbi dili bilmir, ikincisi odur ki, peşəkar deyillər.

Azərbaycan dili ilə bağlı ötən əsrin 90-cı illərindən 20-dək qanun və sərəncam verilib. Ən ciddi hesab etdiyim 2002-ci ildə və 2012-ci ildə qəbul edilmiş sənədlərdir. 2002-ci ildə qəbul olunmuş qanunun 20-yə yaxın bəndinin tez-tez pozulduğunu hər gün müşahidə edirik. Həmin sənədin sonuncu bənddə yazılır ki, qanunun tələbləri pozanlar müvafiq qaydada cəzalandırılır. Amma təəssüf ki, bu qədər qayda pozuntusunun qarşılığında heç bir cəza tətbiq olunmur”.

Aynur Camalqızı: “Niyə peşəkar jurnalist hazırlanmır?”

“Gündəlik Teleqraf” qəzetinin baş redaktoru Aynur Camalqızı səslənən iradlara münasibətini açıqladı. Bildirdi ki, jurnalist hazırlayan təhsil müəssisələrinin səviyyəsi yüksəldilməlidir: “Burada ciddi fikirlər səsləndi. Doğrudur, dilimizdək qüsurlarda jurnalistlərin də rolu var. Problemləri sadaladıq, amma səbəblər haqqında danışmadıq. Jurnalistlər dilimizə niyə zərər vururlar? Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin hazırladığı jurnalistlərin səviyyəsi niyə yüksək deyil? Niyə yaxşı kadrlar yetişmir? Düşünürəm ki, bunları da müzakirə etməli, səbəbləri tapıb, aradan qaldırmalıyıq. Biz bir media qurumu olaraq yaxşı jurnalist axtarırıq, amma tapa bilmirik”.

“Təsadüfi adamlar sayt idarə edirlər”

Aynur Camalqızı təklif etdi ki, saytların istifadəyə verilməsi məsələsi də qanunvericiliklə tənzimlənsin: “Hər yerindən qalxan domen alıb, qeydiyyatdan keçib sayt açır. Jurnalistikadan, peşəkarlıqdan xəbəri olmayan təsadüfi adamlar niyə sayt idarə etməlidir? Araşdırsaq məlum olar ki, bu şəxslərin heç ali təhsili də yoxdur.

Səhv eləmirəmsə, bir televiziyanı açmaq istəyən şəxsdən qanuni şəkildə müəyyən maliyyə göstəricisi tələb olunur. Mən hesab edirəm ki, sayt yaradan şəxslər üçün də mütləq maliyyə göstəricisi tələbi qoyulmalıdır”.

Əflatun Amaşov Aynur Camalqızının jurnalist hazırlığı ilə bağlı səsləndirdiyi iradla bağlı dedi ki, bu ixtisasa qəbul olanların qabiliyyət imtahanı verməsi ümidverici addımdır: “Ümid edirik ki, bir neçə il sonra 50-dək peşəkar jurnalist yetişəcək. Çünki ötən il cəmi 50 nəfər qabiliyyət imtahanı verib jurnalistika ixtisasına qəbul olundu. Bu il qəbul olanların artacağını düşünürük”.

“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli orta məktəblərdə Azərbaycan dilinin tədris səviyyəsini yüksəlməyi, millət vəkili Aqil Abbas isə dil nöqsanlarına yol verənləri cəzalandırmağı vacib hesab elədi.

Tədbirdə verilən məlumata görə, Azərbaycan televiziya proqramlarında 6 ən yaxşı və ən pis aparıcının müəyyənləşməsi üçün yeni layihənin icrasına başlanacaq. Layihə barədə aprelin 21-də ictimaiyyətə məlumat veriləcək.

Sevil HİLALQIZI


Müəllif:

Oxşar xəbərlər