14 İyul 2015 19:54
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vyananın “Koburq” otelində “altılıq” və İran arasında keçirilən görüş ikincinin qələbəsi ilə başa çatdı. Hər halda dünya mətbuatı əldə olunan razılaşmanın adını ”İran diplomatiyasının tarixi zəfəri” adlandırıblar. Artıq razılaşmanın detalları da açıqlanıb. Qeyd olunur ki, İran qarşıdakı 15 il ərzində uranı 3,67 %-dən artıq zəngiləşdirməyəcək.

İrana Fordoda hər cür nüvə materiallarının saxlanması qadağan olunur. Sənədə əsasən, İrana qarşı tətbiq edilən Avropa İttifaqının bank əməliyyatları və sığorta, eləcə də "SWIFT"-in ödəniş sistemi sahəsində sanksiyalar aradan qaldırılır. İran yaxın 25 il ərzində Beynəlxalq Atom Enerjisi Agentliyini (MAGATE) ölkəsində uran konsentratını izləməyə icazə verəcək.

Politoloq Qabil Hüseynli hesab edir ki, əldə olunan razılaşma İran üşün uğurdur: "İran artıq regionda söz sahibinə çevrilib. Şanxay Əməkdaşlıq Təşkilatında, digər ittifaqlarda bu ölkənin nüfuzu artacaq. Amerika üçün xoş olmasa da, İran Rusiya ilə eyni mövqedən çıxış etməkdə davam edəcək. Beynəlxalq Atom Enerjisi Agentliyi İranın nüvə proqramlarına nəzarət edəcək. İranın təkidlərindən sonra bu ölkəyə silah satışı ilə bağlı qoyulan qadağa da aradan qaldırıldı. İran hesab edir ki, ölkənin müdafi əqabiliyyətini gücləndirmək üçün Rusiyadan S-300 raketləri almalıdır, amma sanksiyalar üzündən bu alınmır. Bundan başqa sanksiyalar götürüləndən sonra İran neft istehsalını sürətlə artırmağı nəzərdə tutur ki, bu da qiymətlərə təsirsiz ötüşməyəcək".

Q.Hüseynliyə görə, bundan sonra İranın iqtisadiyyatında inkişaf müşahidə ediləcək: "Artıq ərəb ölkələri narahatlıqlarını ifadə ediblər. Səudiyyə Ərəbistanı neft istehsalı ilə bağlı İrana kvota tətbiq edilməsi təklifi ilə çıxış edib. İranın dünya bazarına daha çox neft çıxarması qiymətlərin ucuzlaşmasına səbəb olacaq ki, bu da Azərbaycan üçün arzuolunan deyil".

Politoloqa görə, Qərb ilə əməkdaşlıq etmək İran üçün çətin olacaq: "Qərb ilə əməkdaşlıq İrana çətin olacaq. Bu ölkənin iqtisadi gücü ilə yanaşı, məsuliyyəti də artacaq və demokratiya məsələsi gec-tez həllini tapacaq".

Ruslan


Müəllif:

Oxşar xəbərlər