Milli Mətbuatın 140 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin sərəncamı ilə KİV nümayəndələri ali mükafatlara layiq görülüb. Sərəncama əsasən Alışanov Arif Nizam oğlu 2-ci dərəcəli “Vətənə xidmətə görə”, Amaşov Əflatun Əhməd oğlu, İvanov Aleksandr Alekseyeviç, Məhərrəmov Nuşirəvan Umud oğlu, Səfərli Vüqar Müzəffər oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif ediliblər.
“Gündəlik Teleqraf” qəzetinin baş redaktoru Aynur Camalqızı “Əməkdar jurnalist”, redaktor Qurban Yaquboğlu, Publika.az portalının redaktoru Səlim Əzizoğlu, İzvestiya.az saytının redaktoru Telman Məmmədli “Tərəqqi” medalı ilə təltif ediliblər.
“Fəxri adlar dövlət başçısı tərəfindən verilən böyük qiymətdir”
“Vətənə xidmətə görə” ordeni ilə təltif edilən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə Milli Mətbuatın 140 illik yubileyi ilə bağlı həm paytaxtda, həm də regionlarda silsilə tədbirlər keçirilib.
Onun sözlərinə görə, bu tədbirlərdə milli mətbuatın xalqımızın inkişafında oynadığı rol müzakirə olunub: “Hər bir sərəncamın özü və buna uyğun keçirilən tədbirlərdə yerli icra strukturlarının rəhbərləri də iştirak edirdi. Eyni zamanda, Prezidentin sərəncamı ilə iki yüzə yaxın kütləvi informasiya vasitəsi əməkdaşı ”Əməkdar jurnalist", “Əməkdar mədəniyyət işçisi” adlarına, medal və ordenlərə, fəxri fərmanlara layiq görüldülər. Azərbaycan jurnalistlərinə verilən bu fəxri adlar dövlət başçısı tərəfindən verilən böyük qiymətdir".
Ə.Amaşov Mətbuat Şurası İdarə Heyətinin üzvlərinin Prezident İlham Əliyevlə görüşü barədə danışaraq qeyd edib ki, burada Azərbaycan mətbuatının keçdiyi yola bir daha nəzər salınıb: “Azərbaycan mediasının müasir şəraitdə fəaliyyəti bir daha müzakirə olundu. Burada Azərbaycanın inkişafında medianın rolu ilə bağlı müəyyən fikirlər səsləndirildi. Görüşdə birmənalı qaydada Azərbaycan mediasının bir olması, ölkəmizdə söz və mətbuat azadlığının mövcudluğu vurğulandı və cənab Prezident bildirdi ki, demokratik inkişafı azad mətbuatsız təsəvvür etmək mümkün deyil. Burada o cümlədən mətbuatın hadisələri operativ, qərəzsiz işıqlandırması da gündəmə gəldi. Eyni zamanda, Azərbaycanın ümumilli maraqları baxımından medianın vahid blokdan çıxış etməsi və kütləvi informasiya vasitələri arasında həmrəyliyin mövcud olması və bunun bariz nümunəsi olaraq ilk Avropa Oyunlarında Azərbaycan jurnalistikasının üzərinə düşən missiyanı layiqincə yerinə yetirməsi jurnalistlərin peşəkarlığı ilə yanaşı, vətənpərvərliyinin də gündəmə gəlməsi kimi məsələlərdə də öz təsdiqini tapdı.
Həmçinin görüşdə yazılı media ilə yanaşı, internet resurslarının cəmiyyətin inkişafındakı rolu gündəmə gəldi. İndi informasiya əsridir və belə bir zamanda onlayn jurnalistika daha mühüm rol oynayır. Belə bir məqamda məhz onlayn jurnalistikaya qayğının artırılması, ənənəvi mediaya göstərilən diqqətin onlayn mediaya da şamil edilə bilməsi kimi məsələlər də müzakirə olunub. Eyni zamanda, Azərbaycanın imicinin xarici ölkələrdə formalaşması, ölkəmizin, xüsusən Dağlıq Qarabağ həqiqətlərinin yayılması, erməni lobbisinin Azərbaycana qarşı həyata keçirdiyi təbliğat kampaniyası ilə bağlı informasiyaların ifşa olunması və sair bu kimi məsələlər görüşdə müzakirə olundu. O cümlədən jurnalist kadrların hazırlanması ilə bağlı hansı resurslardan istifadə olunması, Azərbaycanın xaricdə imicinin formalaşdırılması üçün bir neçə xarici dil bilən jurnalistlərlə bağlı məsələlər gündəmə gəldi".
Dövlət başçısının sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adı qazanan jurnalistlər bununla bağlı fikirlərini bölüşüblər.
“Prezident tənqidi media təmsilçisinin 26 illik xidmətini qiymətləndirdi”
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu bu mükafatın onun üçün önəmli olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, bu, cəmiyyətə, müxalifət düşərgəsinə bir dövlətçilik dərsidir: “26 ilini tənqidi mediaya sərf eləmiş bir baş redaktor dövlətin başında dayanan şəxs tərəfindən mükafatlandırılır və şəxsən təqdim olunur. Mən bu yola çıxanda mükafat gözləmirdim. Biz ölümü gözümüzün qabağına alıb sovetlərə qarşı müstəqil media şəbəkəsi yaratmaq haqqında düşünürdük. Amma proseslərin gedişində müxtəlif mükafatlar almışam. Xarici ölkələrdən də, öz ölkəmdən də mükafat almışam. O cümlədən də Mətbuat Şurasının təsis etdiyi Ali Media mükafatına da 5 il əvvəl layiq görülmüşəm. Bu, eyni zamanda, çox tərbiyəvi əhəmiyyətə malik məsələdir”.
R.Arifoğlu bildirib ki, ömür boyu müxalifət düşərgəsinə xidmət edən adam kimi bir sıra şikayətləri var: “Düşərgəyə aid cəmi bir dənə tənqidi yazı yazanda salamı kəsirlər və yaxud da soyuq münasibət göstərirlər. Məni o baxımdan nümunəvi olaraq görsünlər ki, Azərbaycan Prezidenti tənqidi media təmsilçisinin 26 illik xidmətini qiymətləndirir”.
“Bu həm etimad, həm də məsuliyyətdir”
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət bildirib ki, hər bir jurnalist öz bəhrəsinin əməyini görmək istəyər: “Bu baxımdan fəxri adla təltif olunmağım çox sevindirici haldır. Açığı, bu qədər gözləntim yox idi. Bir qayda olaraq fəxri adlara, təltiflərə meyilli adam deyiləm. Amma bununla belə cənab Prezidentin məni də seçilənlər arasında təltif etməsi çox xoş və sevindirici oldu. Üstəlik düşünürəm ki, bu təltif, sadəcə olaraq, bizim işimizə verilən qiymət deyil, həm də məsuliyyətimizin artması deməkdir. Çünki dövlət başçısı və bu təltifləri uyğun görən şəxslər Azərbaycan dövlətinə xidmət edən insanların ayrıca qiymətləndirilməsinin tərəfdarıdırlar. O cümlədən məni də qiymətləndiriblər. Əlbəttə ki, bu həm etimad, həm də məsuliyyətdir”.
“Qürur hissi keçirdim”
“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev qeyd edib ki, dövlət başçısının sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adı ilə təltif edilməsinə xeyli sevinib: “Qürur hissi keçirdim. Bu adı 17 illik zəhmətimin rəsmi səviyyədə qiymətlədirilməsi kimi qəbul edirəm. Jurnalistika bizim həyat tərzimizidir. Özümüzü bu işə həsr etmişik. Mən bu peşəni çox sevirəm. Həmişə də vicdanlı, peşəkar olmağa, dövlətimizin maraqlarını nəzərə almağa çalışmışam. Nə gözəldir ki, bu zəhmətkeşliyimiz dövlət səviyyəsində qiymətləndirilib. Bu etimad bizim daha da məsuliyyətli olmağımıza, işimizi daha çox sevməyimizə səbəb olacaq”.
“Daha da gücləndirəcəyik”
1905.az portalının direktoru Fuad Babayev bildirib ki, sevincinin həddi-hüdudu yoxdur: “Cənab İlham Əliyevin sərəncamı ilə bir sıra dəyərli həmkarlarımla birlikdə mənə də ”Əməkdar jurnalist" fəxri adının verilməsi həyatımın ən əhəmiyyətli hadisələrindəndir. Milli mətbuatımızın 140 illiyi ərəfəsində bu sevinci yaşadığıma görə dövlətimizin başçısına minnətdaram.
Çox sevinirəm ki, uzun illərdən bəri Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasında çalışıram. Və çalışacağam ki, Assosiasiyamızın 1905.az portalı daha da güclənsin. Bütün həmkarlarımı ürəkdən təbrik edirəm".
Prezident İlham Əliyevin sərəncamı ilə bir qrup media nümayəndəsi isə “Tərəqqi” medalı ilə təltif edilib.
“Tərəqqi”çilər də sevinclərini bölüşüblər.
“Çox xoşbəxtəm”
Gün.az saytının əməkdaşı Kamil Həmidov 27 illik zəhmətinin qiymətləndirildiyinə görə, Prezident İlham Əliyevə dərin minnətdarlığını və təşəkkürünü bildirib: “İnanın ki, çox sevincliyəm, xoşbəxtəm. Əgər insanın əməyi, zəhməti yerdə qalmırsa və qiymətləndirilirsə, bundan böyük sevinc, xoşbəxtlik nə ola bilər ki?! Ona görə bu anlarımı, hisslərimi ifadə etməkdə çətinlik çəkirəm, söz tapmıram deməyə... Bir daha minnətdarlığımı və təşəkkürlərimi bildirirəm!”
“Üzərimə daha böyük məsuliyyət qoyuldu”
“Mövqe” qəzetinin əməkdaşı Zülfiyyə Quliyeva bu sərəncamda adını görəndə hansı hissi keçirdiyini sözlə ifadə etməkdə çətinlik çəkdiyini deyir: “Tədbirdən yenicə evə çatmışdım ki, telefonuma təbrik zəngləri gəlməyə başladı. Cənab Prezidentin biz jurnalistləri məhz peşə bayramı ərəfəsi təltif etməsi şəxsən mənim bayramıma bayram qatdı. Məni ”Tərəqqi" medalı ilə təltif etdiyinə görə Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. KİV əməkdaşlarının təltif olunması bir daha ölkə başçısının mediaya diqqətindən, qayğısından xəbər verdi. Mətbuata dövlət qayğısı, jurnalistlərə bu cür diqqətin məhz Prezidentimiz tərəfindən göstərilməsi, doğrudan da, bizləri sevindirdi. Jurnalistika mənim sevərək çalışdığım və özümə məslək seçdiyim əbədi işimdir. Daim operativlik, çeviklik tələb edən bu peşədə şərəflə çalışmaq, dövlətçilik və milli maraqları, vətəndaş mövqeyimi heç vaxt unutmamaq əsas prinsipim olub. Cənab Prezidentin bu mükafatı isə üzərimə daha böyük bir məsuliyyət qoydu. Ölkə başçısına minnətdaram! Təltif olunan həmkarlarıma isə uğurlar, nailiyyətlər arzulayıram".
“Etimadı doğruldacağam”
“Palitra” qəzetinin əməkdaşı Fuad Hüseynzadə bildirib ki, Prezident İlham Əliyev tərəfindən verilən sərəncamla təltif olunmaq çox böyük sevincdir: “Sanki illərlə damla-damla yığılan sevinc hissini yaşayırsan. Sevinirəm ki, bu vaxta kimi jurnalistika fəaliyyətimdə ən yüksək mükafata layiq görülmüşəm. Cənab Prezidentə buna görə təşəkkür edirəm. Bu təltif dövlət başçısının əməyimə verdiyi əvəzedilməz qiymətdir, həmçinin göstərilən etimaddır. Bu etimadı doğrultmağa çalışacağam”.
“Əziyyətimin hədər getmədiyini gördüm”
“Report” İnformasiya Agentliyinin redaktoru İmdad Əlizadə deyib ki, jurnalistin əməyinin dövlət tərəfindən qiymətləndirilməsi çox böyük işdir, gözəl addımdır: “Bəzən elə vaxtlar olub ki, çəkdiyim əziyyətin nəticəsinin necə olacağı məndə müəyyən suallar, tərəddüdlər yaradıb. Amma adımı təltif olunanlar siyahısında görəndə bu narahatlığa əsas olmadığını, əziyyətimin hədər getmədiyini gördüm. Jurnalist kimi fəaliyyətim dövründə bu ada layiq olmağa çalışacağam. Hesab edirəm ki, təltif olunmaq bir insanın əməyinə verilən qiymətdir, dəyərdir. Mənim əməyimin belə qiymətləndirilməsi mənə əlavə stimul verir”.
“Kiçik əməyimə verilən böyük qiymətdir”
“Şərq qapısı” qəzetinin şöbə müdiri, Naxçıvan Mətbuat Şurası idarə heyətinin üzvü Sara Əzimova bildirib ki, həmkarları kimi onun da sevincinin həddi-hüdudu yoxdur: “Kiçik əməyimə verilən böyük qiymətdir. Bu gün ölkəmizdə və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında mətbuat işçilərinə, jurnalist əməyinə diqqət və qayğı yüksək səviyyədədir. Mən 10 ildən artıqdır ki, Naxçıvanda nəşr olunan ”Şərq qapısı" qəzetində fəaliyyət göstərirəm. Bir gənc jurnalist kimi öz üzərimdə daim mənəvi dəstək hiss eləmişəm. Elə bu ilin mart ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun imzaladığı sərəncam ilə “Naxçıvan Muxtar Respublikasına xidmətlərinə görə” nişanı ilə təltif olundum. İyulun 20-də isə cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Tərəqqi” medalına layiq görüldüm. Bir yaradıcı insan üçün bundan böyük xoşbəxtlik ola bilməz. Ölkəmizdə mətbuat işçilərinin, xüsusilə, gənc jurnalistlərin fəaliyyəti üçün yaradılan şəraitə, göstərilən hərtərəfli diqqətə görə Prezidentimizə minnətdarlığımı bildirirəm. Təbii ki, bundan sonra üzərimə böyük məsuliyyət düşür".
“Ömrüm boyu Azərbaycan adının enerjisi ilə yaşamışam”
Bakuinfo.az saytının baş redaktoru Əvəz Qurbanlı 15 illik jurnalist fəaliyyətində ilk dəfə olaraq rəsmi səviyyədə belə yüksək mükafata layiq görüldüyünü deyib: “Əlbəttə, belə bir qiymət hər bir jurnalistin qarşısına dövlət tərəfindən böyük məsuliyyət qoyur. Ona görə də aldığım mükafatın sevincini yaşamaqla bərabər, çiynimə qoyulmuş etimad yükünün ağırlığını da hiss edirəm.
Mətbuatı hər zaman strateji mövqelərimizi qoruyan bir səngər olaraq düşünmüşəm. Təkcə qələm adamı kimi deyil, bir vətəndaş kimi, Azərbaycan dövlətinin, Azərbaycan dövlətçiliyinin maraqları istənilən halda şəxsi maraqlarımın fövqündə dayanıb. İstər bədii, istərsə də publisistik yaradıcılığımın əsas hədəfi - Vətənim Azərbaycana təmənnasız xidmət olub. Ömrüm boyu Azərbaycan adının enerjisi ilə yaşamışam".
“12 illik zəhmətimin bəhrəsidir”
“Şərq” qəzetinin redaktoru Anar Bayramoğlu “Tərəqqi” medalı ilə təltif etdiyinə görə ölkə başçısı cənab İlham Əliyevə təşəkkürünü bildirib: “Dövlətimin ali mükafatlarından birinə layiq görülmək gözəl hissdir. Bu həm də ölkə rəhbərliyinin mətbuata, jurnalistlərimizə diqqət və qayğısının nəticəsidir. Bu mükafat 12 illik zəhmətimin bəhrəsidir. Milli Mətbuatın 140 illiyi münasibətilə bütün həmkarlarımı təbrik edirəm”.
“Qələbə soraqlı xəbərlər arzu edirəm”
İTV-nin Qarabağ bölgəsi üzrə müxbiri Şöhrət Eyvazov təltif olunması xəbərini həmkarlarından eşitdiyini söyləyib:
“Prezidentin imzası ilə ”Tərəqqi" medalı ilə təltif olunmağım xoş hisslər yaratdı. Bölgədə fəaliyyət göstərdiyimizə baxmayaraq unudulmamağımız isə ikiqat sevinc yaşatdı mənə. Mediaya göstərdiyi qayğıya görə dövlət başçısına özüm və ailə üzvlərim adına təşəkkür edirəm. Özümə və bütün həmkarıma isə qələbə soraqlı xəbərlər arzu edirəm. Qələmləri kəsərli, imzaları yaddaqalan olsun".
“Çoxdandı belə sevinməmişdim”
Bakı Dövlət Universitetinin Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova isə deyib ki, bu xoş xəbəri ona jurnalist dostlarından biri zəng edib deyib: “Onda bildim ki, Prezidentin sərəncamına əsasən, Milli Mətbuatımızın 140 illik yubileyi münasibətilə təltif olunanlar sırasında mən də varam. Düzü, nə ilə təltif olunduğumu bilmirdim. Bu, həyəcanımı xeyli artırdı. Sonradan adımı ”Tərəqqi" medalı alanlar arasında görüb çox sevindim. Bunu tək özümün yox, illərdən bəri fəaliyyət göstərdiyim doğma Bakı Dövlət Universitetimizin də uğuru hesab edirəm. Universitetdən əvvəl çalışdığım mətbuat orqanları mənim jurnalist fəaliyyətimin ilk addımları idisə, Bakı Dövlət Universitetinin peşəkar yaradıcılığımda əvəzsiz rolu oldu. Adamlar mənə zəng etdikcə, elə bil hamı ilə təzədən tanış olurdum. Onların xoş sözlərini öz sevinc hissimə qatıb həyatın nə qədər gözəl olduğu bir daha anladım. Həyat o zaman gözəl olur ki, insana, sənətə, yaradıcılığa dəyər verilir və bu günə kimi çəkdiyin əziyyətlərin boş bir şey olmadığını anlayırsan. Çox gözəl hissdir. Çoxdandı belə sevinməmişdim. Bu sevinc hissi bizə - doğmalarıma, yaxınlarıma, övladlarıma yaşadığına görə cənab Prezident İlham Əliyevə sonsuz təşəkkürümü bildirirəm".
“Bu, Prezidentin sözə, mediaya, jurnalistikaya verdiyi dəyərdir”
İTV-nin İnformasiya və ictimai-siyasi proqramlar departamentinin direktor müavini Anar Yusifoğlu bildirib ki, fəaliyyətimə ölkənin birinci şəxsi səviyyəsində qiymət verilməsi, hər bir vətəndaş kimi onun üçün də qürur, eyni zamanda, böyük məsuliyyətdir: “Bundan sonra da Azərbaycan mediasının inkişafı və dövlətçilik maraqlarımızın qorunması üçün üzərimə düşən vəzifəni yerinə yetirməyə çalışacağam. Prezidentin Sərəncamı ilə təltif olunmaq çox xoşdur, qiymətlidir, qürurvericidir. Dəyərləndirildiyini hiss etməkdən gözəl duyğu yoxdur. Buna görə, cənab Prezidentə, namizədliyimi təqdim edən və dəstəkləyən hər kəsə minnətdaram! Təltif olunan həmkarlarımı da təbrik edir, uğurlar arzulayıram. Digər layiqli, peşəkar həmkarlarıma da bu sevinci yaşamağı arzu edirəm”.
A.Yusifoğlu deyib ki, azad söz, fikir və mətbuat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin fəaliyyəti və inkişafı üçün münbit şəraitin yaradılması demokratiyanın əsas meyarlarından biridir: “Bu mənada Azərbaycanda demokratikləşmə istiqamətində həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissəsi kimi mətbuat azadlığı, eləcə də mətbuatın inkişafı üçün bir sıra zəruri addımlar atılır. Prezident İlham Əliyevin milli mətbuatın 140 illiyi ilə bağlı imzaladığı Sərəncam sözügedən addımlardan sayıla bilər. Qeyd edək ki, bu gün dünyanın heç bir yerində dövlət mətbuata birbaşa yardım etmir və hansısa qəzetin mətbəəyə olan borcunu ödəmir. Bu mənada Azərbaycan hakimiyyəti bir sıra qəzetlərin yaranmış borcunu ödəmək, media təmsilçilərini fəxri adlar və müxtəlif mükafatlara layiq görməklə həm də mətbuat tarixində yeniliyə imza atır”.
BƏXTİYAR