14 May 2015 14:57
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, səfəriniz Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm mərhələ olacaq. Keçən il mən Vyetnama dövlət səfərimi etmişəm. Səfər çox uğurlu keçib. Mənə göstərilən qonaqpərvərlik heç mənim yadımdan çıxmaz. Hesab edirəm ki, bir il ərzində artıq sizin Azərbaycana səfəriniz onu göstərir ki, bizim aramızda inkişafda olan əlaqələr çox intensiv xarakter daşıyır".

Teleqraf.com-un Trend-ə istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 14-də sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqla birgə mətbuata bəyanatında deyib.

Prezident deyib ki, bu gün onlar ikitərəli əlaqələrin müxtəlif sahələrini geniş şəkildə müzakirə ediblər: "Bir daha gördük ki, bir çox məsələlərlə əlaqədar bizim mövqeyimiz üst-üstə düşür. İlk növbədə, hər iki tərəf ikitərəfli əlaqələri genişləndirmək fikrindədir. İlk növbədə siyasi əlaqələrimiz inkişaf edəcək. Hazırda siyasi əlaqələr çox yüksək səviyyədədir. Qarşılıqlı səfərlər bunu təsdiqləyir. Eyni zamanda, biz beynəlxalq təşkilatlar çərçivəsində də çox uğurla əməkdaşlıq edirik, bir-birimizi dəstəkləyirik. Bu gün aparılan danışıqlar nəticəsində qərara gəldik ki, gələcəkdə də bütün beynəlxalq təşkilatlarda biz-birimizi dəstəkləyəcəyik. Bu, çox önəmli məsələdir. Çünki bu, ikitərəfli əlaqələrin yüksək səviyyəsini əyani şəkildə göstərir".

Bu gün iqtisadi sahədə görülən işlər haqqında fikir mübadiləsi apardıqlarını deyən dövlət başçısı bildirib ki, çox müsbət haldır ki, aramızda olan ticarət dövriyyəsi yüksək səviyyədədir: "Bu, daha da yüksələ bilər. Buna nail olmaq üçün konkret tədbirlər planı hazırlanmalıdır. Biz bu barədə də danışdıq. Hesab edirəm ki, ticarət dövriyyəsinin artırılması üçün yaxşı imkanlar var. Qarşılıqlı investisiya qoyuluşu məsələləri müzakirə edildi. Bu sahədə də artıq həm Vyetnam, həm Azərbaycan şirkətlərinin təcrübəsi var. Əminəm ki, bu gün keçiriləcək biznes-forumda iki ölkənin biznes qurumları da bu məsələ ilə bağlı öz sözlərini deyəcəklər. Bir sözlə, iqtisadi və ticarət əlaqələrimiz bizim ümumi əməkdaşlığa çox müsbət təsir göstərir və gözəl perspektivlər də var.

Təbii ki, ənənəvi olaraq neft-qaz sahəsində əməkdaşlıqla bağlı məruzələri də dinlədik. Bu sahədə çox gözəl təcrübə var. Vaxtilə Azərbaycan mütəxəssisləri Vyetnamda neft-qaz sahəsində işləmişlər, öz təcrübələrini bölüşmüşlər. Bu gün də buna imkan var. Bu gün biz artıq Vyetnam şirkətlərini Azərbaycana dəvət edirik. Azərbaycanda zəngin neft-qaz yataqları var və istərdik ki, Vyetnam şirkətləri də bizim yataqlarımızda, onların işlənməsində iştirak etsinlər. Eyni zamanda, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti – SOCAR da artıq beynəlxalq enerji şirkətinə çevrilib və böyük maraqla Vyetnamda işləmək üçün səylər göstərir".

Prezident bildirib ki, bu gün, eyni zamanda, humanitar sahədə əməkdaşlıq diqqət mərkəzində idi. Burada da gözəl təcrübə var, gözəl ənənələr var: "Mən keçən il Vyetnamda olarkən vaxtilə Azərbaycanda təhsil almış vyetnamlı tələbələrlə görüşmüşdüm. Çox səmimi bir görüş idi. Mən onları Azərbaycana dəvət etdim. Şadam ki, bir həftə bundan əvvəl Azərbaycana gəlmişlər və əmnəm ki, öz doğma yerlərinə bir daha baxaraq çox xoş təəssüratlarla vətənə qayıtmışlar. Eyni zamanda, Vyetnam-Azərbaycan dostluq forumu keçirilmişdir. Bu gün cənab Prezidentlə bir daha bu məsələlərlə bağlı fikirlərimizi bildirdik. Biz istəyirik ki, Vyetnamdan daha çox tələbə Azərbaycana gəlsin, burada təhsil alsın. Və beləliklə, bizim əlaqələrimiz daha da geniş miqyaslı ola bilər.

Bir sözlə sözlərimi yekunlaşdıraraq qeyd etməliyəm ki, bizim əlaqələrimiz artıq yüksək səviyyədədir. Bir il ərzində iki dövlət səfəri həyata keçirilir. Bu özlüyündə bir göstəricidir. Əlaqələrimizin mahiyyəti də çox müsbətdir, çox möhkəmdir. Gələcəkdə iki dost ölkə kimi əlaqələrimizi daha da genişləndirəcəyik. Və Vyetnam-Azərbaycan dostluğunu daha da möhkəmləndirəcəyik".


Müəllif: